“Daha yaxşı nəticə göstərməyə çalışacağıq”
“Daha yaxşı nəticə göstərməyə çalışacağıq”
Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qarabağ” - “Şelburn” matçının (1:0) ardından baş məşqçimiz Qurban Qurbanov fikirlərini açıqlayıb. Təcrübəli mütəxəssis oyunsonrası mətbuat konfransında qarşılaşmanı dəyərləndirib:
“Futbolçularımı təbrik edirəm. Hər iki oyunda qələbə qazandıq və növbəti mərhələyə adladıq. Futbolçulara hər hansı irad bildirə bilmərəm. Çünki öz optimal formalarından hələ uzaqdırlar. Möhtəşəm azarkeşlərimiz var idi. Onları hər zaman stadionda belə çox görmək həm xoşdur, həm də əlavə motivasiyadır”.
Baş məşqçi yeni transferlərin get-getə kollektivə uyğunlaşdıqlarını söyləyib: “Yeni oyunçuların adaptasiyası normal gedir. Məşqlərdə pis deyillər. Düzdür, texniki və fiziki cəhətdən tam hazır deyillər. Amma bir neçə oyun lazımdır ki, adaptasiya olsunlar. Digər futbolçularla nə qədər çox dialoqda olsalar, oyuna girmək də asan olar”.
Qurban Qurbanov komandanın ardıcıl 12-ci ildir avrokubokların əsas mərhələsinə vəsiqə qazanmasını stabilliklə əlaqələndirib və yeni mövsümdə də uğurlu çıxış etmək istədiklərini vurğulayıb: “Həm çempionatda, həm avrokuboklarda daha artığını istəyirik. Əgər maksimum nəticə üçün şansımız varsa, bundan istifadə edəcəyik. Avrokuboklarda ötən mövsümdəkindən daha yaxşı nəticə göstərməyə çalışacağıq. Avrokubokların əsas mərhələsində oynamaq çox sayda ölkənin komandasını burada görmək deməkdir. Bu, futbolu Azərbaycana sevdirmək, insanları yaxşı istirahətə cəlb etməklə yanaşı, gənclərin futbola marağının artması, valideynlərin övladlarını bu idman növünə inamla yazdırması üçün əlavə motivasiyadır”.
