Böyükağa AĞAYEV “Olimpik"i yenəcəklərinə inanır (Het Trik, 23.10.2006)

single-news
23 Okt 2006

Böyükağa AĞAYEV “Olimpik"i yenəcəklərinə inanır (Het Trik, 23.10.2006)



Turun mərkəzi oyunu "Karvan" - "Xəzər-Lənkəran" dueli olsa da, "Qarabağ" - "Olimpik" qarşılaşması da az maraq doğurmur. İndi Ağdam təmsilçisi aktivinə 5 oyundan 9 xal topladığı halda, paytaxt klubu "Qarabağ"dan iki matç az keçirib və ondan bir xal az toplayıb. İddialı olmasına baxmayaraq "Olimpik"in məğlub olacağı halda məqsəddən uzaq düşəcəyini əminliklə söyləmək olar. Əgər bu aqibətlə ağdamlılar üzləşərsə, onda komandaya çempionluq yolunda ağır zərbə dəymiş olacaq. Bəlkə də bu səbəbdəndir ki, "Qarabağ" bir qədər rəqibdən ehtiyatlanır. "Rəqibin kimliyindən asılı olmayaraq biz hər oyuna məsuliyyətlə hazırlaşırıq. Bu oyun da istisna deyil. "Olimpik" güclü komandadır. Rəqibə hörmət edirik. Lakin futbolçularımın qələbə qazanacağına inanıram. Bizim üçün hər oyundan 3 xalla ayrılmaq çox önəmlidir". Bu "Qarabağ"ın baş məşqçisi Böyükağa Ağayevin matçöncəsi fikirləridir. Onun kimi, komandanın kapitanı Aslan Kərimov da Əsgər Abdullayevin başçılıq etdiyi kollektivi çətin rəqib sayır: "Oyun çətin keçəcək. Rəqib bu il iddiasını daha da artırmış komandadır. Onların bəzi oyunlarını da izləmişik. Ancaq qalib gəlmək üçün vuruşacağıq". "Gilan" - "Simurq" matçı da maraq doğurur. Bu oyunda elitanın debütantlarından hansı qalib gəlsə turnir cədvəlindəki vəziyyətini bir qədər yaxşılaşdırmış olacaq. Maraq üçün nəzərinizə çatdıraq ki, tərəflər indiyədək uç dəfə üz-üzə gəliblər. Ötən mövsüm birinci dəstədə baş tutan hər iki matçda "Gilan" üstün olub - 1:3, 0:2. Bir neçə ay əvvəl Qaxda keçirilən yoldaşlıq görüşündə isə qolsuz sülh qeydə alınıb.

Paylaş