Bojan İliç: “Uduzmağı xoşlamıram" (HET-TRİK, 15.03.2006)

single-news
15 Mar 2006

Bojan İliç: “Uduzmağı xoşlamıram" (HET-TRİK, 15.03.2006)



"Bakı"ya məğlubiyyət "Qarabağ"ın futbolçularından bəlkə də ən çox Bojan İliçə təsir etmişdi. Göz yaşlarını saxlaya bilməyən serbiyalı oyunçu hirsindən Ağdam komandasının uduzmasına səbəb olan baş hakim Babək Quliyevi söyməyi də özünə rəva görürdü. İliçə zəng vurduq və bilmək istədik ki, FİFA referisini "Qarabağ"ın məğlubiyyətində nə dərəcədə günahkar sayır. Son iki gün ərzində İliçin həyatında nəyin dəyişdiyini deyə bilmərik, amma fikirləri büsbütün dəyişmişdi. Bojan Babək Quliyevə heç bir irad bildirmədi. Görünür, serbiyalı futbolçunu klubda kifayət qədər təlimatlandırıblar. Bu haqda başqa yazıda danışarıq. İndi hörmət əlaməti olaraq, İliçini fikirlərini nəzərinizə çatdıraq. Bojan əvvəlcə komandasının son oyunu haqda danışdı: "Məncə, biz "Bakı"ya qarşı yaxşı oynadıq. Bəzi problemlərimiz var idi. Bir neçə futbolçu xəstə olduğundan, komandaya kömək edə bilmirdi. Bəzilərinə isə zədə meydana çıxmağa imkan vermədi. Buna baxmayaraq, oynamaq imkanı əldə edənlərin etimadı doğrultduğunu düşünürəm". İliç məhz bundan sonra and-aman elədi ki, Babək Quliyevdən narazı deyil: "Gəlin referi haqda danışmayaq. Düzü, bunu xoşlamıram. Ümumiyyətlə, hakim haqda düşünmürəm. Yalnız onu fikirləşirəm ki, gərək son dəqiqələrdə qol buraxmayaydıq". Bəs niyə oyundan sonra ağlaya-ağlaya hakimi söyürdü? Narahat olmayın, bunu da soruşduq. Bu da Bojanın cavabı: "Uduzmağı xoşlamıram. Ona görə də ağlamağımı təbii qarşılamaq lazımdır. Yüzfaizlik qələbəni əldən veririksə, necə ağlamayım? Hər halda, qələbəyə inanırdıq. Matçdan əvvəl keçirilən klubun iclasında hamı deyirdi ki, yaxşı oyunçularımız oynamayacaq, amma qalib gəlmək olar".

Paylaş