Çempionluq xarakteri

single-news
15 Apr 2013

Çempionluq xarakteri



`Qarabağ`ımız premyerliqanın XXVI turunda `İnter`i qəbul etdi. Çempionluq uğrunda mübarizə aparan komandaların dueli bir sıra məqamlarla yadda qaldı. Amma lap əvvəldən başlayaq..
Ötən tur lider `Neftçi`ni səfərdə 2:1 hesabıyla məğlub edən komandamızı bu dəfə digər iddialıyla çətin sınaq gözləyirdi. `Qarabağ`ımızın çalışdırıcısı `Neftçi`ylə oyunla müqayisədə sadəcə bir dəyişiklik etmişdi. Fərhad, Maksim, Rəşad, Teli, Ansi, Qara, Torres, Reynaldo, Riçard, Opara yenə də start heyətində meydana çıxmışdısa, sağ cinahda Əfranı Vüqar əvəzləmişdi. Maraqlıdı ki, `ağ-qara`larla oyunda olduğu kimi bu dəfə də Əfranla  Vüqar oyunun gedişində bir-birini əvəzlədi.
Oyundan öncə komandamız sevindirici xəbər almışdı. Uzun müddət zədədən əziyyət çəkən Vaqif Cavadov və Branimir Subaşiç də sıraya dönmüşdü. Amma komandamızın baş məşqçisi Qurban Qurbanov riskə getməyərək adı çəkilənlərin adını matç siyahısına salmamışdı.

Oyun gözlənildiyi kimi taktiki mübarizə şəraitində keçdi. Elə Qurban müəllimin dühasının məhsulu olaraq da ilk qol vuruldu. Adətən künc zərbələri zamanı irəli getməyən Maksim Medvedev bu dəfə fərqli addım ataraq işini məhsuldarlıqla gördü. Sadıqovun asmasından sonra Maksim cari mövsüm ilk qoluna imza atdı.

İlk yarı bu hesabla çatdı. 2-ci hissənin ilk hücumundaca `Qarabağ`ımız hesabı artırdı. Vüqar – Torres – Vüqar kombinasiyası sonuncunun dəqiq zərbəsiylə sonuclandı. `Qarabağ`ımız 2:0 önə keçsə də rəqibimiz də çempionluğa oynadığını göstərməliydi. Fomenko hesab arasında fərqi azaldınca, Qurbanov dəyişiklik etmək qərarına gəldi. Lakin Namiq oyuna daxil olana qədər `İnter`in hesabı bərabərləşdirməsi baş məşqçimizi fikrindən daşındırdı. Hesabı bərabərləşməsindən sonra  komandamız  ani gərginliyin ardından yenidən hücuma atıldı. Bu məqamda çempionluğa oynayan komanda xarakterini nümayiş etdirməli idi. Belə də az sonra edilən Torres- Muarem dəyişikliyi  məhz hücum gücünün qorunmasına xidmət edirdi.
`Qarabağ`ımız istəyinə 79-da çatdı. Qış fasiləsindən sonra komandamıza qoşulan Emeka Opara əsl forvarda xas hərəkətlə topu tora göndərincə `Qarabağ`ımızın sonda güləcəyi artıq məlum idi. `İnter` son dəqiqələrdə təzyiq yaratsa da,
`Qarabağ`ımız trillerdə 3:2 hesabla növbəti qələbəsini qazanaraq qarşılaşdığı rəqibi turnir cədvəlində üstələdi.

`Qarabağ`ımızın cari qələbəsi ardıcıl 3-cü olması ilə də yadda qaldı. Daha öncə `Qəbələ`, `Neftçi`ni  məğlub edən edən komandamız cari mövsüm ən uğurlu seriyasını yaxaladı. Son 2 oyunda öncə lideri, ardınca 2-ci sırada qərarlaşan komandanı məğlub edərək `Qarabağ`ımız çempionluq üçün nə qədər iddialı olduğunu göstərdi.

`İnter` üzərində qələbə eyni zamanda adı çəkilən komanda üzərində məğlubiyyətsizlik seriyasını 9-a çatmasına da səbəb oldu. Təsnifat mərhələsində hər 2 oyunun bərabərlikdə sonuclandığını nəzərə alsaq `Qarabağ`ımız daha bir əsas rəqibi üzərində şəxsi üstünlüyü ələ keçirdi.  
 

Paylaş

// pop up