Çempionla kubok sahibinin ilk oyunu (çempion, 29.09.2006)

single-news
29 Sen 2006

Çempionla kubok sahibinin ilk oyunu (çempion, 29.09.2006)



Bu gün ölkə çempionatının 7-ci turu start götürür. Mərkəzi qarşılaşma isə “Bakı” ilə “Qarabağ” arasında keçiriləcək. Bu oyunu ölkə superkuboku uğrunda keçirilən görüş kimi də xarakterizə etmək olar. Ancaq neyləmək olar ki, bizdə superkubok oyunu keçirilmir. Hər halda azarkeşlər Tofiq Bəhramov adına Respublika stadionuna gəlib bu matçı izləməklə boşluğu aradan qaldıra bilərlər. Hacıyevə yol açan Ağayev Ötən mövsümün gedişində hər iki məşqçi hazırkı komandalarına rəhbərlik etməyə başladı. Böyükağa Ağayev yanvarda “Qarabağ”a gəldi və sonda Ağdam klubunun uzun illər davam edən titul həsrətinə ölkə kubokunu qazanmaqla son qoydu. Böyükağa Hacıyev isə sona 8 tur qalmış “Bakı”nın baş məşqçisi oldu və bundan sonra onun komandası bütün görüşlərdə qalib gələrək çempion adı qazandı. Hacıyevə qədər “Bakı”nı çalışdıran Əsgər Abdullayev isə məhz ölkə kubokunda “Qarabağ”a məğlubiyyətdən (2:3, 0:0) sonra istefa verdi. Klublararası transfer “müharibəsi” Yay fasiləsi başlanan kimi bu klublar arasında transfer “müharibəsi” başlandı. Güclənməyə ciddi ehtiyac duyan “Qarabağ” Ramin Quliyev, Emin İmaməliyev, Ceyhun Sultanovla danışıqlar aparmağa başladı. Düzdür, Ağdam təmsilçisi bu futbolçuların heç birini heyətinə qata bilmədi. Əksinə, “Bakı”dan icarəyə götürdüyü Fərid Quliyev doğma komandasına döndü. O da maraqlıdır ki, hər iki klub avrokubokların ilkin mərhələsində mübarizəni dayandırdı. ”Bakı” üzrə ixtisaslaşmış Samir Musayev Bu görüş bir neçə futbolçu üçün böyük əhəmiyyət daşıyır. Onlardan biri də Fərid Quliyevdir. “Bakı”nın üzvü məhz “Qarabağ”da icarə əsasında oynadığı müddətdə parladı. Hətta ölkə çempionatında “Bakı”ya 1:2 hesabı ilə məğlub olduqları görüşdə Quliyev məxsus olduğu komandanın qapısına yol da tapdı. Lakin “Bakı”, çətin ki, Samir Musayevi unuda. Kubok oyununda “Bakı”nın qapısına iki qol vuran Musayevin xüsusilə son qolu effektli və “Bakı” üçün ölümcül oldu. Adaşların mübarizəsi necə nəticələnəcək? Hazırda ölkə çempionatında hər iki klub pis çıxış etmir. Belə ki, “Bakı” 2-ci, “‘Qarabağ” 5-ci pillədə qərarlaşıb. Lakin adaşların klubları son turda uğursuzluğa düçar oldular. “Bakı” səfərdə “MKT-Araz”a boyun əydisə (0:2), “Qarabağ” öz meydançasında “Simurq”un müqavimətini qıra bilmədi (1:1). Ardıcıl ikinci səfər görüşündə məğlub olan paytaxt təmsilçisi hələ də İmişli səfərinin şokunu yaşayır. Bundan başqa, “Karvan”, “İnter” və elə həmin bu “Qarabağ”ın daha az oyun keçirməsi Hacıyevin yetirmələrini yalnız qələbə qazanmağa məcbur edir. Elə “Qarabağ” da bu turda üç xala kəskin ehtiyac duyur. Məsələ burasındadır ki, ağdamlılar artıq ikinci oyunda qalib gələ bilmirlər. Üstəlik, əsas rəqiblərlə görüşlər qarşıdadır. Bununla belə, İrakli Beraya və Azər Məmmədovun zədəsini sağaldaraq meydançaya dönməsi Ağayevi sevindirməyə bilməz. Əgər bu oyunda “Bakı” qalib gələrsə, ən azı ikinci pillədə yerini qoruyacaq və əsas rəqiblərindən birinə ciddi zərbə vuracaq. “Qarabağ” üç xalı bayram edəcəyi halda isə medallar uğrunda daha inamla mübarizə apara biləcək. Görüş həm də bombardirlik uğrunda mübarizə aparan yığmamızın üzvləri - Samir Musayevlə Leandro Qomeşin mübarizəsi kimi maraq doğurur.

Paylaş

// pop up