Dostları qolçunu qolla yola saldılar (FUTBOL+, 17.11.2005)
17 Noy 2005
Dostları qolçunu qolla yola saldılar (FUTBOL+, 17.11.2005)
Qurban Qurbanovun dostları - Legionerlər yığması 4:4
Qurban Qurbanovun dostları: Dmitri Kramarenko, Aftandil Hacıyev, Rafael Əmirbəyov, Mahir Şükürov, Vüqar Quliyev, Vyaçeslav Lıçkin, Samir Əliyev, İlqar Qurbanov, Elşən Məmmədov, Qurban Qurbanov (k), Ruslan Poladov.
Sonradan meydana çıxanlar: Cahangir Həsənzadə, Elxan Həsənov, Rəşad Sadıqov, Emin Ağayev, Aslan Kərimov, Emin Quliyev, Elmar Baxşıyev, Mahmud Qurbanov, Zaur Tağızadə, Vidadi Rzayev, Nadir Nəbiyev.
Baş məşqçi: Vaqif Sadıqov.
Legionerlər yığması: İqor Dmitriyeviç, Milan Zaqorats, Miroslav Saviç, Martin Stankov, Blajenko Bekovaç, Vadim Borets, Asen Nikolov (k), Morris Pedro, Mustafa Engin, Əhməd Ticani, Pathe Banqura.
Sonradan meydana çıxanlar: Vladimir Miçoviç, Valeri Abramidze, Yevgeni Kotov, Tomislav Vişeviç, Vladimir Makovski, Laki İdahor, Georgi Adamiya, İssa Nikiema.
Baş məşqçi: Rasim Kara.
Qollar: E.Məmmədov, R.Sadıqov, Q.Qurbanov (2) - L.İdahor, M.Pedro, P.Banqura (2).
Vərəqə: yoxdu.
Hakimlər: ASİM XUDİYEV, Elman Musayev, Azər Məmmədov, Babək Quliyev.
16 noyabr. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Bu da son. Karyerasını hələ çoxdan başa vuran sabiq FİFA referisi Asim Xudiyevin final fiti dünən futbola vida edən Qurban Qurbanova da dur dedi. Bu onun eşitdiyi son fit idi. Bu fit həm də seçincdən axan göz yaşlarının başlama işarəsi idi.
Qurbanın vida matçı gözlədiyimizdən də yüksək səviyyədə keçdi. Beynəlxalq dərəcəli hakimlər briqadasının idarə etdiyi matç şou xarakterli olduğundan və məhsuldar keçdiyindən azarkeşlərə zövq yaşatdı. Bəlkə də şou tipli olmasaydı, yerli futbolçularla legionerlərin oyunu daha maraqlı və prinsipial keçərdi. Amma belə də pis alınmadı.
Vaqif Sadıqovun başçılıq etdiyi yerli futbolçular həmişə olduğu kimi, 3-5-2 taktiki sxemiylə düzülmüşdü. Hücumda Qurban - Elşən cütlüyü yer almışdı. Onlara Samir Əliyev dəstək verməli idi. Müdafiə xəttində isə Hacıyev, Əmirbəyov və Vüqar Quliyev yer almışdı. Vaqif Sadıqov dayaq yarımmüdafiə mövqeyində Lıçkini oynadırdı. Rasim Kara isə legionerləri 4-4-2 taktiki sxemiylə meydana çıxarmışdı. Hücumda Banqurayla Ticani Qurbanovun komandasının müdafiə xəttini yarmalıydı. Yarımmüdafiədə isə Engin, Nikolov, Borets və Morris start heyətdə yer almışdı. Millimizin dəyişilməz kapitanı Qurban Qurbanov, legionerlərdə isə ilk yarı Asen Nikolov, fasilədən sonra isə Vladimir Makovski idi.
Xudiyevin start fiti eşidiləndən bir neçə dəqiqə sonra Qurbanovun komandası ilk təhlükəli vəziyyətdən maksimum yararlandı. Elşən Məmmədovun qolu ilk yarıda qapılara vurulan yeganə top oldu. Legionerlər Banqura və çempionatın bombardiri Əhməd Ticaninin ifasında bir neçə dəfə təhlükəli qol vəziyyətləri yaratsa da, fürsətlərdən yararlana bilmədi. Qurbanın komandasının da səbəbkarın iştirakıyla legionerlərin cavabını vermək üçün gözəl imkanları oldu. Amma nə bu epizodda, nə də İlqar Qurbanovun uzaq məsafədən vuruşunda yerlilərin bəxti gətirmədi. İlk yarının sonuncu dəqiqəsində legionerlər hesabı bərabərləşdirə bilərdi. Amma Vüqar Quliyev Banquranı cərimə meydanında yıxsa da, Xudiyev penalti vermədi.
Yeri gəlmişkən, təcrübəli referi bəzi epizodda futbolçuların sərt oynamasına göz yumurdu ki, bu da qarşılaşmanın daha maraqlı keçməsinə hesablanmışdı. Hadisələri qabaqlayaraq qeyd edim ki, Xudiyev cəmi iki dəfə qayda pozuntusu zamanı cərimə zərbəsi təyin etdi və maraqlıdı ki, bunlardan birində səbəbkar qaydanı pozmuşdu.
İkinci yarıya tərəflər əvəzetmələrlə çıxdı. Vaqif Sadıqov Qurbanın vida matçında iştirak edən yeganə "Bakı"lı Rəfael Əmirbəyovu, həmçinin Aftandil, Lıçkin, Vüqar, İlqar, Elşən və Ruslanı oyundan alıb Tağızadə istisna olunmaqla bütün ehtiyatdakıları meydana buraxdı. Zaur isə ikinci yarının ortalarında Mahir Şükürovu əvəzlədi. Karanın ehtiyat oyunçular skamyası isə çox qısaydı. "Bakı"nın legionerləri yaranmış fasilədən istifadə edərək vətənlərinə yollandığından, qalanları isə zədəli olduğundan türkiyəli mütəxəssis ikinci hissənin gedişində fasilədə əvəzlədiyi Banquranı yenidən meydana qaytardı. Nikiema və İdahorun yer aldığı hücuma "Gənclərbirliyi"nin forvardı qoşulandan sonra legionerlər qarşısıalınmaz oldu. Təsadüfi deyil ki, o meydana ikinci dəfə çıxana qədər Qurbanın komandası 3:0 hesabıyla irəlidəydi. İkinci qolu Vidadi Rzayevin ideal ötürməsindən sonra Rəşad Sadıqov vurdu. Üçüncü qol isə komanda yoldaşlarının onun fərqlənməsi üçün səy göstərən Qurban Qurbanovdan gəldi. Karyerasını bitirən hücumçu Miçoviçi ikinci cəhddə məyus edə bildi. Amma qeyd etdiyim kimi, Banqura meydana döndükdən sonra legionerlər ardıcıl iki epizodda qol vəziyyəti yaratdı və bu şanslardan maksimum yararlandı. Legionerlərin ilk qoluna İdahor imza atdı. Az sonra Banquranı cərimə meydançasında yıxan Qurbanın komandasının qapısına Xudiyev penalti təyin etdi. Amma Pathenin estetik aşırma vuruşunu Elxan oxudu. Bununla belə, künc zərbəsindən sonra Banqura daha bir gözəl hərəkətlə - dabanq zərbəsiylə gözəl qol vurdu. Az sonra Qurban özünün ikinci, komandasının dördüncü qoluna imza atdı. Hücumçunun fərqləndiyi bu epizodda "Neftçi"nin qapıçısının kobud səhvini də qeyd etmək yerinə düşər. Amma futbol şousunda qolların ardı-arası kəsilmədi. Legionerlərin üçüncü qolunu matçın qəhrəmanına çevrilən Banquranın daban pasından sonra Morris Pedro vurdu. Daha sonra "Gənclərbirliyi"nin hücumçusu Qurban kimi ikinci dəfə fərqləndi.
Beləliklə, qolçu Qurbanı dostları qollarla yola saldı. "Sülh" hesabı isə sanki razılaşdırılmışdı. Təsadüfi deyil bəzən müdafiəçilər geri qayıtmaqda ləngiyir və sanki çox qol vurulmasına şərait yaradırdı. Oyunboyu futbolçuların bir-birinə qarşı ehtiyatlı oynaması, bir-birini zədələməməyə çalışması da qeyd olunmalıdı. Məsələn, "Kayserispor"da zədə üzündən son vaxtlar oynamayan Sadıqov sərt oyun olacağı təqdirdə heç meydana çıxmazdı. Bu dəfə də o ehtiyatlı davranırdı. Hətta son müdafiəçi mövqeyini Emin Quliyevə "bağışlayan" Rəşad özü orta sahədə yer almışdı.