Dostluq var, güzəşt yoxdu (FUTBOL+, 02.05.2006)

single-news
2 May 2006

Dostluq var, güzəşt yoxdu (FUTBOL+, 02.05.2006)



Mircavadov “qızıl dubl” arzusundadı “Neftçi” bu il də çempion olacaq. Baxın, mən demirəm ki, kuboku da götürəcəyik. Ona görə demirəm ki, biz paxıl deyilik. Onsuz da çempion olub ÇL-ə vəsiqə əldə edəcəyik” - bu fikirlər “ağ-qaralar”ın vitse-prezidenti Ramin Musayevə məxsusdu... “Yarımfinalda rəqibimiz ölkə çempionu, Azərbaycan futbolunun flaqmanıdı. “Neftçi” böyük qardaşımız olub və bu qardaşlığımız davam edəcək. İnanıram ki, hər iki klub Avropaya vəsiqə qazanacaq. Bu şansı əldən verməmək lazımdı. “Neftçi”nin isə çempion kimi avrokubokda oynayacağına inamım böyükdü” - bu isə üç gün öncə “Qarabağ”ın gələcək planları haqda mətbuata açıqlama verən Ağdam klubunun vitse-prezidenti Tahir Gözəlin fikirləridi. Sabah ölkə kubokunun yarımfinal mərhələsi çərçivəsində cavab oyununda üz-üzə gələcək klubların eyni səlahiyyətə malik rəsmilərinin fikirləri arasında müəyyən yaxınlıq sezmək olar. “Neftçi”nin öz xoşuyla vermək istədiyi “hədiyyə”nin sahibi niyə də “Qarabağ” olmasın? Hər halda “ağ-qaralar”la ayrı haqq-hesabı olan “Karvan” və ya “Xəzər-Lənkəran”dansa, ağdamlılar daha məqsədəuyğundu. Amma... Klub rəsmilərinin müxtəlif vaxtlarda səsləndirdiyi fikirlər arasında bağlılıq axtarıb tələsik qərar çıxarmaq da düzgün deyil. Əvvəla, ona görə ki, “Neftçi”nin vitse-prezidenti çempionluqdan əmin-arxayın danışanda komandası zirvədə qərarlaşmışdı və ən yaxın izləyicisindən iki xal irəlidəydi. Amma indi vəziyyət bir qədər fərqlidi. Çempionluq iddiasından geri çəkilməyən “Karvan”ın və liderlərdən cəmi üç xal geridə olan “Bakı”nın təzyiqi “ağ-qaralar”ı yüz ölçüb bir biçməyə vadar edir. Yeri gəlmişkən, Musayev “paxıl olmadıqlarından” danışarkən liderdən beş xal geridə olan “zolaqlılar” baş məşqçisiylə vidalaşmışdı. Amma bu gün həmin xal fərqi bir qələbənin əridəcəyi səviyyəyə qədər enib. Axı “Neftçi” çempionluğun taleyi qeyri-müəyyən olduğu bir məqamda necə zəmanət verə bilər ki... Bəd danışmaq istəmirəm, amma indiki məqamda kubokda mübarizəni dayandırmaq “Neftçi”ni həm Əlinin, həm də Vəlinin aşına həsrət qoya bilər. Odur ki, ilk oyunda atəşkəsə əməl edən və həmin oyundan sonra bəzi şübhələrə yol açan “Neftçi”nin sabah güzəştə getməyəcəyini ehtimal etmək olar. “Neftçi”nin baş məşqçisi Ağasəlim Mircavadov da cavab qarşılaşmasında yalnız qələbəyə oynayacaqlarını deyir: “Hazırlıq əvvəlki oyunlarda olduğu kimi, yəni hərtərəfli şəkildə davam edir. Çalışmalarımızı müxtəlif yönlərdə sürdürürük. Bütün variantları götür-qoy edirik. Əslində hazırlıq təkcə “Qarabağ”la matça yox, qalan oyunlara görə aparılır. Bir-birindən ağır oyunlarımız var. Heyətdə isə bir neçə zədəli oyunçumuz var. Nadir hələ də bütün qüvvəsiylə oynaya bilmir. Tağızadə də əzələsini dartıb. Onların bərpa prosesi istiqamətində ciddi iş aparılır. Amma hər şeyə hazır olmalıyıq. Zədəli oyunçularımız var deyə, gözləyə bilmərik ki. Odur ki məşqlər hərtərəfli qaydada aparılır. Qüvvələrimizi iki yerə bölmək hesabına olsa da, mübarizəni sona qədər aparmaq məcburiyyətindəyik. Baxmayaraq ki, “Qarabağ”la oyundan cəmi üç gün sonra “Bakı”yla üz-üzə gələcəyik. Kubokun indiki mərhələsində geri çəkilməyi ağlımızdan belə keçirmirik. “Neftçi” elə komandadı ki, iki yox, üç cəbhədə də mübarizə aparmağa gücü çatar. Risqə yol verdiyimizi hesab etmirəm. Məqsədimiz “qızıl dubl” etməkdi. Məncə, buna gücümüz çatacaq. Vitse-prezidentimizin fikirlərini zarafat kimi qəbul edin. Çünki kubokdan da geri çəkilmək fikrimiz yoxdu”. Yalnız yarımfinal oyunları başa çatandan sonra mətbuatla təmas quracağını bildirən və bu üzdən daşışmaq istəməyən “Qarabağ”ın çalışdırıcısı Böyükağa Ağayevdən sabahkı oyunla bağlı yalnız bir neçə cümləlik fikir öyrənə bildik. Təcrübəli mütəxəssis “Neftçi”dən güzəşt gözləmədiklərini və öz gücləri hesabına finala adlamağa çalışacaqlarını bildirdi: “Birinci oyundan sonra da şanslar 50-50-yədi. Zədəli oyunçularımızın olması çempionatda istənilən kimi oynamağımıza mane olur. Amma bu pley-off oyunudu. Udacaqsansa mərhələ adlayacaqsan, uduzacaqsansa... Odur ki, zədəlilərimiz də hər şeyi unudub var qüvvəsiylə mübarizə aparmalıdı. İnanıram ki, uşaqlar zədəli olduqlarını hiss etdirməyəcək. Bir sözlə, qələbəyə oynayacağıq. “Neftçi” bizim üçün dost komandadı. Amma bu o demək deyil ki, bizə güzəşt etməlidilər. Bu mübarizədi və komandalar arasında indiyəqədərki oyunların hamısı prinsipiallığı ilə yadda qalıb. Yenə elə olacaq. Hər iki komanda çıxıb bütün gücünü ortaya qoyacaq. Biz buna hazırıq. Sonda kim güclüdüsə, o da qalib gəlib finala adlayacaq”.

Paylaş