Boyan İLİÇ “Siz türklər bir az aqressiv və fanatsız" (HET-TRİK, 19.05.2006)

single-news
19 May 2006

Boyan İLİÇ “Siz türklər bir az aqressiv və fanatsız" (HET-TRİK, 19.05.2006)



LEGİONER Ölkəmizdə ən çox legioner Serbiya və Çernaqoriyadandır. Maraqlıdır ki, AÇ-2008-in seçmə mərhələsində yığmamızın rəqibi olan bu Balkan diyarının güclülər dəstəsində 14 təmsilçisi var. Onlardan biri də "Qarabağ"da oynayan Boyan İliçdir. Komandanın heyətinə qışda təşrif buyuran serb, ilk günlərdə əsas heyətdə möhkəmlənməyi bacarıb. "Qarabağ"ın ikinci dövrədə uğurlu çıxışında o, cümlədən kubokun finalına çıxmasında onun da rolu var. Azərbaycana ilk gəldiyi vaxtlarda "H-T"-ə müsahibə verən Boyan srağagün yenə suallarımızı cavablandırmaqdan imtina etmədi. Budəfəki müsahibə daha maraqlı oldu. Çünki onun haqda artıq müəyyən məlumatımız var idi. - "Qarabağ"a gəlişin necə alındı? - "Qarabağ"dan təklif gəlməmişdən öncə işsiz idim, heç bir klubla da müqaviləm yox idi. Elə bu vaxt Azərbaycanda oynamaq şansı ortaya çıxdı. Təklif göndərdilər, gəldim, bəyəndim və razı oldum. Razılıq əldə edildikdən sonra mənə müəyyən dəvətlər gəldi. Amma mən artıq "Qarabağ"da idim. İndi "Qarabağ"dayam və heç bir problemim yoxdur. - Əvvəllər hansı klublarda çıxış etmisən? - Bir çox ölkələrin çempionatlarında top qovmuşam. Bu ölkələrin içərisində Yunanıstan, Macarıstan, Malta, Sloveniya kimi ölkələr də var. - Futbola hansı klubla başlamısan? - Karyerama vətənimdə başlamışam. Onda 15 yaşım var idi. İlk klubum isə "Voyvodina"dır. - Yaşın çox olmasa da, buna rəğmən bir çox klubda çıxış etmisən. Bunu nə ilə izah edərdin… - Bəli, elədir. Amma onu da deyim ki, elə də gənc deyiləm, 27 yaşım var. Sadəcə 18 yaşımdan etibarən legioner həyatı yaşayıram. _______________________________________________________________________________________ Legioner həyatı yaşadığım ölkələrin birində (burada Boyan özü ölkənin adını çəkmək istəmədi - F.O.) oynadığım vaxtlarda matçdan sonra diskotekaya getdik. Yaxşıca əylənirdik. Bir də gördüm mühafizə xidmətinin iki əməkdaşı çox içkili vəziyyətdə olan bir nəfərin qolundan tutub çölə çıxarır. Üzünə baxanda onu tanıdım. Bu, İngiltərə millisinin və "M.Y."nin futbolçusu Pol Skoulz idi. ________________________________________________________________________________________ - Serbiyada futbolçular arasında belə bir fikir formalaşıb ki, hər bir güclü oyunçu ya "Srvena Zvezda"nın, ya da "Partizan"ın şərəfini qorumalıdır. Buna münasibətin? - Heç vaxt bu fikrə düşməmişəm. Bu, elə də əhəmiyyətli deyil. Əsas odur ki, oynayasan - yaxşı oynayasan. - Gəlməmişdən əvvəl Azərbaycan futbolu haqda hansı bilgilərə malik idin? - Elə də çox bilgim yox idi. Amma avrokuboklardakı çıxışından "Neftçi"ni tanıyırdım. UEFA kubokunda "Srvena Zvezda" ilə oyunlar, Çempionlar Liqasında "Şirokiy Briyeq"lə qarşılaşmalar haqda məlumatım var. Amma yenə də deyirəm: o qədər də çox məlumatlı deyiləm. - Bəs yığma? Serblərlə bizimkilərin oyunlarını xatırlayırsan? - Yığmanız normal oynayır. Ümumiyyətlə, sizin yığmanız sürətli və aqressiv futbola üstünlük verir. Həmin oyunları izləmişəm və çox maraqlı oyunlar alınmışdı. Təbrik edirəm, yığmanız o vaxt gözəl oyun sərgiləmişdi. - Avropa futbolu ilə Azərbaycan futbolu arasında fərq çoxdur? - Yox. Düzünü desəm, əvvəl elə bilirdim ki, səviyyə fərqi olduqca çoxdur. Amma bura gələndən sonra fikrimdə yanıldığımı aşkar etdim. Sizin səviyyəniz Avropanın səviyyəsindən çox da aşağı deyil. Amma fərq təbii ki, var. - "Qarabağ"da hansı oyunçu ilə münasibətin daha yaxşıdır? - "Qarabağ"da tək oyunçularla deyil, bütün kollektivlə münasibətlərim yaxşıdır və heç bir problemim yoxdur. Fərq qoymaq istəmirəm. Doğrudan da hamısıyla yaxşı münasibətim var. - Səncə, Azərbaycanda hansı futbolçular Avropa klublarında top qova bilər? Məsələn sənin vətənində… - Düzünü desəm, sizdə belə oyunçular yetərincədir. Elə götürək mənim komanda yoldaşım Aslanı (Aslan Kərimov), Rəşad Sadıqovu, Zaur Tağızadəni, Ceyhun Sultanovu da bu siyahıdan silmək olmaz. Hələ xatırlamadığım futbolçular da var. - Tanınmış həmvətənlilərindən kimlərlə münasibətin var? - O qədər də çox deyil. Amma olanlar da var. Məsələn, "Napoli"nin qapıçısı Abramov və "Ankaraspor"un oyunçusu Radoslav Batakın adını çəkə bilərəm. - Yerli və ya xarici klublardan təklif olub? - Başqa klublardan təklif olub-olmaması məni elə də maraqlandırmır. Məni əsas indi "Qarabağ"dakı mövqeyim maraqlandırır. Məhz buna görə də bütün fikrimi bura cəmləmişəm. Başqa təkliflər haqqında heç nə soruşmayın. - Necə fikirləşirsən, gələn il səni "Qarabağ"ın heyətində görə biləcəyikmi? - "Qarabağ"da qalıb-qalmayacağım məndən çox rəhbərlikdən asılıdır. Rəhbərlik razı olarsa, məmnuniyyətlə qalardım. Mən tərəfdən heç bir problem yoxdur. - Azərbaycan kubokunun finalı haqqında nə düşünürsən? "Karvan" çempion olsa, "Qarabağ" birbaşa UEFA kubokuna vəsiqə qazanmış olacaq. Bunun oyuna təsiri olacaq? - Biz bu haqda heç bir şey düşünmürük. Bizim əsas hədəfimiz qələbə qazanıb kuboku başımız üzərinə qaldırmaqdır. Biz heç də zəif deyilik. Baxın, kimləri kubokdan kənar etmişik. Nəticələr göz qabağındadır və bu, "Qarabağ"ın gücündən xəbər verir. Nə olur-olsun biz çıxıb mübarizə aparacağıq. Əminəm ki, qalib gələn tərəf biz olacağıq. - "Bakı" ilə çempionat oyunundan sonra ağlayırdın. Səbəb nə idi? - Hə, doğrudan da ağlayırdım. Amma bu, kədərdən olmamışdı. Həmin epizodda hakim səhvə yol vermişdi və bunun nəticəsində qol buraxıb uduzduq. Buna görə də əsəbiləşdim. Hirsimdən özümü saxlaya bilmədim. - Azərbaycana gələn əksər legionerlər yerli stadionlardan narazıdırlar. Sizin bu haqda fikirləriniz? - Yox. Mən deməzdim ki, sizin stadionlar çox bərbaddır. Elə də pis vəziyyətdə deyil. Məsələn, Tofiq Bəhramov adına Respublika stadionu, "Şəfa" və təbii ki, "Qarabağ"ın öz arenası çox xoşuma gəlir. "Gəncə"nin də, "Xəzər-Lənkəran"ın da stadionları yaxşı vəziyyətdədir. - Sən bilirsən ki, "Qarabağ" bizim… - (sözümü kəsir). Hə. Mən elə bilirdim ki, siz bu haqda məndən soruşacaqsız. Bilirsiz necədir, nə Azərbaycan, nə də Ermənistan mənim vətənim deyil. Bilirsiz ki, eyni problem bizdə də mövcuddur. Bu baxımdan bizim ölkələr çox yaxındır. Amma bizdə sizin kimi hər şeyə aqressiv, emosional yanaşmırlar. Ümumiyyətlə, siz türklər bir az aqressiv və fanatsız. Biz məsələn düşmənlə oynayanda (futbol, voleybol, basketbol və s.) o qədər də emosionallıq hiss olunmur. Amma siz Ermənistanla oyunöncəsi artıq bunu hiss etdirmisiz.

Paylaş