BÖYÜKAĞA AĞAYEV: “ƏSAS MƏQSƏDIM GÖZƏL FUTBOL SƏRGILƏYƏN KOMANDA YARATMAQDIR!”
3 Yan 2006
BÖYÜKAĞA AĞAYEV: “ƏSAS MƏQSƏDIM GÖZƏL FUTBOL SƏRGILƏYƏN KOMANDA YARATMAQDIR!”
"Qarabağ" Futbol Klubu ikinci dövrəyə hazırlıqları,klubun gələcək planları haqqında Baş Məşqçi Böyükağa Ağayevin fikirlərini öyrənib, bəzi məqamlara aydınlıq gətirdik. Buyurun, siz də tanış olun:
-Bildiyiniz kimi, “Qarabağ” FK Baş Məşqçisiz qaldıqdan sonra, müxtəlif namizədləri gözdən keçirdi və sonda seçim siz oldunuz. Siz bu təyinatı necə qarşıladınız?
- Çox müsbət. “Qarabağ” Futbol Klubu mənim üçün doğma klubdur. Bu kluba həmişə yaxşı münasibətim olub və mən sevinirəm ki, bu gün “Qarabağ”dayam. Mən bir məşqçi kimi , ilk beynəlxalq uğuruma bu klubda nail olmuşam. Bu uğuru təkrarlamaq üçün daha bir şans qazandığım üçün sevinirəm.
-İlk təklifi sizə kim etdi?
- Təbii ki, Klub Direktoru Emrah bəy mənə ilk rəsmi müraciət etdi. Dediyim kimi mən də bu təklifi müsbət qarşıladım. Sonra danışıqlar başladı. Klub Prezidenti ilə görüşdən sonra isə bir-birimizi gözəl başa düşəcəyimizə bir daha əmin oldum.
-Təbii ki, rəhbərliklə görüşdə müəyyən öhdəliklər də götürdünüz...
- Əlbətdə Prezidentlə görüşdə Prezident qarşısında öz təkliflərimi, Klubun gələcəyi haqqında fikirlərimi bildirdim. Rəhbərliklə məqsədimizi bir daha müzakirə etdik.
Bilirsiniz, komandanın ilk dövrədən sonra az xal topladığını mən başa düşüb, məsuliyyətimi də gözəl anlayıram. Bəzi problemlər var ki, bunları da həll etmək üçün əlimizdən gələni edəcəyik.
-Problem dedikdə nəyi nəzərdə tutursunuz?
- Əlbətdə ki futbolçu nəzərdə tuturam. Komanda 9 futbolçusu ilə yollarını ayırmaq qərarı verdi və indi daha səviyyəli futbolçularla heyəti gücləndirmək istəyirik. Amma dövrələr arası bu problemi nə dərəcədə aradan qaldıra biləcəyimizi zaman göstərəcək.
- Siz 99-cu ildə “Qarabağ”la “Makkabi” səddini keçdiniz və ilkə imza atdınız. “Qarabağ”ın həmin dövrdəki şöhrətini qaytara biləcəksinizmi?
-Hər şey üçün vaxt lazımdır.Biz o nəticəni nəinki təkrarlaya, hətta yaxşılaşdıra bilərik. Klub rəhbərliyi bunun üçün bizə hər cür şəraitin yaradılacağını bildirib. Mən isə, bunun qarşılığını verməyə çalışacam.
-Komandanı ikinci dövrəyə hazırlamaq üçün planlarınızı necədir?
-Komanda yanvarın 5-də yığışacaq. Həkim nəzarətindən keçdikdən sonra, yanvarın 6-dan komanda bərpa dövrü keçəcək. Gündəlik bir dəfəlik məşqlər yanvarın 11-dən gündəlik iki dəfə ilə əvəzlənəcək. Elə bu tarixdən də komanda 10 günlük “Gənclik” sanatoriyasına yığışacaq. Yanvarın 21-də komanda Antalyaya yollanacaq. İki həftəlik toplanışda bir neçə yoldaşlıq görüşü keçirərək, komandanın ikinci dövrədə oynayacaq heyətini müəyyənləşdirəcəyik.
-Futbolçu seçimində nəyə üstünlük verəcəksiniz?
-Əsasən perspektiv üçün oyunçu seçimi edəcəyik. Yalnız bu mövsüm komandaya kömək edəbiləcək futbolçulara az üstünlük veriləcək. Çalışacağıq ki, bağlayacağımız müqavilələrin müddəti ən azı 1,5 illik olsun. Səviyyəli yerli futbolçu heyətə qatmaqda çətinliklərlə üzləşəcəyimizi düşünürəm.
-Sonda sizin proqnozunuz. Komanda çempionatın sonunda indiki 9-cu yerdən hansı yerə yüksələcək və kubokda ¼ final uğurunu finalla əvəzləyə biləcəkmi?
-Bunlar haqda yalnız heyəti müəyyənləşdirdikdən sonra danışmaq olar. Mən indi optimal heyət haqqında düşünürəm. Əsas məqsədim gözəl futbol sərgiləyən komanda yaratmaqdır. Buna nail olsaq, nəticə öz-özünə gələcək. Kubokda maksimum nəticə əldə etməyi düşünürük. Çempionatda isə, bacardığımız hər şeyi edəcəyik ki, daha yaxşı pilləni tutaq.
"QARABAĞ" FK MƏTBUAT XİDMƏTİ