"Çox yaxşı atmosferdə oynadıq"
"Çox yaxşı atmosferdə oynadıq"
Misli Premyer Liqasının XV turunun “Neftçi” - “Qarabağ” oyunundan (0:3) sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis görüş barədə fikirlərini açıqlayıb:
"Futbolçularımı təbrik edirəm. Çox vacib qalibiyyət idi. Yaxşı oyunla uğurlu nəticə əldə etmək istəyirdik. Düzdür, birinci hissədən tam razı qalmadım. Amma ikinci hissədə daha fəal oldular, düzgün oynamağa çalışdılar. Çox yaxşı atmosferdə oynadıq. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm ki, derbi xarakterli belə oyuna tam fərqli yanaşırlar".
Baş məşqçi fasilədən sonra əvəzlənən yarımmüdafiəçi Julio Romaonun zədələndiyini söyləyib: "Romaonun ayağı şişmişdi. Ağrısı həddən artıq çox idi. Zədəsinin durumuna sabah aydınlıq gələcək".
Qurban Qurbanov qapıçı Şahruddin Məhəmmədəliyevin zədəsini tam sağaltdığını əlavə edib: "Şahruddin artıq 4-5 məşqdir kollektivlə bir yerdədir. Qarşıdakı oyunlarda onun da xidmətindən yararlana bilərik. Qışa qədər bir neçə matçda iştirakına şərait yarada bilsək, yeni ilə hazırlaşmaq onun üçün bəlkə rahat olar".