Cahangir Həsənzadə "Qarabağ"da (ÜÇ NÖQTƏ, 09.08.2005)

single-news
9 Avq 2005

Cahangir Həsənzadə "Qarabağ"da (ÜÇ NÖQTƏ, 09.08.2005)



KLUBUN BAŞ MƏŞQÇİSİ İSƏ BAXIŞDA OLAN OYUNÇULARDAN RAZI QALIB Növbəti mövsümün startı ərəfəsində "Qarabağ" komandası sonuncu yoxlama görüşünü keçirib. Ağdam təmsilçiləri bu ildən güclülər dəstəsində çıxış edəcək paytaxtın "Olimpik"(əvvəlki adı AMMK) klubu ilə qüvvəsini sınayıb. "Qarabağ"ın üstünlüyü ilə keçən oyun 1:1 hesabı ilə başa çatıb. Hesabı 14-cü dəqiqədə "Olimpik"in veteran oyunçusu Vidadi Rzayev açıb. 51-ci dəqiqədə isə "Qarabağ"ın heyətində baxışda olan Sergey Kravçenko tarazlığı bərpa edib. Oyundan sonra verdiyi açıqlamada "Qarabağ"ın baş məşqçisi Elxan Abdullayev yetirmələrinin oyunundan razı qaldığını bildirib: "Görüş təəssüf ki, bizim hazırlığımız dövründə yeganə oyun oldu. Buna baxmayaraq futbolçularımın bu görüşdə bir-birilərini gözəl başa düşmələri məni çox sevindirir. Klubda baxışda olan futbolçuların göstərdikləri oyun da məni qane etdi. Xüsusilə Sergey çox fəal idi. Bütün oyunçulara oynamaq şansı verdim. Bizi bu oyunda nəticə yox, futbolçuların səviyyəsi maraqlandırırdı". Bundan başqa "Qarabağ" dünən Azərbaycan yığma komandasının qapıçısı Cahangir Həsənzadə ilə bir illik müqaviləyə imza atıb. Xatırladaq ki, Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin oyunları çərçivəsində Brüsseldə "Anderlext"ə qarşı oyunda 16 dəqiqəyə 4 top buraxan qapıçı "Neftçi"dən uzaqlaşdırılmışdı. Əlavə edək ki, "Qarabağ" mövsümün ilk oyununu Tovuzda "Turan"a qarşı keçirəcək.

Paylaş

// pop up