Bülənt Uyğun "Qarabağ"ın koordinatorundan danışdı (qol.az)

single-news
1 Mar 2010

Bülənt Uyğun "Qarabağ"ın koordinatorundan danışdı (qol.az)



“Neftçi” klubunun baş məşqçi postuna namizədlər arasında adı hallandırılan türkiyəli mütəxəssis Bülənt Uyğun qardaş ölkə mətbuatına bir sıra maraqlı açıqlamalar verib. Qol.Az-ın “Fanatik” qəzetinə istinadən verdiyi məlumata görə, Bülənt Uyğun Qus Hiddinkin Türkiyə millisinin baş məşqçisi təyin olunması qərarını narazılıqla qarşılayıb: “Fatih Terimlə dünya çempionatına gedə bilmədik. Onun əvəzinə Hiddinki gətirdilər. Hiddinkin karyerasını müzakirə etmək istəmirəm. Amma mən onun millidə uğurlu olacağına inanmıram. Təəssüf ki, DÇ-2010-də çıxış edə bilməyəcəyik. Amma mütləq Avro-2012-də komandamız yer almalıdır. Hiddinkin köməkçisi vəzifəsi qismində isə Hakan Şükür və Rıdvan Dilmənin çalışmasını istərdim”. Bülənt Uyğun bildirib ki, Türkiyə futbolunun ən böyük problemlərindən biri də uşaq futboludur: “Aşağı yaş qrupu üzrə komandaları doğru istiqamətə yönləndirmək lazımdır. TFF bu sistemi düzgün idarə edə bilmir. Çox əfsuslar olsun ki, artıq Türkiyə futbolunda Həmdi Sərpil Tüzün, Hasan Bora, Əkrəm Karabərbər kimi insanlar çalışmır. Onların yoxluğunda gənc futbolçularımız aşağı yaş qrupu üzrə komandalardan tam peşəkar olaraq yetişə bilmir”. Sonda Uyğun Türkiyə futbolunda çıxış edən ən yaxşı yerli və xarici futbolçuların adlarını da qeyd edib: “Arda və Sərcan hazırda Türkiyə futbolunun ən yaxşılarıdır. Legionerlərdən isə Aleks və Makukulanın adlarını söyləyə bilərəm”. Qeyd edək ki, Uyğunun adını çəkdiyi Həmdi Sərpil Tüzün hazırda "Qarabağ"ın uşaq futbol koordinatoru vəzifəsində çalışır.

Paylaş

// pop up