Cahangir Həsənzadə “Qarabağ”a keçə bilər “Neftçi”nin keçmiş qapıçısı ilə “İstiqlal” da maraqlanır ( ÇEMPİON, 08.08.2005)
8 Avq 2005
Cahangir Həsənzadə “Qarabağ”a keçə bilər “Neftçi”nin keçmiş qapıçısı ilə “İstiqlal” da maraqlanır ( ÇEMPİON, 08.08.2005)
Bir neçə gün öncə “Neftçi”dən müəmmalı şəkildə ayrılan Cahangir Həsənzadəni tapmaq bizə müyəssər oldu. Dalbadal 3 gün qapıçını ciddi-cəhdlə arasaq da, hər dəfə axtarışlarımız bəhrə vermirdi.Hətta telefonu götürən həyat yoldaşı da Cahangirin işləri ilə əlaqədar bir neçə gün olmayacağını bildirdi. Aydın məsələ idi. Həsənzədə danışmaq istəmirdi. Lakin biz inadımızdan dönmədik və nəhayət, günən axşam qolkiperi evində tapdıq. Cahangir əvvəlcə danışmaqdan imtina etsə də, sonradan razılıq verdi.
- Cahangir, “Neftçi”dən gedişin çox müəmmalı oldu...
- Niyə ki? Bu mənim öz fikrim idi. Düşündüm, belə qərara gəldim.
- Birdən-birə bu addımı atmagın gözlənilməz alındı.
- Məncə, gözlənilməz heç nə yoxdur.
- Bəs getməyinə səbəb nə oldu? Hər halda səbəbsiz heç nə olmur.
- Əlbəttə belədir. Səbəb var, ancaq açıqlamayacağam. Bunlar özümə aid olan şeylərdir.
- Ağasəlim Mircavadovla mübahisə etdiyin söylənilir...
- Yox, heç bir mübahisəmiz olmayıb.
- Belə söz-söhbət gəzir ki, “Anderlext”lə ilk matçın fasiləsində əvəzlənməyinə görə baş məşqçiyə etiraz etmisən...
- Etirazım olub. Ancaq mübahisə etməmişik. Bəş məşqçi ilə futbolçu arasında söhbətlər olur. Bu o demək deyil ki, mübahisə etmişik. “Neftçi”dən tamamilə öz istəyimlə ayrılmışam.
- Bəlkə, əsas heyətə düşə bilməmək qorxusu səni “flaqman”dan apardı?
- Yox, bundan heç söhbət gedə bilməz. Bu, futboldur. Bir dəfə oynamaram, amma gələn dəfə əsas heyətdəki yerimi qaytara bilərəm. Yəni hər şey futbolçunun özündən asılıdır. “Neftçi”dən ayrılmağım tam başqa səbəblər üzündən oldu.
- Miçoviçin gəlişinin buna təsiri olmadı ki? Hər halda serb qapıçısı səni “Tavriya”da da heyətdən sıxışdırmışdı.
- Birincisi, Miçioviç “Tavriya”ya mən gedəndən sonra gəlmişdi. Yəni artıq komanda ilə yollarımı ayırmışdım. Vladimirin “Neftçi”yə gəlişinin qərarıma heç bir dəxli yoxdur. Dediyim kimi, hər şey özümdən asılıdır. Düzdür, “Anderləxt”lə matçdan sonra müəyyən psixoloji gərginlik var idi. Ancaq bunun öhdəsindən gəlməyi bacarmışam. Əsas odur ki, futbolçu özünə inansın, sınmasın.
- Yeni təkliflər var?
- Var. Həm ölkə daxilindən, həm də xaricdən. İran, Qazaxıstan klubları təklif göndəriblər. Ancaq çox güman ki, bu mövsüm vətəni tərk etməyəcəyəm.
- Eşitdiyimizə görə, “İstiqlal” səninlə ciddi surətdə maraqlanır...
- Hə, belə bir şey var. Açığı, geniş məlumatım yoxdur. Çünki bu işlə menecerlər məşğul olurlar. Ancaq yenə deyirəm: böyük ehtimalla vətəndə qalacağam.
- Yerli klublardan hansı iləsə danışmısan? Bir müddət “İnter” səni heyətə cəlb etmək istəyirdi.
- Bu, ötən mövsüm idi. Onlarla danışımışdım, ancaq anlaşa bilməmişdik. İndi onlarla söhbətimiz olmayıb.
- Bəs “Qarabağ”?
- Belə bir variant da var. Ümumiyyətlə, əksər klubların maraqlandığı haqda məlumatım var. Ancaq ortada hələ konkret bir şey yoxdur.
- Özün hara keçmək istəyərdin?
- Bu mənə təklif olunan şərtlərdən asılıdır. Ailəliyəm, bəzi amillər var ki, onlar nəzərə alınmalıdır. Həm də nə qədər tez olsa, bir o qədər yaxşıdır. Çünki artıq iştirak ərizələrinin təqdim olunma vaxtı başa çatmaqdadır. Yəqin ki, yaxın günlərdə hansısa klubla müqavilə bağlayacağam.
- “Neftçi” ilə hələ də müqavilən var. Bu, problem yaratmayacaq ki?
- Yəqin ki, yox. Çünki rəhbərliklə danışıb ayrılmışam. İnanıram ki, “flaqman” rəhbərliyi anlayışlı davranacaq.
Cahangir konkret hansısa klubun adını çəkməsə də, böyük ehtimalla “Qarabağ”a gedəcək. Həm Ağdam klubunun bir səviyyəli qapıçı ehtiyacı olması, həm də Həsənzadənin ölkədə qalacağını deməsi bunu daha da real edir.