BU GÜN ÖLKƏ BİRİNCİLİYİNDƏ NÖVBƏTİ TUR OYNANILIR (525-Cİ QƏZET, 29.04.2006)

single-news
29 Apr 2006

BU GÜN ÖLKƏ BİRİNCİLİYİNDƏ NÖVBƏTİ TUR OYNANILIR (525-Cİ QƏZET, 29.04.2006)



Bu gün futbol üzrə ölkə çempionatında növbəti turun oyunları keçiriləcək. "Xəzər-Lənkəran" - "MKT-Araz" görüşü istisna olmaqla. Belə ki, bu komandalar ölkə kubokunun 1/4 final mərhələsinin cavab görüşü çərçivəsində qarşılaşacaqlar. Turun mərkəzi oyunu Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Burada "Bakı" Tovuz "Turan"ını qəbul edəcək. Ümumiyyətlə, bu komandaların iştirakı ilə keçən qarşılaşmaların prinsipial xarakter daşıdığını vurğulamaq olar. Ötən mövsüm Tovuzda baş verən münaqişədən sonra tərəflər oyuna olduqca prinsipial yanaşırlar. "Bakı"da ab-havanın yüksək olduğunu söyləyə bilərik. Yeni baş məşqçinin gəlişindən sonra ardıcıl dörd qələbəyə sevinən paytaxt təmsilçisi qapısından bir qol belə buraxmayıb. Bu oyunda Rafael Əmirbəyov zədəli olduğundan, meydana çıxmayacaq. Leandro Qomeş də zədəlidir. Lakin çox güman ki, braziliyalı oyunacan bərpa olunacaq. Tovuzlulardan isə hesabında dörd sarı vərəqə olan Hafiz Əliyevlə Aqil Nəbiyev qarşılaşmanı kənardan izləməli olacaq. "Karvan" öz meydanında ikinci dövrənin uğurlu komandalarından olan "Gənclərbirliyi"ni sınağa çəkəcək. Sumqayıt klubu ikinci dövrədə yaxşı oyun göstərsə də iki dəfə məğlub olub ki, bu da çemponluq uğrunda yarışan "Neftçi" və "Bakı" ilə qarşılaşmalarda baş verib. Maraqlıdır, görəsən "Gənclərbirliyi" üçüncü cəhddə qızıl medallar uğrunda yarışan komandaya badalaq vura biləcəkmi? Yalnız qızıl medallar haqda düşündüyündən "Karvan"ı 3 xaldan başqa heç nə qane etmir. Qərb təmsilçisinin heyətində zədəli və ya cəzalı futbolçu yoxdur. Sumqayıt klubunda isə müdafiəçi Ramin Hüseynov dörd sarı vərəqəsi olduğundan, qarşılaşmanı buraxmaq məcburiyyətindədir. Yalnız qələbə sayına görə, "Karvan"dan geri qalan "Neftçi"ni də çətin sınaq gözləyir. Flaqman "Şəfa"da "Olimpik"in qonağı olacaq. Bu klubların birinci dövrədəki oyunu qolsuz heç-heçəylə bitmişdi. Buna görə də Ağasəlim Mircavadovun yetirmələri bu gün qələbə qazanmaqla həm çempionluq yarışından kənarlaşmamağa, həm də ilk dövrədəki xal itkisinin təsadüf olduğunu sübuta yetirməyə çalışacaqlar. "Olimpik"in düşərgəsində heç bir problem yoxdur. Əksinə, cəza müddəti başa çatan Marko Mitroviç heyətə dönüb. Bu sözləri "Neftçi" haqda söyləmək olmaz. Çünki komandanın bir neçə aparıcı oyunçusu zədədən əziyyət çəkir. Həmin futbolçuların hamısı məşqlərə çıxsa da, Aleksandr Çertoqanovla Vadim Boretsin oynaması sual altındadır. Çempionluq iddiasını praktiki olaraq itirən "İnter" Qazaxda "Göyəzən"lə qarşılaşacaq. Məlum səbəblərdən (bu haqda başqa yazıda oxu) paytaxt klubu bu matça istənilən səviyyədə hazırlaşa bilməyib. Ona görə də "İnter"in autsayderi məğlub edəcəyini əminliklə demək olmaz. Bu baş verməyəcəyi halda isə "bankirlər" çempionluqdan sonra medal qazanmaq şansını da itirəcəklər. Qazaxlıların nigeriyalı legioneri Emanuel Olukayodenin səhhəti hələ də yaxşılaşmadığından, o, meydana çıxmayacaq. Qarşı tərəfdə isə heyətlə bağlı elə bir problem yoxdur. Qubada "Şahdağ" "Gəncə" ilə qarşılaşacaq. İkinci dövrədə yalnız məğlubiyyətləri sıralamaqla məşğul olan Qərb klubunun baş məşqçisi Fuad İsmayılov bu matçda uğursuzluğa son qoymaq haqda düşündüklərini deyir. Məşqçinin dediyinə görə, futbolçularda əvvəlki əzmkarlığı görür. Daxili ab-hava da öz qaydasına düşüb. Ona görə də gəncəlilər "Şahdağ"la oyunda xal qazanmaq haqda düşünürlər. Lakin bu işdə onlara Ruslan Sadıqov kömək edə bilməyəcək. Təcrübəli futbolçu son oyunda qırmızı vərəqə aldığından, matçı buraxacaq. İlqar Hüseynov isə zədəli olduğundan, eyni aqibətlə üzləşib. "Şahdağ"dan isə Osman Umarov meydana çıxmayacaq. Buna səbəb isə yeniyetmə qapıçının U-17 ilə İtaliyada keçirilən beynəlxalq turnirə yollanmasıdır. Paytaxtda baş tutacaq daha bir görüş Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda baş tutacaq. Burada "Qarabağ" - MOİK-lə qüvvələr nisbətinə aydınlıq gətirəcək. Çox güman, "Qarabağ"ın baş məşqçisi Böyükağa Ağayev autsayderlə oyunda əvəzedici heyətin bəzi üzvlərinin xidmətindən istifadə edəcək. Çünki bu qarşılaşmadan üç gün sonra Ağdam klubu ölkə kubokunun yarımfinal mərhələsinin cavab oyununda "Neftçi"ni qəbul edəcək. "Ordu klubu"yla matçda zədə alan və ya cəzalanan futbolçu kubok oyununu buraxa bilər ki, bu da ağdamlılar üçün böyük "itki" sayıla bilər. Aslan Kərimovun oynamayacağı isə dəqiqdir. Çünki kapitanın aktivində üç sarı vərəqə var. Növbəti sarı onun "Neftçi"ylə oyuna çıxmasına əngəl olduğundan, baş məşqçi Kərimova istirahət verəcək. "Hərbçilər"ə gəlincə, onların arasında cəzalı və ya zədəli futbolçu yoxdur. Ağdamlılar bu qarşılaşmaya "Ambiance" otelində məskunlaşaraq hazırlaşıblar. Hər qarşılaşmadan əvvəl olduğu kimi, bu dəfə də "Qarabağ"ın baş məşqçisi Böyükağa Ağayev və klubun bəzi futbolçuları komandanın internet saytına qarşıdakı oyun haqda fikirlərini bildiriblər. Böyükağa Ağayev: "Rəqibin kimliyindən asılı olmayaraq hər oyuna üç xal üçün çıxırıq. Bizim üçün autsayder və ya lider anlamı yoxdur. Turnir cədvəlində yerimizi möhkəmləndirmək üçün bu oyunun əhəmiyyəti böyükdür. MOİK çempionatda zəif çıxış etsə də, hər kluba hörmətlə yanaşmaq lazımdır." Vitali Kovalyov: "İki kubok oyunu arasında MOİK-lə oynamaq variantlar arasından ən yaxşısı idi. Bu oyunda meydan amili də bizim tərəfimizdədir. Kubokun cavab oyunu öncəsi MOİK üzərində qazanılmış qələbə lap yerinə düşərdi". Samir Musayev: "Mən hər oyuna qol vurmaq, komandamın qələbəsində pay sahibi olmaq üçün çıxıram. Bombardirlik yarışmasında da geri qalmamaq üçün bu görüşdə mütləq qollarımın sayımı artırmalıyam". Qoqa Beraya: "Meydanda futbolçular arasında anlaşma oyundan oyuna yaxşılaşır ki, bu da komandanın gücünü daha da artırır. Komandamız qarşıdakı oyunda favorit sayılsa da, bunu biz meydanda da sübut etməliyik". Sonda isə xatırladaq ki, turun bütün görüşləri saat 17:00-da başlanacaq.

Paylaş

// pop up