“Çox vacib qalibiyyət əldə etdik”

single-news
13 Noy 2023

“Çox vacib qalibiyyət əldə etdik”



Misli Premyer Liqasının XIII turunun “Qarabağ” – “Səbail” oyunundan (3:1) sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis matç barədə fikirlərini açıqlayıb:

 

“Futbolçularımı təbrik edirəm. Çox vacib qalibiyyət əldə etdik. Əks-hücumları çox sürətli olan bir komandaya qarşı oynayırdıq. Bir az yorğunluq olmasına baxmayaraq, komanda oyun nizam-intizamını sonadək qoruya bildi. Qalib gəlmək üçün çox əziyyət çəkdilər. Bir neçə gün istirahət etdikdən sonra yenidən futbolçularla bir yerdə olacağıq. Rəqibə və Şahin Diniyevə uğurlar arzulayıram. Oyunçuların durumunu hər məşqdən sonra yoxlayırıq. Bütün futbolçular oynamaq istəyirdi. Bu, çox vacibdir. Yorğun olsalar da, oynamağa hazır idilər. Ona görə rotasiyalara çox ehtiyac duymadım”.

 

Baş məşqçi milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə barədə də danışıb: “Milli komandalarla bağlı fasilələr komandalara böyük zərbə vurur. Dəfələrlə olub ki, oyunçularım yığmada zədələnib. Bütün Avropa klubları bundan şikayət edir. Futbolçu yaxşı formada olduğu vaxtda milliyə gedir, yorğun qayıdırlar. Bu da baxımlı futbola böyük zərbə vurur. Bəlkə də nəyisə dəyişmək lazımdır. Bu haqda UEFA, FIFA düşünməlidir. Bu dəqiqə tək bizim yox, bütün klubların problemidir. Gözləməliyik ki, zədəsiz gəlsinlər. Mən bəzən milli oyunçularını qoruyuram. Vacib matçlara da buraxmıram. Amma milli komandada bunu düşünmürlər. Marko Veşoviç, Marko Yankoviç çox vaxt millidən zədəli qayıdır. Onların məşqlərinə baxıram, başa düşə bilmirlər. Elə bil formada deyillər. Amma fikirləşmirlər ki, əsas heyət oyunçularıdır. İlboyu 50-60 oyuna çıxırlar. Futbolçuya istirahət verilməlidir. Daha nizamlı proqram qurulsa, dünya futboluna faydalı olar. Bütün bunlara diqqət ayrılmalıdır”.

Paylaş

// pop up