Doğum günü hədiyyəsi və 1 qolla gələnlər

single-news
12 Mar 2012

Doğum günü hədiyyəsi və 1 qolla gələnlər



`Qarabağ`ımız premyerliqanın  final mərəhələsinin ilk turunda `Xəzər-Lənkəran`la qarşılaşdı.  Son 9 oyunda qapısında top görməyən, son 4 matçdan qələbə ilə ayrılan komandamız cənublularla görüşə itkilərlə çıxmışdı. Rauf Əliyev cəzalı, Martın 3-də zədələnmiş Rəşad Sadiqov tam hazır deyilidisə, səhhətində problemlər yaranmış İlqar Qurbanov oyunu buraxmalı olmuşdu.
Belə də Fevralın 16-sinda `Bakı`yla oyunda zədələnən Maksim Medvedev 25 günlük fasilədən sonra start heyətində meydana çıxdı. Hücum mövqeyində Adamiya, sol və sağ cinahlarda isə Vüqar Nadirov və Əfran İsmayılov qərarlaşmışdı. Muarem Muarem isə meydanın dərinliklərindən hücuma dəstək verməliydi.
Qeyd edək ki, cari  mövsüm ilk dəfə Quzanlıda belə anşlaq yaşanırdı. Oyunun başlamasına 1 saat qalmış  artıq tribunalar tam dolmuşdu. 1000-dən çox insan ayaq üstündə izlədiyi matçda `Qarabağ`ımız ilk yarıda qola daha yaxın oldu. Rəşad Sadıqovun dirəkdən dönən zərbəsi, Adamiya 2 epizodda azacıq dəqiqlik çatmayan vuruşları buna misaldır. Eyni zamanda artıq adını tarixə yazdırmış qolkiperimiz Bojan Pavloviç də özünəmin çıxışıyla komandaya inam verirdi.
2-ci hissəyə komandalar daha ehtiyatlı başladılar. Qapılar önündə təhlükəli anlar az yaşansa da `Qarabağ`ımız əldə etdiyi ilk imkandan maksimum yararlandı. Görüşün 68-ci dəqiqəsində Vüqar ağıllı ötürməsiylə Adamiyanı əlverişli mövqeyə çıxardı. Heç şübhəsiz, qış fasiləsindən sonra komandamızın ən yaxşısı olan gürcü forvard şansını boşa vermədi. Bununla da oyundan bir gün öncə 31-ci doğum gününü qeyd edən `Adam` son 5 oyunda 3-cü qolunu vurdu.
Geridə qalan müddətdə oyuna nəzarəti əlində saxlayan komandamız bir neçə dəfə rəqibini əks-hücumda yaxalasa da 2-ci dəfə fərqlənmək mümkün olmadı. Bununla belə 1:0 qələbə qazanan komandamız bir neçə əlamətdar hadisəyə səbəb oldu.
Belə ki, ardıcıl 10 oyunda qapısından qol buraxmayan `Qarabağ`ımız son 5 oyunda qələbə qazanmaqla yanaşı `Xəzər-Lənkəran`ı turnir cədvəlində üstələyərək 3-cü pilləyə yüksəldi. Eyni zamanda  3 ev  oyunda, ümumilikdə 4 oyundu məğlub edə bilmədiyimiz `Xəzər-Lənkəran`la uğursuz seriyaya son qoyduq. Üstəlik, ümumi balans da komandamızın lehinə çevrildi. `Qarabağ`ımız bu 3 xalla `X-L` üzərində10-cu qələbəsini qazanıb 1 qələbə önə keçdi.
`Qarabağ` FK mətbuat xidməti

Paylaş

// pop up