BÖYÜKAĞA AĞAYEV: "AZARKEŞLƏRİMİZİ SEVİNDİRMƏK ÜÇÜN HƏR ŞEY EDƏCƏYİK ! "

single-news
24 İyl 2006

BÖYÜKAĞA AĞAYEV: "AZARKEŞLƏRİMİZİ SEVİNDİRMƏK ÜÇÜN HƏR ŞEY EDƏCƏYİK ! "



"Qarabağ" Futbol Klubunun Baş Məşqçisi Böyükağa Ağayev "ANS ÇM" radiosinin "Turdan sonra" verilişinin qonağı oldu. Verilişdə verilən suallar və cavabların maraqlılığını nəzərə alıb sayt ziyarətçilərimizin diqqətinə çatdırırıq: - Böyükağa müəllim, UEFA Kubokunda mərhələ keçməklə öz karyeranızda daha bir uğurlu səhifə yaza bilərsiniz. Sizcə, buna nail ola biləcəksinizmi? - Azərbaycan klubları arasında UEFA mərhələ keçməklə bir yeniliyin ilkinə imza atmaq üçün yaxşı şansımız var. Bunu istədiyimizi demək məncə, yersizdir. Sadəcə işləməklə buna nail olacağımıza inanıram. - Rəqib Moldova klubudur ki, son dövrlər "Moldova Sindromu" deyilən bir termin də futbolumuzda meydana gəlib. Sizcə, bu sindromu sındıra biləcəyikmi? - Mən deməzdim ki, bu sindromdur. Moldova futbolu ilə bizim futbolu müqayisə etdikdə, onların infrastrukturu daha çox inkşaf edib. Bundan başqa Dünya reytinq sıralamasında da Moldova 77-ci, biz isə təəssüf ki, 109-cu yerdəyik. Burada sindromdan danışmaqdansa, futbol oynayıb, rəqibə futbolla cavab vermək lazımdır. - Sadəcə, həm milli səviyyəsində, həm də klublarımız səviyyəsində rəqibi məğlub edə bilməməyimizi nəzərdə tuturdum... - Elədir, iki klubumuz Moldova klubları ilə mübarizədən məğlub ayrılıb. Buna görə əlbətdə çox təəssüflənirəm. Amma komandama inamım böyükdür.Biz "Zimbru"dan zəif deyilik. - Komandadakı son durum necədir? - Komandamda ən əsası daxili əhval - ruhiyyə yüksəkdir. Bu məni sevindirir. Amma zədə problemimiz var ki, onu da oyuna qədər həll etməyə çalışırıq. Azər Məmmədovun, Sergey Sokolovun, Hakan Dəmirin iki gün öncə "Turan"la yoldaşlıq oyununda əzələlərinin dartması məni narahat edir.Oyuna qədər bu futbolçulardan heç olmasa ikisini meydana qaytarmaq üçün həkimlər əlindən gələni əsirgəmirlər. - "Karvan"ı da sizin kimi, çətin oyun gözləyir.O oyuna proqnozunuz necədir? - "Karvan"a da ilk növbədə müvəffəqiyət arzulayıram.Yeni yaranan klub olmalarına baxmayaraq, ilk çempionatda üçüncü, son çempionatda isə ikinci yerə sahib çıxdılar. Onlarında minimal üstünlükdən yararlanması üçün rəqib meydanda qol vurması vacibdir. Hücumçuların bu vəzifənin öhdəsindən gəlməsi durumunda "Karvan"ın da tur keçə biləcəyini düşünürəm. - Sonda "Qarabağ" azarkeşlərinə mesajınız... - Mən komandama güvənirəm və bütün azarkeşləri də komandamıza dəstək olmağa çağırıram. İnanıram ki, həmin gün bütün stadion dolacaq və onlar "Qarabağ"ın 12-ci futbolçusuna çevriləcəklər. Futbolçularım isə hər şey edəcəklər ki, 90 dəqiqənin sonunda hər bir futbol azarkeşimiz sevinclə stadionu tərk etsinlər...

Paylaş