Əcnəbilər Azərbaycanda- Engin Özmən (525-Cİ QƏZET, 07.05.2005)
7 May 2005
Əcnəbilər Azərbaycanda- Engin Özmən (525-Cİ QƏZET, 07.05.2005)
Mustafa Engin Özmen
Təvəllüdü: 23 iyul 1976
Milliyyəti: türk
Boyu: 181 sm
Çəkisi: 73 kq
Ampluası: yarımmüdafiəçi
Karyerası: "Ankarademirspor", "Ankaragücü", "Cizrəspor" (hamısı Türkiyə), "Qarabağ" (Azərbaycan)...
Ailə vəziyyəti: evli
Türklərin himayəyə götürdüyü "Qarabağ" futbol klubunun heyətində də iki türkə rast gəlmək mümkündür. Bunlardan biri - Mustafa Engin Özmen son turlarda nümayiş etdirdiyi oyunla diqqət mərkəzinə düşüb. Amma qətiyyətlə demək olar ki, Özmen təkcə oyunuyla deyil, həm də davranışı, sadəliyilə komanda yoldaşlarından seçilir. O, "Qarabağ"ın baş direktoru Emrah Çelikelin vasitəsilə milli çempionatın birinci dövrəsinin sonlarında ölkəmizə təşrif buyurub. Mustafa Engin deyir ki,
AZƏRBAYCANDA OYNAYACAĞIMI
AĞLIMA DA GƏTİRMƏZDİM.
Türk yarımmüdafiəçi burda yaşadığı ilk 15-20 gün müddətində çətinliklərlə üzləşib: "Azərbaycan legioner həyatı yaşadığım birinci ölkədir. Bilirdim ki, problemlərim olacaq, amma gəlməyə razılıq verdim. Tədricən kluba, şəhərə öyrəşdim. Yaxın yoldaşlarım qürbətdə olduğumu mənə unutdurdu. Burda oynadığıma görə qəti peşman deyiləm".
Klub rəhbərliyindən və komanda yoldaşlarından məmnun qalan futbolçunun dillə bağlı problemi var. Baş məşqçi İqor Ponomaryov məşqləri öz "doğma" dilində, yəni, rusca keçir. Komanda yoldaşları Ponomaryovun sözlərini türk yarımmüdafiəçiyə tərcümə edirlər. Nəhayət, son prosesi Mustafa özü yerinə yetirir: "Sonda azəri türkcəsini özüm üçün türk dilinə çevirirəm. Baş məşqçinin dedikləri üç dilin qarşılığı sayəsində mənə çatır". Elə buna görə də, Mustafa qərara alıb ki, rus dilini təcili öyrənsin. Deyəsən, o, İqor Ponomaryova xəcalət vermək fikrindədir.
"ZAUR TAĞIZADƏ "BEŞİKTAŞ"DA
OYNAYA BİLƏR".
"Azərbaycanlı futbolçulardan kimi Türkiyədə oynamağa layiq bilirsən" sualına Özmen cavab verdi ki, Zaurun oyununa heyran qalıb: "Zaur çox sürətlidir. Əvvəllər onu qiyabi tanıyırdım. "Neftçi"yə qarşı matçda Zaura daha yaxından bələd oldum. "Beşiktaş" məşqçiləri yarımmüdafiənin sağ cinahındakı problemi onun sayəsində həll edə bilər". Mustafanın fikrincə, Azərbaycanın 7-8 klubunun Türkiyə superliqasında mübarizə aparmağa qüvvəsi çatar.
Türk komandasının şanslarını da qiymətləndirdi: "Qarabağ"ı 90 faiz çempion görürəm. Arzum "Qarabağ"la çempionluq sevinci yaşamaqdır". Yarımmüdafiəçinin Ağdam klubuyla müqaviləsinin müddəti gələn mövsümün ortasında bitəcək. Mustafa deyir ki, əgər həmin dövrdə "Qarabağ" rəhbərliyi ondan narazı olmazsa, niyə də bu komandada qalmasın.
BORŞU SEVMƏYƏN FUTBOLÇU
milli mətbəximizin digər təamlarını ləzzətlə yeyir. Mustafa Yasamalda qalır. Bu ilin yanvarında Antalyada keçirilən təlim-məşq toplanışından sonra ailəsini də Bakıya gətirib. O, paytaxtımızın sakinlərinin ailəsinə göstərdiyi münasibətindən ağızdolusu danışdı: "Hamı əlindən gələn köməyi əsirgəməməyə çalışır". Futbolçu asudə vaxtının çoxunu ailəsinə sərf edir. Evdə olanda internetdə işləyir, "Playstation" oynayır. Arabir şəhərimizin mərkəzi küçələrinə gəzməyə çıxır. Hə, Mustafanın bir prinsipi də var: "Artıq tamah baş yarar". Yəni, naşükür deyil, tamahkarlıqdan zəhləsi gedir. Deyir ki, Bakıdakı qazancı onu tam qane edir.