Döyüşkən komandaya dirəklər də kömək etdi (FUTBOL+, 27.03.2006)
27 Mar 2006
Döyüşkən komandaya dirəklər də kömək etdi (FUTBOL+, 27.03.2006)
Artıq hakimin start fitinədək Suraxanı qəsəbə stadionunun tribunalarındakı oturacaqların üçdə iki hissəsi azarkeşlər tərəfindən “zəbt olunmuşdu”. Cari mövsüm doğma arenada məğlubiyyətin nə olduğunu bilməyən “Qarabağ”lı tərəfdarlarla “Karvan”ın xal itirəcəyinə inanmayan yevlaxlı azarkeşlərin sayı isə təxminən bərabər idi. Elə ilk dəqiqələrdən Yunis Hüseynovun yetirmələri rəqib meydanında özünü qonaq hiss etmədiyini nümayiş etdirməyə başladı. Daha ehtiyatlı davranan meydan sahibləri getdikcə tarazlığı bərpa etsə də, qarşılaşmanın ilk yarısını “Karvan”ın aktivinə yazmaq daha ədalətli olardı.
İlk təhlükəli həmlə də yevlaxlılardan gəldi. Əvvəlcə Bamba fərdi ustalığı sayəsində “Qarabağ”ın müdafiə istehkamını yarsa da, ona son zərbəni vurmağa Azər imkan vermədi. İsmayılın yeninə yetirdiyi künc zərbəsini Müqədi aşırma vuruşla tamamlasa da, top qapı tirindən geri döndü. Az sonra meydan sahibləri rəqibin qapısı qarşısında təhlükəli vəziyyət yaratdı. Vasifin ötürməsindən sonra Mübariz başla topu “çərçivə”yə göndərmək istəsə də, zərbəsi qeyri-dəqiq alındı. Matçda ən real qol epizodunu da meydan sahibləri yaratdı. Elmir Xankişiyevin sol cinahdan yerinə yetirdiyi cərimə zərbəsini qola çevirmək üçün qapı qarşısında əlverişli mövqedə olan Mübarizə heç kim mane olmasa da, o topu göyə havalandırdı. İlk yarının ortalarında qonaqlar təzyiqi bir qədər də artırdı. Bu dəqiqələrdə “Karvan” ardıcıl 7 dəfə kornerdən asmayla yadda qaldı. Amma qonaqlar bu şanslardan heç birini məntiqi sonluqla tamamlaya bilmədi. Əvəzində “Qarabağ” ikinci dəfə qola çox yaxınlaşdı. 28-ci dəqiqədə meydan sahiblərinin əks-hücumunun qarşısını almaq istəyən İsmayılın topu uzaqlaşdırmaq istəyərkən səhvə yol verməsi az qala qolla nəticələnəcəkdi. Belə ki, onun tərs vuruşundan sonra top Berayaya dəyib Fərid Quliyevin önünə düşdü. Amma “Qarabağ”ın hücumçusu bu hədiyyəni lazımınca qiymətləndirə bilmədi.
İlk yarıda daha baxımlı oyun sərgiləyən komandaların təhlükəli həmlələri bir-birini əvəz edirdi. Fasiləyə bir dəqiqə qalmış “Karvan”ın azarkeşlərinin sevinməsinə yenə də qapı tiri mane oldu. Hava mübarizələrinin əksəriyyətindən qalib ayrılan qonaqların növbəti hücumu zamanı Nəzərin başla “çərçivə”yə göndərmək istədiyi top qapı çatına tuş gəldi.
Birinci hissədə bəzən müdafiənin qayğısına qalmayan “Qarabağ”lılar çox güman baş məşqçinin fasilədə verdiyi tapşırığa əsasən ikinci yarıda irəlidə oynamağa o qədər də həvəsli görünmürdü. Meydan sahibləri orta sahəni gücləndirib, pressinq hesabına topa daha çox nəzarət etməyə çalışırdı. Təcrübəli çalışdırıcının bu taktikası “Bakı”yla kubok oyununda olduğu kimi özünü doğrultdu. Yunis Hüseynovun ikinci yarıda əl atdığı əvəzetmələr də nəticəni dəyişməyə bəs etmədi. Fasilədən sonra amansız mübarizə davam etsə də, komandalar hərəyə bir dəfə real qol imkanı qazandı. Bəxti gətirməyən “Karvan” Markus Fereyranın ifasında daha bir dəfə qapı tirini nişan aldı. 65-ci dəqiqədə isə Qoqanın uzaq məsafədən təhlükəli vuruşu yaddaqalan oldu. Beləliklə, “Qarabağ”ın Suraxanıda məğlubiyyətsiz oyunlar seriyasını qıra bilməyən qonaqlar vacib iki xal itirməklə liderliyi də əldən verdi.
Yunis Hüseynov, “Karvan”ın baş məşqçisi: “Qarabağ”la oyunun çətin keçəcəyini bilirdik. Onlar kubokda “Bakı”nı üstələyərək, mərhələ adlayıb. Rəqibin döyüşkən, əzmkar olması xoşuma gəldi. Qələbə qazana bilməməklə “Karvan”ı istəməyənləri sevindirdik. Sevinirəm ki, rəqiblər bizdən çəkinir. İddiamızdan geri çəkilməyəcəyik. Söz verirəm ki, “Karvan” həm kuboku, həm də çempionluğu qazanacaq”.
Böyükağa Ağayev, “Qarabağ”ın baş məşqçisi: “Karvan”ın “İnter”lə keçirdiyi oyunu izləmişdim. Yunis Hüseynovun yetirmələri həmin qarşılaşmada bütün komponentlərdə rəqibini üstələmişdi. Sevinirəm ki, itkilərə baxmayaraq, qarşılaşmadan alnıaçıq çıxa bildik. Qazandığımız bir xalın bizim üçün elə də əhəmiyyəti yoxdu. Amma bu bir xal başa-baş mübarizə aparan və ardıcıl ikinci güclü rəqibi büdrədən yetirmələrimdə özünəinam hissini gücləndirdi. Düzdü, uşaqlarda ustalıq səviyyəsi yüksək deyil. Bununla belə, əzmkarlıq hesabına döyüşkən komanda formalaşdıra bilmişik”.