Boyan İLİÇ“Tarix yazmaq istəyirik" (het-trik, 26.07.2006)

single-news
26 İyl 2006

Boyan İLİÇ“Tarix yazmaq istəyirik" (het-trik, 26.07.2006)



Sabah "Qarabağ" "Zimbru" ilə cavab matçına çıxır. İlk görüşdə komanda qollu bərabərliyə nail olub ki, bu da növbəti mərhələyə adlamaq şansı verir. Kişinyovdakı görüşdə həmyerlilərimiz hesabda önə çıxsalar da, meydan sahibləri cərimə zərbəsindən hesabı bərabərləşdirdilər. Buna qədər qaydanı isə Boyan İliç pozmuşdu. Görək o ikinci oyun haqda nə düşünür. - 2 həftə Türkiyədə təlim-məşq toplanışında olduq. Çox ciddi hazırlaşırdıq. Hər şeyə məsuliyyətlə yanaşdıq. Elə bu məsuliyyət də çətin səfərdən xalla, özü də bizi qane edən qollu bərabərliklə dönməyimizə şərait yaratdı. - 1:1 hesabı sizi tam qane edir? - Təbii ki, istənilən halda qələbə heç-heçədən daha yaxşı nəticədir. Bununla belə, 1:1 yetərlidir. Əsas odur ki, uduzmadıq. Məğlub olsaydıq, şanslarımız bir az azalacaq idi. Nə hesabda, nə də ki, ayrı-ayrı oyun keyfiyyətlərində onlardan geri qaldıq. Xarakter göstərdik, oyun boyu rəqibi təzyiq altında saxlaya bildik. Rəqib yalnız cərimə zərbəsindən sonra fərqlənə bildi. - O qol çox müzakirə olunur. Həmin epizodda top kimin ayağına yazılmalı idi? - Avtoqol olub-olmadığını dəqiq bilmirəm. Ən sadəsi ona görə ki, mən canlı səddə durmuşdum. Top Petrosyanın ötürüləndə irəli qaçdım. O isə topu çəkib sağa yönəldi. Sonra zərbə vurdu. Yalnız topun qapıya girməsini gördüm. - Yeri gəlmişkən, cərimə zərbəsi sənin qaydanı pozmandan sonra təyin edildi… - Elədir. Buna görə özümü günahkar saymıram. Çünki, orada cərimə yox idi. Bunu sənə dəqiq deyirəm. Demirəm ki, hakim rəqibə işləyirdi. Amma bəzi epizodlarda tərəfkeşliyi hiss olunurdu. Matçın sonlarında "Zimbru"nun futbolçularına toxunmaq mümkün deyildi. Referi dərhal oyunu dayandırırdı. Bir maraqlı faktı da yada salım ki, hakimlər Serbiyadan idi (gülür). - Amma sənə heç kömək etmədilər… - Kömək etməyi bir yana, hətta sarı vərəqə də göstərdi (gülür). - İndi ikinci qarşılaşmadan əvvəl durumunuz necədir? - Yenə də ciddi hazırlaşırıq. Moldovaya nəticə dalınca getmişdik. Deyəsən, sərfəli hesab əldə edə bilmişik. Hamı məşqçiyə inanır. Məncə, o bizi oyuna tam hazırlaya biləcək. Tarix yazmaq istəyirik. - "Qarabağ" "Zimbru"nu adlasa doğrudan da tarix yazacaq. Hələ ki, heç bir Azərbaycan klubu UEFA kubokunda mərhələ adlamayıb… - Bunu bilirəm. Matça əlavə motivasiya ilə çıxacağıq. Bu fakt özü bizim üçün ən böyük stimul olmalıdır. Çox işləsək, əlimizdən gələni etsək mərhələ keçməyə qadirik. Ümid edirəm ki, azarkeşlər də bizi tək qoymayacaqlar. Onlar bizim 12-ci oyunçumuzdur. Hamını stadiona çağırıram. - "Şəfa"da 0:0-a oynayacaqsız? - Çətin sualdır. Bilirsən, ilk baxışdan bu, daha asan işdir. Amma təsəvvür elə, birdən qol buraxıq. Necə olacaq? Bütün zəhmətimiz hədər gedə bilər. Ona görə qol da vurmağa çalışacağıq. Düzdür, əsas məqsəd qapının toxunulmazlığını qorumaqdır. - Bu, çox çətin olacaq. Axı komandanın əsas müdafiəçilərindən sayılan Sergey Sokolovun oynaması sual altındadır… - Hə, doğrudan da onun yoxluğu sual altındadır. Bir-birimizi yaxşı başa düşürük. Sergey çox ağıllı və soyuqqanlı müdafiəçidir. Təki meydana çıxsın, olmasa da gərək yerini dolduraq. - Söz verirsiniz ki, mərhələni adlayacaqsınız? - Necə söz vermək olar? Bu, futboldur. Biz düz yoldayıq, meydanda hər şey edəcəyik. Ümid edirəm ki, ikinci mərhələyə biz adlayacağıq. "Qarabağ"ın mərhələ keçməsi Azərbaycan futbolunun nüfuzu üçün yaxşıdır. İkinci mərhələyə keçsək, ola bilər ki, Almaniya, İtaliya və ya Fransa klubları ilə görüşək. Bu ölkənin reklam etməkdir. - Səndən Serbiya millisinin yeni məşqçisi Xavyer Klemente haqda da soruşmaq istəyirəm. Onun təyinatını necə dəyərləndirirsən? - Əla. Klemente dünya səviyyəli mütəxəssisdir. Vaxtilə İspaniya kimi mükəmməl kollektivi çalışdırıb. Bu təyinat onun göstəricisidir ki, federasiyaya ciddi insanlar yığılıb. Onlar ciddi işlə məşğul olur. - Bu fakt bizim üçün də çox maraqlıdır. Çünki Klementenin ilk rəsmi matçı məhz Azərbaycanla olacaq… - Sənə bir şey deyim: Serbiyada Azərbaycanı, onun futbolunu çox yaxşı tanıyırlar. Məncə, bu dəfə komandamız daha şanslıdır. Buna futbolçuların yüksək əhval-ruhiyyədə çıxmasının da təsiri olacaq. Axı nəhayət ki, öz himnimiz, öz bayrağımız üçün mübarizə aparacağıq. Bunu çoxdan arzulayırdıq. Serbiya üçün oynamaq, daha hansısa Serbiya və Çernoqoriya və ya Yuqoslaviya üçün yox. Hətta görüşün azarkeşsiz keçməsinin də böyük rol oynamayacağını düşünürəm. Belqrad-da payız axşamları sərin, gözəl keçir. Azarkeşsiz də udmaq olar.

Paylaş

// pop up