BÖYÜKAĞA AĞAYEV: "SƏRGİLƏDİYİMİZ OYUN NƏTİCƏ GƏTİRDİ..."
17 İyl 2006
BÖYÜKAĞA AĞAYEV: "SƏRGİLƏDİYİMİZ OYUN NƏTİCƏ GƏTİRDİ..."
"Qarabağ" Futbol Klubu UEFA Kubokunda Azərbaycan Klubları arasında səfərdən xal gətirən ilk komanda kimi tarixə düşdü. Bu nailiyyətdə isə komandanın Baş Məşqçisi Böyükağa Ağayevin xidmətləri danılmazdıq. Qitə kuboklarında komandası ilə 9-cu oyununu keçirən Baş məşqçimiz ən çox xal toplayan məşqçilər arasında da liderdir - 13 xal.
Komandamızın Baş Məşqçisi ilk oyun sonrası fikirlərini bölüşdü:
- Moldovada bizi çox isti qarşıladılar.Komandanın orda qaldığı 5 gün ərzində "Zimbru" rəhbərliyinin bizə etdikləri qonaqpərvərliyə görə onlara öz təşəkkürümü bildirirəm.
- Komandanın sərgilədiyi oyun sizi nə dərəcədə qane etdi?
- Məni oyundan çox nəticə qane etdi. Çünki heyətdə olan aparıcı futbolçuların özlərinin potensialından tam istifadə etdiyini deyə bilmərəm. İnanıram ki, onlar Bakıda öz oyunları ilə lider olduqlarını sübut edəcəklər.
- 27-də komanda cavab oyununa çıxacaq. Siz komandamızdan nə gözləyirsiniz?
- Biz hələ ilk oyunu keçirməmişdən mərhələ keçmək haqqında düşünürdük. İlk oyundakı nəticə məni qane edir və cavab görüşündə mərhələ keçmək üçün bütün imkanlarımızdan istifadə edəcəyik.
- Türkiyədə bir futbolçu ilə komandanı gücləndirdiniz. "Qarabağ"ı komplektləşmiş saymaq olarmı?
- Qoqa Beraya zədələndiyindən onun mövqesində oyunçuya eytiyacımız var. Amma ümumilikdə komandamdan razıyam.
- Komandanın cavab oyununa hazırlıq planı necədir?
- "Qarabağ" bu gündən məşqlərə start verir. Moldovadan şənbə günü qayıtdıq və futbolçulara iki gün istirahət verdim. İlk növbədə cavab oyunu öncəsi futbolçularımı psixoloji hazırlaşdırmalıyam. Ondan sonra isə qalan 10-12 gün ərzində oyun üçün bacarımızı səfərbər edib 27-də azarkeşlərimizi sevindirməliyik...