Cəbhə bölgəsindəki “sülh” “Bakı”nı çempionluğa aparır ( çempion, 04-05-2009 )

single-news
4 May 2009

Cəbhə bölgəsindəki “sülh” “Bakı”nı çempionluğa aparır ( çempion, 04-05-2009 )



“Qarabağ” - “İnter” 1 - 1
Qollar: S. Saini, 35,-A. Rubin, 59
“Qarabağ”: 1. Fərhad Vəliyev, 4. Azər Məmmədov, 5. Maksim Medvedyev, 8. Aslan Kərimov (k) (6. Rəşad Sadiqov, 46), 10. Artim Şakiri (20. Vaqif Cavadov, 60), 11. Rauf Əliyev (19. Emin İmaməliyev, 77) 13. Zəkəriyyə Ramazani, 14. Namiq Yusifov, 17. Sedat Saini, 18. Zaur Ramazanov, 24. Admir Teli
Baş məşqçi: Qurban Qurbanov
“İnter”: 1. Raymundo Vilson, 12. Xəyal Mustafayev, 4. Danildo Assioli, 9. Samir Abbasov, 6. Əliyar İsmayılov (k) (15. Vladimir Levin, 65), 13. Bronislav çervenka, 25. Cavid Hüseynov (17. Elvin Məmmədov, 46), 30. Vladimir Kolesniçenko (10. Xaqani Məmmədov, 46), 14. Petar Zlatinov, 24. Andrey Rubin, 22. Valter Quqlemon
Sarı vərəqələr: A. Kərimov, 14;  A. Şakiri, 53; S. Saini, 82 - P. Zlatinov, 14; B. çervenka, 60
Hakimlər: Vüsal Əliyev, Azad Q. Hüseynov, Əliyar Ağayev, Ceyhun Haşımov
Hakim-inspektor: Nizami Şərifov
AFFA nümayəndəsi: Məlik Həsənov

Nəhayət, gözlədiyimiz gün gəldi. Ağdamın “Qarabağ” komandası 16 illik fasilədən sonra doğma rayona qayıtdı. Qarşılaşmaya 2 gün qalmış Quzanlıya səfər edən komanda qəsəbənin 60 kilometrliyində qarşılandı. Mənzil başına uzanan yolun müəyyən hissəsini maşın karvanı ətrafında gedən “Qarabağ”ın doğma arenadakı ilk məşqi də ajiotaja səbəb oldu. Belə ki, Qurban Qurbanovun keçdiyi təlimi izləməyə yüzlərlə azarkeş təşrif buyurmuşdu. Fikrimizcə, həyata keçirilən tədbirlər qələbə üçün baza rolunu oynayırdı. Artıq “Qarabağ”lı futbolçular bütün qayğılarını unudub, qələbə haqqında düşünürdülər. Matçın şərhinə keçməzdən öncə bir neçə maraqlı məqamı diqqətinizə çatdırmaq istəyirik.

Aslan Kərimov - 16 illik tarix
Quzanlı qəsəbəsinin ərazisi kiçik olsa da, yüksək rütbəli şəxsləri qəbul etmişdi. AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyevin, yığma komandamızın baş məşqçisi Berti Foqtsun, AFFA-nın baş katibi Elxan Məmmədovun cəbhə bölgələrinə getməsi böyük futbolun Ağdama qayıdışından doğan sevincə işarə idi. Onlar əvvəlki Ağdamla indikini müqayisə etməyəcəklərini söyləsək də, “Qarabağ”ın hazırkı kapitanı Aslan Kərimov haqqında bunu demək haqsızlıq olar. çünki Aslan müharibənin qızğın vaxtında Ağdama gedib, “Qarabağ”a xidmət etməkdən çəkinməmişdi. Onun 16 illik fasilədən sonra Quzanlıya qayıdışı, yerli publika ilə görüşü və özündə güc tapıb start heyətində meydançaya çıxması, həqiqətən də, alqışalayiq idi.

Ağdamda himnimiz oxundu, bayrağımız dalğalandı
”Qarabağ” rəhbərliyinin komandanı Ağdama aparmaqda hansı məqsədə nail olmaq istədiyinin fərqinə varmasaq belə, onlara böyük təşəkkür etməliyik. Paslanmış beyinlər və şöhrət tutmuş gözlər həmin oyunu izləyərkən Ağdamın, həqiqətən də, vətən torpağı, yaralı yerimiz olduğunu yada saldılar. Bəli, 3 may tarixində Ağdamda himnimiz oxundu, bayrağımız dalğalandı. “Qarabağ” və “Azərbaycan” sədaları eşidildi.

Sedat yenə böyük oyunda fərqləndi
Azarkeşlər və təşkilatı işlərlə məşğul olan şəxslər “Qarabağ”ın qələbəsi üçün zəmin yaratmışdılar. Futbolçulara yalnız əlverişli şansdan istifadə etmək qalırdı. Amma Qurbanovun heyət sarıdan müəyyən problemləri mövcud idi. O, “Bakı” ilə kubok oyununda cəzalı duruma düşən Elnur Allahverdiyev, zədəli Zaur Həşimov və Aftandil Hacıyevin xidmətindən məhrum idi. “Trio”nun yoxluğu ilk dəqiqələrdən özünü büruzə verməyə başladı. Matçın təqribən ilk 10 dəqiqəsi qonaqların hücumları şəraitində keçdi. Bu müddət ərzində Fərhad Vəliyev Rubin və Quqlemonun zərbələrini dəf etdi. ümumiyyətlə, yarım saatın tamamına qədər üstün futbol nümayiş etdirən tərəf “İnter” idi. Lakin Valentin Xodukinin yetirmələri Fərhadın qapısına yol tapa bilmirdilər. “İnter”in hücumları bəhrəsiz qaldığı bir vaxtda “Qarabağ” üçgedişli kombinasiyanı qolla tamamladı. Artim Şakirinin başladığı, Rauf Əliyevin davam etdirdiyi hücumu Sedat Saini dəqiq baş zərbəsi ilə qapıya göndərdi. Uzun müddətdir ki, zədədən əziyyət çəkən yarımmüdafiəçi yenə (o, “Xəzər-Lənkəran”la səfər oyununda da kritik məqamda fərqlənmişdi) böyük oyuna damğasını vurdu.

Xodukin tədbir görsə də...
Təbii ki, məğlubiyyət “İnter”ə baha başa gələcəkdi. çünki “bankirlər”in əsas rəqibi “Bakı” şənbə günü “Simurq”a qarşı keçirilən oyunda qələbə qazanmışdı. Əgər “İnter” 0:1-ə qane olsaydı, çempionluq şansını itirəcəkdi. Bütün bunları yaxşı dərk edən 69 yaşlı mütəxəssis fasilədə Xaqani Məmmədovla Elvin Məmmədovu döyüşə atdı. O, bu dəyişikliklərlə cinahı və hücumu gücləndirməyə çalışdı. Buna baxmayaraq, ilk təhlükə “Qarabağ”dan gəldi. Rauf Əliyev komandasının ikinci qolunu vurmağa yaxın olsa da, zərbəsində dəqiqlik çatışmadı. Əvəzində isə Andrey Rubin hesabı bərabərləşdirdi. Latviyalı futbolçunun vurduğu qol oyundan sonra böyük qalmaqala şərait yaratdı. Biz də matçın şərhini bitirdikdən sonra bu barədə yazacağıq. Əlbəttə ki, 1:1 hesabı heç kimə sərf etmirdi. “Qarabağ” uzun müddətdən sonra yerli azarkeşlərə qələbə qazandırmaq, “İnter” isə ikinci qolu vurub yenidən zirvəyə qayıtmaq arzusundaydı. Lakin arzuların heç biri reallaşmadı. Beləliklə, müharibə zonasına yaxın olan ərazidə keçirilən oyunda sülh qeydə alındı. Bu, sülh “İnter”in çempion, “Qarabağ”ın “üçlüy”ə düşmək arzusunu, demək olar ki, dəfn etdi.

çempion olmayacağı ilə barışdı
Həmin gün açılış mərasimi olan Quzanlı qəsəbə stadionun mətbuat konfransı keçirmək üçün ayrılan otaq ilk dəfə olaraq Qurban Qurbanovla Valentin Xodukini qonaq etdi. Amma baş məşqçilər qələbə qazanmadıqları üçün ağızdolusu danışa bilmədilər. Hətta Xodukin çempionluğun əldən getməsi ilə barışdığını bildirdi.
Valentin Xodukin: “Təşkilati işlərdən və meydançanın vəziyyətindən narazılığım yoxdur. Sadəcə, bu gün rəqib meydançaya daha rahat çıxmışdı. çünki çempionluq uğrunda mübarizə aparmırlar və itirilən şeyə təəssüflənməyəcəkdilər. Bizə isə mütləq qələbə lazım idi. Amma işimizin öhdəsindən gələ bilmədik. çempion olmayacağımızla barışdım”.
Qurban Qurbanov: “Uzun fasilədən sonra Ağdama qayıtmaq sevincli idi. Doğma azarkeşlərə qələbə bəxş etmək üçün lazım olan işləri görmüşdük. Halbuki bir müddət öncə “İnter”ə xal verəcəyimiz deyilirdi. Biz sübut etdik ki, deyilənlər hamısı şayiədir”.

Paylaş

// pop up