Böyükhesablı səfər qələbəsi

single-news
11 Apr 2025

Böyükhesablı səfər qələbəsi



“Səbail” - “Qarabağ” 1:4

David Qomis, 72 - Abdullah Zubir, 17; Leandro Andrade, 19, 52, 65

 

“Qarabağ” növbəti oyununu keçirib. Komandamız Misli Premyer Liqasının XXX tur matçında “Səbail”in qonağı olub.

 

Baş məşqçimiz Qurban Qurbanov bu görüşdə aşağıdakı start heyətinə şans verib: 99. Mateus Koxalski, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir (k), 7. Yassin Benzia, 8. Marko Yankoviç, 9. Kadi Borqes, 2. Mateus Silva, 15. Leandro Andrade.

 

“ASCO Arena”da təşkil olunan oyuna sürətli başlayan futbolçularımız ilk dəqiqələrdən qol axtarışında olublar. Ardıcıl hücumlar komandamızın qısa müddət ərzində iki qol vurması ilə nəticələnib. Əvvəlcə 17-ci dəqiqədə Leandro Andradenin cinah ötürməsini Abdullah Zubir dəqiq zərbə ilə tamamlayıb. Cəmi 2 dəqiqə sonra bu dəfə rollar dəyişib, Zubir Andradenin fərqlənməsinə şərait yaradıb. Bundan sonra da nəzarət tamamilə komandamızın tərəfində olub.

 

İkinci hissə eyni ssenaridə keçib. Leandro Andrade məhsuldarlığını fasilədən sonra da davam etdirib. O, daha iki qol vuraraq, qarşılaşmada het-trikə imza atıb. Bu dəfə assist müəllifləri müvafiq olaraq Mateus Silva və Nəriman Axundzadə olublar. Bununla cari mövsüm Premyer Liqada ümumi qol sayını 14-ə çatdıran Leandro bombardirlər yarışında liderliyini daha da möhkəmlədib.

 

Meydan sahibləri sona yaxın qollardan birinin əvəzini çıxıblar. Beləliklə, komandamız 4:1 hesablı səfər qələbəsi qazanıb.

 

Turnir cədvəlinə başçılıq edən “Qarabağ” bu qalibiyyət sayəsində xallarının sayını 73-ə çatdırıb. Komandamız ölkə çempionatında növbəti oyununu aprelin 19-da evdə “Neftçi”yə qarşı keçirəcək.

Paylaş

// pop up