ÇEMPİONLAR LİQASI: YAĞIŞ ALTINDA QOL YAĞMURU

single-news
20 Okt 2005

ÇEMPİONLAR LİQASI: YAĞIŞ ALTINDA QOL YAĞMURU



"Fənərbaxça"- "Şalke 04"-3:3 Dünən Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunun daha 8 matçı keçirildi. Türkiyənin "Fənərbaxça" klubu dünən İstanbulun "Şükrü Saracoğlu" stadionunda Almaniyanın "Şalke 04" komandası ilə qarşılaşdı. Birinci hissə "Fənər"in xeyrinə başa çatdı. Hesabı 14-cü dəqiqədə istanbulluların braziliyalı müdafiəçi Lusiano açdı - 1:0. İlk 45 dəqiqədə "Fənər"in nümayiş etdirdiyi oyun türklərin qalib gələcəyi qənaətini çıxarmağa imkan verirdi. Güclü yağış altında keçən oyunun ikinci hissəsində "Fənər" az qala oyununu itirdi. Almanların arası kəsilməyən hücumları qarşısında türklərin müdafiəsi çaş-baş olmuşdu və "Şalke 04" 4 dəqiqə ərzində hesabı öz xeyrinə dəyişdirdi: Almanların braziliyalı legioneri Linkoln 59 və 62-ci dəqiqələrdə dubl edərək "Fənər"i hesabda geri saldı- 1:2. 73-cü dəqiqədə "Fənər"in braziliyalı legioneri Nobrenin başla vurduğu zərbədən sonra "status-kvo" bərpa edildi- 2:2. 5 dəqiqə sonra "Şükrü Saracoğlu" şoka düşdü: "Fənər"in qapıçısı Volkan gözlənilmədən və biabırcasına topu ayağının altından buraxdı. Özünü yetirən Kurani "Şalke 04"-ü yenə irəli çıxardı-3:2. Lakin türklər təslim olmaq niyyətində deyildilər. Appia bir dəqiqə sonra fantastik zərbə ilə topu almanların qapısına saldı: 3:3. Matç bu hesabla da başa çatdı. "E" qrupu "Fənərbaxça"-"Şalke 04"- 3:3 "Milan" - PSV -0:0 "F" qrupu "Real" - "Rusenborq"- 4:1 "Lion" - "Olimpiakos" -2:1 "G" qrupu "Anderlext"-"Liverpul"- 0:1 "Çelsi" - "Betis" -4:0 "H" qrupu "Portu"-"İnter"- 2:0 "Qlazqo Reyncers." - "Artmedia" -0:0

Paylaş

// pop up