“Bu rəqibə qalib gəlmək gücündəyik”
“Bu rəqibə qalib gəlmək gücündəyik”
UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turu çərçivəsində keçiriləcək “Elfsborq” (İsveç) - “Qarabağ” matçından öncə komandamızın baş məşqçisi Qurban Qurbanov və müdafiəçisi Marko Veşoviçin mətbuat konfransı təşkil olunub. Təcrübəli mütəxəssis sabah baş tutacaq görüş barədə fikirlərini bildirib:
“Hər iki komanda üçün vacib oyundur. Avropa Liqasında 2024-cü ilin son turudur. Ümumi nəticəyə baxsaq, aradakı xal fərqi çox azdır. Bəlkə də, sabah daha çox güc sərf etməli olacağıq. Səliqəli oynamaq önəmlidir. Sərfəli nəticə ilə meydanı tərk etməyə çalışacağıq. Futbol elə səviyyəyə gəlib ki, istənilən komanda istənilən rəqibi məğlub edə bilər. Qarşımızdakı komanda da çox intizamlıdır. Düşüncələrimiz tam həyata keçsə, bu rəqibə qalib gəlmək gücündəyik. Diqqətli, intizamlı oyunla bunu əldə edə bilərik”.
Baş məşqçi müdafiəçilər Bəhlul Mustafazadə və Kevin Medinanın zədəli olmasına da münasibət bildirib: “Xüsusən də, müdafiə xəttində itkilərimiz var. Bəhlul Mustafazadə və Kevin Medina oynamayacaq. Bunlar görünənlərdir. Görünməyən tərəflər isə odur ki, bəzi oyunçuların da mikro zədələri var. Bu bizi narahat edir. Sabah həkimlərlə məsləhətləşdikdən sonra qərarımızı verəcəyik. Meydança amilini də unutmaq olmaz. Süni örtük həmin zədələrə daha pis təsir göstərə bilər. Ancaq təcrübəli futbolçularımız var. Həmin mövqelərdə ən düzgün addımı atmağa çalışacağıq”.
Marko Veşoviç də Bakıya qələbə ilə qayıtmağı hədəflədiklərini söyləyib: “Bizi çətin rəqibə qarşı ağır oyun gözləyir. Həftəboyu matça yaxşı hazırlaşmışıq. Ümid edirəm ki, istədiyimiz oyunu nümayiş etdirəcəyik. Bununla bərabər aktivimizə daha bir qələbə yazdırmaq istəyirik. İnanıram ki, burada əldə edəcəyimiz qalibiyyəti fanatlarımızla birgə qeyd edəcəyik”.
Qeyd edək ki, sabah “Boras Arena”da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.