Böyükağa Ağayev "Qarabağ"ın yeni baş məşqçisidir (525-Cİ QƏZET, 04.01.2006)

single-news
4 Yan 2006

Böyükağa Ağayev "Qarabağ"ın yeni baş məşqçisidir (525-Cİ QƏZET, 04.01.2006)



Elxan Abdullayevin istefasından sonra baş məşqçi vəzifəsi boş qalan Ağdamın "Qarabağ" klubu dünən yeni çalışdırıcısını təyin etdi. Qeyd edək ki, komandanın uğursuz çıxışına göz yuma bilməyən klub prezidenti Abdulbari Gözəl dekabrın 22-də Elxan Abdullayevlə görüşərək qarşılıqlı razılaşma əsasında onun "Qarabağ"dakı fəaliyyətinə son qoymuşdu. Xatırladaq ki, Elxan Abdullayev "Qarabağ"da təxminən altı aya yaxın müddət çalışmışdı və onun başçılığı altında ağdamlılar ilk dövrəni 14 komanda arasında doqquzuncu yerdə başa vurmuşdular. Abdullayevin istefasından sonra onu bu postda kimin əvəzləyəcəyi böyük maraq doğururdu. Bu vəzifəyə isə yetərincə namizəd var idi. Bunlar arasında Əhməd Ələsgərov, Kazbek Tuayev, Böyükağa Ağayev, Elbrus Abbasov və Fuad Yamanın adı daha çox çəkilirdi. Tuayev hazırda xəstə olduğundan, Ələsgərov bir neçə gün əvvəl "Bakı" ilə müqavilə imzaladığından, Yaman isə çox pul istədiyindən "Qarabağ" adı çəkilən mütəxəssislərlə razılığa gələ bilmədi. Belədə isə ağdamlıların yeni çalışdırıcısı adına daha çox Böyükağa Ağayev namizəd idi və nəticədə dünən proqnozlar özünü doğruldub. Azərbaycanın əməkdar məşqçisi Böyükağa Ağayev bu gündən etibarən "Qarabağ"ın yeni baş məşqçisidir. "Qarabağ" futbol klubunun ofisində klub prezidenti Abdulbari Gözəl baş məşqçiyə xeyir-dua verərək, onun bu vəzifənin öhdəsindən layiqincə gələcəyinə inandığını bildirdi. Bundan sonra klubda daxili iclas keçirilib. Yaşar Hüseynov birinci məşqçi, Səttar Əliyev isə məşqçi vəzifəsinə təsdiqlənib. Xatırladaq ki, "Qarabağ" Böyükağa Hacıyevin rəhbərliyi ilə qitə kuboklarında mərhələ keçən ilk klubumuz kimi tarixə düşüb. 1999-cu ildə səfərdə Hayfa "Makkabi"sini məğlub edən Ağdam təmsilçisi "ev"də rəqibinə uduzsa da növbəti mərhələyə yüksəlmişdi. İkinci mərhələdə isə Fransanın məşhur "Monpelye" klubu komandamızın yolunu kəsmişdi.

Paylaş

// pop up