Cədvələ bir gün “Xəzər-Lənkəran” başçılıq etdi (XALQ QƏZETİ,04.05.2005)

single-news
4 May 2005

Cədvələ bir gün “Xəzər-Lənkəran” başçılıq etdi (XALQ QƏZETİ,04.05.2005)



Ölkə kubokundan əli üzülən və buna görə də milli çempionatın qalan görüşlərində ikiqat səylə oynamağa məcbur olan “Xəzər-Lənkəran” bir tur əvvəl “Qarabağ” üzərində gözlənilməz qələbəsi ilə hamını təəccübləndirən “Ədliyyə”yə “divan tutub” onu paytaxta ağır məğlubiyyətlə (1:6) yola saldıqdan sonra turnir cədvəlinin zirvəsinə yüksəldi. Ancaq cəmi bir günlüyə. Çünki Lənkəran qarşılaşmasının ertəsi günü keçiriləcək “Qarabağ” – “Neftçi” görüşünün nəticəsindən asılı olmayaraq ya paytaxt komandası, ya da Ağdam futbolçuları onu ən yüksək mövqedən sıxışdıracaqdılar. Bununla yanaşı, bütün hallarda Lənkəran klubu cədvəldə ikinci pillədə dayanıb vahid liderin ən yaxın rəqibi olacaqdı. Nəticədə dünən "Qarabağ" prinsipial oyunda "Neftçi"yə 2:1 hesabı ilə qalib gələrək yenidən turnir cədvəlində ən yüksək pilləyə qayıtdı. Otuzuncu tur medallara digər iddiaçılar “Karvan”, “Turan” və “Bakı”ya da növbəti qələbə sevinci yaşatmışdır. Tovuzluların müvəfəqiyyətini daha yüksək qiymətləndirmək olar. Onlar Azərbaycan kuboku yarışlarının finalçısı “İnter”ə qalib gəlməklə (1:0), bu rəqibi medal yarışından, demək olar, kənarlaşdırmışlar. Kubokun digər finalçısı – “Bakı” həmin hesabla “MKT – Araz” üzərində üstünlüyünü bir daha sübuta yetirmiş, “Karvan” isə “Göyəzən”lə oyunda elə bir problemlə üzləşməmişdir – 4:1. Bununla da hər üç oyunun qaliblərinin medal qazanmaq ümidi bir qədər də artmışdır. “Gəncə”nin “Karat” ilə görüşdə müvəffəqiyyəti (4:1) turnir cədvəlinin tən ortasında – doqquzuncu pillədə onun mövqeyini daha da möhkəmləndirmiş, “Şəmkir” “Bakılı” üzərində qələbə sayəsində (3:0) “Karat”a yaxınlaşmış, “Şahdağ-Samur” güclülər dəstəsində öz yerini qorumaq uğrunda mübarizədə “Gənclərbirliyi” ilə oyunda çox mühüm üç xal qazanmışdır (3:1). MOİK-in “Şəfa” üzərində texniki qələbəsini də qeyd edək.

Paylaş