CSKA MAKSIMUM, VAQNER SUPER
CSKA MAKSIMUM, VAQNER SUPER
UEFA Kubokunun E, F, G və H qruplarında dördüncü turun görüşləri keçirilib. Maraqlı hadisələr İngiltərədə cərəyan edib. «F» qrupuna altı xalla başçılıq edən «Aston Villa» autsayder - Slovakiya «Jilina»sını qəbul edib. Lakin qonaqlar özlərini heç də gəlmə kimi aparmayıblar və cəmi 3 dəqiqəyə meydan sahiblərinin qapısına iki top keçiriblər. Leytner (16 dəq) və Ştivar (19 dəq) fərqləniblər. «Aston Villa» hələ fasiləyə qədər bu qolların birinin əvəzini çıxmağı bacarıb. Amma bundan artığına ingilislərin gücü yetməyib.
«Jilina» Azərbaycan futbolsevərlərinə yaxşı tanışdır. 2005-ci ildə UEFA Kubokunun birinci seçmə mərhələsində Slovakiya klubu «Bakı»nın rəqibi olub. Azərbaycanda keçirilən qarşılaşmada meydan sahibləri 1:0 hesabı ilə qələbə qazanıblar. Lakin təkrar oyunda «Jilina» 3:1-lik qalibiyyət əldə edərək, «Bakı»nı mübarizədən kənarlaşdırıb.
«Nansi» - SSKA görüşündə də maraqlı hadisələr baş verib. Erkən qol buraxan rusiyalılar, buna 3 məhsuldar hücumla cavab veriblər. Lakin fransalılar ruhdan düşməyiblər və hesabı bərabərləşdirməyə nail olublar - 3:3. SSKA qələbəni final fitinə 2 dəqiqə qalmış Vaqner Lavın qolu ilə qazanıb. Braziliyalı legioner görüşdə het-trikə imza atıb.
