Cəbrayıl və Füzulisiz 25 il...

single-news
23 Avq 2018

Cəbrayıl və Füzulisiz 25 il...



Bu gün  Cəbrayıl və Füzuli rayonlarının Ermənistanın silahlı qüvvələri tərəfindən işğal edilməsindən 25 il ötür.

Ərazisi 1050 kv.km, əhalisi isə 60 minə yaxın olan Cəbrayıl rayonu 23 avqust 1993-cü ildə düşmən tərəfindən  işğal olunur..

Rayonda 90 kənd var və hazırda yalnız bir kənd - Cocuq Mərcanlı aprel döyüşləri zamanı erməni işğalından azad olunub. İşğaldan öncə rayonda 35 uşaq bağçası, 65 orta məktəb, 1 texniki peşə məktəbi, 73 xəstəxana və digər tibb müəssisəsi, 63 mədəniyyət obyekti fəaliyyət göstərib.

Cəbrayıldan olan məcburi köçkünlər hazırda ölkənin 58 rayonunda 2000-ə yaxın yaşayış məntəqəsində məskunlaşıb. Erməni silahlı birləşmələri tərəfindən işğal olunmazdan əvvəl rayonun kənd təsərrüfatı əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, tərəvəzçilik, meyvəçilik, baramaçılıq sahələrindən ibarət olub. Cəbrayıl ərazisindən Bakı-Naxçıvan dəmir yolu (52 km), Şirvan-Zəngilan avtomobil yolu (60 km) keçir.

Rayon tarixi-memarlıq və dini abidələrlə zəngindir. Cəbrayıl rayonu erməni təcavüzkarlarına qarşı müharibədə 350-dən çox şəhid verib, 91 nəfər əsir və itkin düşüb, 177 nəfər əlil olub.

Füzuli rayonu da (ərazisi 1386 kv km, əhalisi təxminən 110 min nəfər) avqustun 23-ü bütünlüklə işğal olunsa da, sonradan (dekabr 1993 - yanvar 1994) Azərbaycan Ordusu Arazboyunda yerələşən 10-dək kəndi və Horadiz qəsəbəsini düşməndən azad edə bildi.

Rayona məxsus qəsəbələrdən 12-si işğaldan azad olunmuş ərazidə yeni salınıb və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilib. Hazırda ərazidə 51 min məcburi köçkün məskunlaşıb.

Ötən əsrin 80-ci illərinin sonlarından başlayan erməni təcavüzünə qarşı mübarizədə rayonun minlərlə sakini döyüşüb, yüzlərlə insan şəhid olub, yaralanıb, girov və itkin düşüb. Ümumilikdə Füzuli rayonu müharibədə 1100-dən artıq şəhid verib, 1450 rayon sakini əlil olub.

Paylaş

// pop up