Cabbarov qəti qərar verməyib (FUTBOL+, 29.12.2005)
29 Dek 2005
Cabbarov qəti qərar verməyib (FUTBOL+, 29.12.2005)
"Qarabağ" son matçlarda Blajenko Bekovaçla Azər Cabbarovun xidmətindən istifadə etmirdi. Ağdam klubunun ovaxtkı baş məşqçisi Elxan Abdullayev bu futbolçuları "18-liy"ə salmamağı fiziki hazırlıqlarını lazımi səviyyədə olmamasıyla izah edirdi. İlk dövrə başa çatdıqdan sonra Bekovaç transferə çıxarılan oyunçular sırasında yer alsa da, Cabbarova bu aid edilmədi. Hələ ki, "Qarabağ"ın üzvü olan Azər belə durumundan razı ola bilməzdi: "Abdullayev mənə fiziki hazırlığımdan razı olmadığını demişdi. Məhz buna görə də o adımı "18-li"yə salmırdı. Baş məşqçi bu addımı atırsa, nə edə bilərəm? Bu yalnız baş məşqçinin fikri idi, mən isə bununla razı deyildim. Necə olurdu ki, ilk dövrədə bir çox oyunlarda mənə əsas heyətdə şans verirdi. Abdullayevin fiziki çalışmalarla bağlı hazırlığına qatılmağı məqsədəuyğun saymırdım. Bəlkə də bu yöndə məşqlərdə iştirak etməliydim. Ancaq həm ruhdan düşmüşdüm, həm də ilk dövrənin son oyunları idi. Nəsə başqa şeydən narazı idisə, mənimlə bağlı digər problem vardısa, çağırıb bu haqda şəxsən söhbətləşə bilərdi".
Dövrələrarası fasilədə "Qarabağ"ın Elxan bəylə yollarını ayırması Azərin işinə yaraya bilər. Bununla belə, Cabbarovun ikinci dövrədə də Ağdam klubunun sıralarında olacağını əminliklə söyləmək olmaz. Hələ yayda Azərin "Gəncə"yə keçidi variantı gündəmə gəlmişdi. Xatırladaq ki, o vaxtilə "Kəpəz"də çıxış edib: "İndinin özündə də bir neçə təklif var. Ancaq "Qarabağ"ın üzvüyəm, bu komandadan ayrılacağım dəqiqləşməyənədək başqa klubla danışmaq istəmirəm. Hələ mövsüm başlamamış "Gəncə" mənimlə ciddi maraqlanırdı. Daha iddialı klubda oynamaq istəyirəm. Ötən mövsüm "Qarabağ" çempionluğa oynayırdısa, indi birinci dövrəni 9-cu yerdə başa vurdu. Bu məni razı sala bilməz. Hesab edirəm ki, bu heyətlə daha yüksək yerlər uğrunda mübarizə apara bilərik. Artıq 4 ildi "Qarabağ"da oynayıram, bu komanda mənim üçün doğmadı. Komandanın işğal olunmuş bölgəni təmsil etməsi, ona dəstək verən azarkeşləri heç vaxt yaddan çıxarmıram. Bu mövsüm zəif çıxış etsək də, rəhbərliyin münasibəti yaxşıdı. Yenə də müqavilə şərtlərini yerinə yetirirlər. Hətta son vaxtlar oynamadığım zaman klubun baş direktoru Əmrah Çəlikəllə bu haqda söhbətim olmuşdu. O isə klubda başqa işlərlə məşğul olduğunu, heyəti müəyyənləşdirmək səlahiyyətinin baş məşqçidə olduğunu qeyd etmişdi. "Qarabağ"dan getmək fikrim var. Ancaq bu məsələyə yeni baş məşqçinin gəlişindən sonra tam aydınlıq gələcək. Həmin yeni çalışdırıcı xidmətimdə maraqlı olsa, qalacam. Hər halda mövsümün sonunadək "Qarabağ"la müqaviləm var".
Bu arada "Qarabağ"ın rəsmi saytında iki həftəyə yaxındı davam edən sorğuya yekun vurulub. Xatırladaq ki, respondentlər milli komandanın baş məşqçisi Şahin Diniyevin yaxınlarda açıqladığı yeniləşən heyətə münasibətini bildirməliydi. 42 faiz ümumilikdə heyəti yaxşı qiymətləndirib. 29 faiz heyəti dəyərləndirməkdə çətinlik çəkibsə, 20 faiz bəyənmədiyini bildirib. Yalnız 7 faiz heyətin yüksək səviyyədə olmasını öz səsləriylə ifadə edib. Saytda növbəti sorğu 14-cü milli çempionatda hakimlərin işinin öhdəsindən necə gəlməsiylə bağlıdı.