ÇƏTİN OYUN, VACİB QƏLƏBƏ

single-news
7 Noy 2004

ÇƏTİN OYUN, VACİB QƏLƏBƏ



Azərbaycan çempionatının 10-cu turundakı rəqibimiz olduqca iddialı klublardan olan «İnter» idi. Rəqibin bizdən cəmi 3 xal geri olması və ötən tur çempion «Neftçi»ni məğlub etməsi qarşılanmaya olan marağı daha da artırmışdı. Oyun qarşılıqlı hücumlarla başlasa da tezliklə «Qarabağ» üstünlüyü ələ aldı. 13-cü dəqiqədə isə futbolçularımız hesabı açdı. Samir Musayevi cərimə meydançasında yıxdıqlarına görə baş hakim Zöhrab Qədiyev qonaqların qapısına penalti təyin etdi. Vadim Vasilyev penaltini dəqiq yerinə yetirdi 1-0. Birinci hissənin sonuncu dəqiqəsində isə Vadim bu dəfə İsmayılın qolu üçün şərait yaratdı. Belə ki, forvard qapıçı Varivonçukla sona qədər mübarizə apararaq qolkiperin səhvə yol verməsinə səbəb oldu. Yaxınlıqda olan İsmayıl isə çətinlik çəkmədən qapıya göndərdi 2-0. İkinci hissəyə qonaqlar daha aktiv başladı. 62-ci dəqiqədə Ramil Sayadovun vurduğu bir təsəlli qolundan sonra «İnter» daha da həvəsləndi. Təsadüfi deyil ki, sonrakı dəqiqələrdə qapımız qarşısında düz 3 dəfə real qol təhlükəsi yarandı. Lakin hər 3 epizodda qapıçımız Rauf Mehdiyev gözəl oyun nümayiş etdirdi. Oyunun artıq əlavə olunmuş dəqiqələri gedərkən isə gənc forvard Vüqar Nadirov gözəl zərbə ilə 3-cü topu «İnter»in qapısından keçirərək qarşılaşmada son nöqtəni qoydu. 3-1. «Qarabağ» çətin və gərgin keçən bu oyunu qələbə ilə başa vuraraq turnir cədvəlindəki liderliyini qorudu.

Paylaş

// pop up