Dramatik matçda Kurçubiç qovuldu (FUTBOL+, 23.02.2006)
23 Fev 2006
Dramatik matçda Kurçubiç qovuldu (FUTBOL+, 23.02.2006)
Ötən tur qələbə qazana bilməyən rəqiblər heyətinə əl gəzdirmişdi. Ağdamlılarda yeni transfer olunan serblər meydanda yox idisə, Egidius Yuşka debüt şansı qazanmışdı. Böyükağa Ağayev Samir Musayevi də ehtiyatda saxlamışdı. Qonaqlarda isə cəzasını bitirən Saşa Kovaçeviçlə yanaşı Zaur İsmayılovla Elmir Alıyev heyətə dönmüş, əvəzində Samir Mütəllimov və Xəyal Mustafayev ehtiyata göndərilmişdi.
Oyunun ilk dəqiqələri taktiki yöndə də yeniliklərin olduğunun göstərdi. Ağdamlılarda Vasif Haqverdiyevlə Azər Məmmədov yerlərini dəyişmişdi ki, sonuncu adəti üzrə sol yox, sağda yer almışdı. Əks tərəfdə də müdafiənin soluna çəkilmiş Vüqar Quliyev diqqəti cəlb edirdi. Zaur İsmayılovun mərkəzə çəkilməsi və sağ cinahda Nizami Hacıyevin yer alması da qeyd olunmalıdı.
Matçın ilk yarısını “Olimpik”in hesabına yazmaq olar. Yuşkanın hərəkətsizliyi, Romalın passivliyi ilə yadda qalan bu dəqiqələr mütəxəssisin təcrübəliləri ehtiyatda oturtmaqla səhv etdiyini düşünməyə əsas verirdi. Düzdü, Mübariz Orucov öz cinahında durmadan çalışırdı. Elə İraklinin də əməyini danmaq olmaz. Amma gəncdər yığmasının üzvü zədələnərək meydandan çıxmaqla komandasını daha çətin durumda qoydu. Bu vaxt məğlub durumda olan komandanın fanları zədələnməni “Samir, Samir” sədalarıyla qarşıladı. Bununla da başlayan əvəzetmələr həlledici oldu. Meydana daxil olan futbolçular oyunun axarını dəyişməyə müvəffəq oldu. İlk yarıda daha çox Mübarizin sayəsində nəticədə əks olunmayan cüzi ərazi üstünlüyü açıq-aşkara çevrildi. İkinci yarıda isə Amil Ağacanov və fədakarca müdafiə olunan qonaqların əzmkarlığı belə təzyiqə tab gətirmirdi.
Bütün qolları paytaxt futbolçularının ayağına da yazmaq olar. Fasiləyədək sağ cinahla həmlələrə üstünlük verən qonaqların 9 oyunluq qol həsrəti də burdan gerçəkləşən hücumla vuruldu. Saşa Kovaçeviçin asmasından sonra qapı önündəki qarışıqlıqda top oyunçulardan birinə dəyib tora düşdü. Amma “Qarabağ” bərabərlik qolunun vurdu. Usim Ndukanın səhvindən topa sahib olan İraklinin zərbəsi dəf olunsa da, Mübariz özünü yetirib azarkeşləri ayağa qaldırdı. Bütün standart vəziyyətlərdə irəli gedən nigeriyalı bu səhvini tezliklə düzəldə bildi. Abdulkadirin künc zərbəsindən ünvanladığı topa baş zərbəsi vuran afrikalı bir də matçın sonlarında səhnəyə çıxdı. Buvaxtadək hesab bərabərləşdiyindən Mübarizin asmasına başla toxunan Usim avtoqolla birgə məğlubiyyəti də rəsmiləşdirdi.
Matçın ən diqqətçəkən anları isə hesabın bərabərləşməsiylə birgə başladı. Cərimə meydanına daxil olan Elmiri dayandırmaq istəyən müdafiəçinin hərəkəti penalti kimi dəyərləndirildi. Qonaqların etirazına baxmayaraq üzünü tutub yıxılan yarımmüdafiəçiyə görə referi 11 metrlik nöqtəni göstərdi. Elə bundan sonra da hakim bir neçə şübhəli qərar verdi ki, bunlar da daha çox nəticə yox, vərəqəylə bağlı idi. Konkret Aslan Kərimovu bağışlayan Anar Niyazovun Elmirə sarı yox, qırmızı göstərməsini tələb edən Kurçubiçsə texniki zonadan da qovuldu. Amma həmin 88-ci dəqiqəyədək oyunun taleyi həll olunmuşdu.
Böyükağa Ağayev, “Qarabağ”ın baş məşqçisi: “Matçdan əvvəl Çilinşekin xəstələnməsi bizi dəyişiliklərə vadar etdi. Buraxdığımız qollar da müdafiədəki anlaşılmazlığın nəticəsiydi. Əvəzetmələr sayəsində istəyimizə çatdıq. Amma rəqibin əzmkarlığı bizə çətinlik yaşatdı”.
Peter Kurçubiç, “Olimpik”in baş məşqçisi: “Ərazi üstünlüyünə sahib rəqib bizdən güclü idi. Buna görə məğlubiyyətə üzülmürəm, hakimliyin səviyyəsinə acıyıram. Bu gün referi bizə oynamağa da imkan vermədi”.