BU GÜN "NEFTÇİ" "QARABAĞ"I QƏBUL EDƏCƏK (525-ci qəzet, 25.04.2006)

single-news
25 Apr 2006

BU GÜN "NEFTÇİ" "QARABAĞ"I QƏBUL EDƏCƏK (525-ci qəzet, 25.04.2006)



Bu gün futbol üzrə ölkə kubokunda yarımfinal mərhələsinə start veriləcək. Lakin bu mərhələnin yalnız bir qarşılaşması - "Neftçi" - "Qarabağ" matçı baş tutacaq. Yarımfinalın başqa bir iştirakçısı "Karvan" isə bu gün istirahət etməli olacaq. Buna səbəb yevlaxlıların rəqibinin hələ də məlum olmamasıdır. Xatırladaq ki, bir müddət əvvəl "MKT-Araz" "Xəzər-Lənkəran"ı mübarizədən kənarlaşdırsa da sonradan imişlilərin üzvü Yevgeni Şimanın sənədinin saxta olduğu üzə çıxdı. Buna görə də Nizam-intizam Komitəsi bu komandaların nəticələrini ləğv etdi. Odur ki, "Xəzər-Lənkəran"la "MKT-Araz" münasibətləri yenidən aydınlaşdırmaq məcburiyyətində qalıblar. Əvvəlki matçlardan fərqli olaraq indiki görüşlərin hər ikisi neytral meydanda - "Şəfa" stadionunda keçiriləcək. "MKT-Araz" artıq bir neçə gündür ki, Sumqayıtdadır. "Dalğa" otelində məskunlaşan İmişli klubu Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təlim-məşq toplanışı keçir. Hələ də Ukraynadan dönməyən Şiman əvvəlki oyunlardan fərqli olaraq bu dəfə "Xəzər-Lənkəran"a qarşı forma geyinməyəcək. İmişli təmsilçisinin Şimandan başqa heyətdə "itki"si yoxdur. Cənub klubu da bu sarıdan əziyyət çəkmir. Dünəndən etibarən lənkəranlılar "Elit" otelində yığılıb. Komandanın məşqləri isə "Şəfa" stadionunda keçirilir. Bundan başqa vurğuladığımız kimi bu gün Tofiq Bəhramov adına Respublika stadionunda 1/2 final mərhələsi çərçivəsində "Neftçi" ilə "Qarabağ" qarşılaşacaq. Klubların hər ikisi ölkə kubokuna iddialıdır. Ağdam klubu isə yalnız kuboku qazanmaqla avrokuboklara vəsiqə ala bilər. Ümumiyyətlə, bu iki komandanın bütün oyunları həmişə böyük maraq doğurub. İndiyədək Ağdam təmsilçisi 4 dəfə ölkə kubokunun finalında oynayıb və bir dəfə həlledici matçda məhz "Neftçi" ilə üz-üzə gəlib. 1996-cı ilə təsadüf edən bu oyunda flaqman rəqibini 3:0 hesabı ilə məğlub edib. Ümumiyyətlə qarabağlılar yalnız bir dəfə ölkə kubokuna sahib çıxa bilib. Ağdam komandasından fərqli olaraq paytaxt klubu 6 dəfə final həyəcanı yaşayıb və yalnız bir dəfə son anda fürsəti əldən verib. İstər "Neftçi", istərsə də "Qarabağ" oyuna ciddi hazırlaşır. Birincilərin heyətində çox vaxt ehtiyatda qalan Ruslan Qafitullinlə yanaşı, komandanın əsas zərbə qüvvəsi sayılan Nadir Nəbiyev zədəli olduğundan meydana çıxmayacaq. Komandanın baş məşqçisi Ağasəlim Mircavadov isə oyuna qələbə qazanmaq üçün çıxacaqlarını deyir. "Qarabağ"da isə mövsümü başa vuran və artıq Rusiyaya yollanan İrakli Berayanı nəzərə almasaq, heyətlə bağlı heç bir problem yoxdur. Komanda dünən "Şəfa"da məşq edib.

Paylaş