"Ədliyyə"dən "Qarabağ"a ağır zərbə (525-ci qəzet, 27.04.2005)

single-news
27 Apr 2005

"Ədliyyə"dən "Qarabağ"a ağır zərbə (525-ci qəzet, 27.04.2005)



Deyəsən, "Ədliyyə" 2004/05-ci il mövsümündəki zəif çıxışının hayfını "Qarabağ"dan almaq arzusunda imiş və artıq bu istəyinə çatıb. Turnir cədvəlinin 16-cı pilləsində qərarlaşan, 28 oyundan cəmi 4-də qələbə qazanan Bakı komandası "Qarabağ"a qalib gəlməklə çempionatın ən böyük sensasiyasına imza atdı. Dünənki məğlubiyyət "Qarabağ"ın çempionluq şanslarını sual altında qoydu. Çünki "Ədliyyə"nin qələbəsi sayəsində "Neftçi", həm də potensial olaraq "Xəzər-Lənkəran" Ağdam təmsilçisini üstələyib. Qarşılaşmaya gəlincə, rüsvayçılıqdan bixəbər "Qarabağ" futbolçuları oyuna fəal başlayıblar və 32-ci dəqiqədə Aqil Məmmədov hesabı açıb. Ancaq matçın son 15 dəqiqəsində arxayınçılığa yol verən İqor Ponomaryovun yetirmələri bunun acısını çəkiblər. 78-ci dəqiqədə Teymur Dadaşov hesabı bərabərləşdirib. Hakimin əlavə etdiyi birinci dəqiqədə isə Samir Zərgərov qələbə topunu vurub- 2:1. Digər matçda Qazaxın "Göyəzən" komandası "Şəmkir"in qapısından iki cavabsız top keçirib. Milli çempionatda növbəti turun oyunları mayın 3-4-də gerçəkləşəcək.

Paylaş