Böyükağa Ağayev "Qarabağ"ın baş məşqçisi oldu (ÜÇ NÖQTƏ, 04.01.2006)

single-news
4 Yan 2006

Böyükağa Ağayev "Qarabağ"ın baş məşqçisi oldu (ÜÇ NÖQTƏ, 04.01.2006)



Ölkə çempionatının iddialı komandalarından biri "Qarabağ"a yeni baş məşqçi təyin olunub. Məlum olduğu kimi bir müddət öncə Elxan Abdullayevlə yollarını ayıran klubun baş məşqçi postu boş qalmışdı. Klubun mətbuat xidmətindən verilən məlumata görə, bu post təcrübəli mütəxəssis Böyükağa Ağayevə tapşırılıb. Dünən "Qarabağ" klubunun ofisində klub prezidenti yeni baş məşqçiyə xeyir-dua verərək onun bu vəzifənin öhdəsindən layiqincə gələcəyinə inandığını söyləyib. Bununla yanaşı klubun daxili iclasında Yaşar Hüseynov birinci məşqçi, Səttar Əliyev isə məşqçi vəzifəsinə təyin edilib. Əlavə edək ki, Ağdam təmsilçilərinin baş məşqçi postuna namizədlər arasında bir çox yerli və əcnəbi mütəxəssislərin adları hallanırdı. Yeri gəlmişkən, B.Ağayev üçün "Qarabağ" yeni komanda hesab olunmur. 1997-98-ci il mövsümündə mütəxəssis "Qarabağ"a rəhbərlik edib. 1999-cu ildə "Turan"da fəaliyyət göstərən B.Ağayev 2000-ci ildə yenidən "Qarabağ"a dönərək bir müddət burada fəaliyyət göstərib. Bir faktı da qeyd edək ki, "Qarabağ" İntertoto Kubokunda növbəti mərhələyə məhz B.Ağayevin rəhbərliyi altında vəsiqə qazanıb.

Paylaş