Dəyər
Dəyər
Turan Baycan
Azərbaycan insanının yaxşı bacardığı işlər arasında sahib olduğumuz dəyərlərin qiymətini bilməmək, irəli gedənimizin ayağından dartmaq, yəqin ki, ilk sıralardadı. Və biz bunu göz görə-görə, həqiqətin gözünün içinə baxa-baxa edirik. Niyə beləyik axı?..
...Yəqin ki, bir klubdakı problemləri rəqib klubun rəsmi şəxsləri müstəvisində müzakirəyə çıxarmaq, hətta onlardan məsləhət istəmək kimi absurd, gülünc və qeyri-ciddi işlə məşğul olmaq Azərbaycandan başqa heç bir ölkənin idman jurnalistinin ağlına gəlməz. Yəni, doğrudanmı, bu adamlarda məntiq, düşüncə yoxdu? Yəni, doğrudanmı, rəqiblərin bir-birinə yol göstərməsinin namümkünlüyünü dərk edə bilməyənlər var ətrafımızda? Yəni, doğrudanmı, komandasıyla 3 ay bundan əvvəl Avropada aslanlar kimi mübarizə aparan, yalnız telekanallardan tanıdığımız “əjdahalar”ı Bakıya gətirib bizə tamaşa etdirən adamı bu qədər asanca istefaya səsləmək, uğursuzluqların baiskarı kimi görmək hansısa məntiqə əsaslanır? Nəymiş? Komanda 3 oyunmuş uduzurmuş. Nəymiş? Hətta, Kapello, Benites, Raykard kimi məşqçilər də nə vaxtsa “uğursuzluq zolağına” düşəndə təzyiq gördükləri üçün könüllü istefa veriblərmiş. Bu qədər bəsit düşüncə ola bilərmi?! Bu qədər sərsəm əsas göstərilərmi?! Etməyin dostlar, bu qədər endirməyin səviyyənizi...
...Kim nə deyir-desin, Qurban Qurbanov (deyəsən, növbəti Nazim Süleymanov olacaq) Azərbaycan futbolunun yetişdirməkdə olduğu ən böyük dəyərdi. Bu məsələdə istənilən adamla mübahisəyə də hazıram! Azərbaycan futbolunun ənənəsi olacaqsa, 2009-cu ildən başlamalıdı. Geridə qalan illəri isə süpürüb atmaq lazımdı. Keyfiyyətsiz veteranları da!
...Bir baş məşqçi hansı hallarda istefa verməlidi? Məsələn, İspaniyada, İngiltərədə, İtaliyada işləyirsənsə, hətta nəticə versən də, komandan düz-əməlli oyun oynamırsa, biriləri qulağına qapının solda olduğunu pıçıldayar – Kapellonun “Real”dan istefaya göndərilməsinin timsalında. Azərbaycanda necədi? Qoy komanda mundar oyun göstərsin, amma nəticə ver ki, “yuxarı dairələr”də adım çəkilsin – Əsgər Abdullayevin “Olimpik”lə gümüş medal qazanması timsalında. İndi təsəvvür et ki, öz çevrəndə heç kimin bacarmadığı nəticəni vermisən, komandan da yerli şəraitə görə yaxşı oyun göstərir, amma bir müddətliyə “qara zolağ”a düşmüsən (ya da səni ora zorla salıblar). Və bizim mətbuatdakı, azarkeş qruplarındakı bəzi dostlar deyirlər ki, bu halda istefa verməlisən (yəqin yazının ruhundan da hiss etdin ki, söhbət Qurban Qurbanovdan gedir).
Əgər vicdanınız təmizdisə, çıxın və deyin ki, “Qarabağ” “Bakı”ya, “Xəzər-Lənkəran”a, “Neftçi”yə taktikada uduzdu. Çıxın sübut edin və mən də deyim ki, hə, taktikada uduzan baş məşqçi getməlidi. Axı hamımız bilirik ki, bu məğlubiyyətlərin kökündə bəxtsizlik də durur, zədə də durur, Xaqani Məmmədovun “bostanında yetişən” (ifadə Babək Quliyevə məxsusdu) hakim yığını da. Bunları bilə-bilə vəziyyətdən çıxış yolu kimi Qurban Qurbanovu istefaya səsləmək nəyin əlamətidi, əcəba?..
...Siz Qurbanovun boş-boş yazılıb-cızılanlara, deyilənlərə sərt reaksiya vermədiyinə baxmayın. Bu söz-söhbətlər zəvzəklik olsa da, hələ məşqçilikdə yeni-yeni addım atan və hər addımıyla tarix yazan bu cavan oğlanı içindən yeyir, küsdürür bəlkə də bəzən. Lütfən, hamımızın olan bu dəyərə toxunmayın, kirlətməyin onu da o biri kirlilər kimi...
İçiniz rahat olsun, Qurbanov komandasını Foqts kimi turistin, haqq yeməkdə usta olan hakim yığınının sərsəm qərarlarıyla düşdüyü bu zolaqdan çıxaracaq. O, bunu bacardığını Rasim Karanın “Qarabağ”ı xaraba qoyub getdiyi vaxt göstərmədimi? Yoxsa amneziya xəstəliyinə tutulmusuz? Bir az səbir edin...
P.S. Bu yazını bitirəndə “Qarabağ” – “İnter” oyununun nəticəsinə baxdım. “Qarabağ” qalib gəlmişdi. İstefa istəyində hələ də israrlı olan varmı?