Əfran 5, Dekabr seriyası davam edir. Araşdırma
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
Əfran 5, Dekabr seriyası davam edir. Araşdırma
`Qarabağ`ımız premyerliqanın XVII turunda `Rəvan`ı qəbul etdi. Gərgin keçən oyun sonda komandamızın 2:0-lıq qələbəsiylə yekunlaşdı. `Qarabağ`ımız birincilikdə 8-ci qələbəsini qazanmaqla yanaşı ilin son ev oyununu 3 xalla bitirdi. Ümumiyyətlə, `Rəvan` ilk dəfə Ağdama təşrif buyursa da, `Qarabağ`ın Quzanlı qurbanlarının sırasına düşdü. Bu oyun eyni zamanda bir sıra məqamlarla da yadda qaldı.
`Qarabağ`ımız `Rəvan`ın sələfi olan `Muğan`la ötən mövsüm məhz qış fasiləsindən 1 tur öncə ev oyununda amma Suraxanı qəsəbə stadionunda qarşılaşmış məhz 2 :0lıq qələbə qazanmışdı. Dekabrın 18-də baş tutan oyunda Rəşad Sadiqov və Vüqar Nadirovun qolları qələbə gətirmişdi.
`Rəvan`a vurulan hər 2 qolun müəllifi olan Əfran İsmayılov isə cari mövsüm 5-ci dəfə qola sevindi. Bununla da, komandamızın bombardirinə çevrilən 23 yaşlı futbolçu karyerasının artıq ən yaxşı göstəricisinə imza atdı. Belə ki, 2009-2010 mövsümündə 5 qola imza atan Əfran zədə üzündən böyük hissəsini boşa verdiyi ötən mövsüm sadəcə bir dəfə fərqlənmişdi. Bu il artıq 5 dəfə fərqlənən İsmayılovun kubokda da bir qolu olduğunu qeyd edək.
Bu dubl eyni zamanda Əfranın karyerasında 3-cü oldu. İlk dəfə 2010-2011 mövsümündə `Portadaun`la Avroliqa mücadiləsində dublla komandamıza Şimali İrlandiyada əzmkar qələbə qazandırmışdı, (1:2). Bu il ilk turdan təxirə salınmış oyunda `Neftçi` qarşısında qol hesabı dublla açsa da sonda 3:2-lik məğlubiyyət qeydə alınmışdı. Amma sonuncu dublunda Əfran eyni zamanda ilk dəfə penaltiylə fərqlənərək siftə etdi.
`Qarabağ`ımız bu qələbəylə həm də uğurlu dekabr seriyasını davam etdirdi. Maraqlıdı ki, ötən il `Qarabağ`ımız ilin son ayında keçirdiyi 4 görüşdə qələbə qazanmış, sadəcə `Xəzər-Lənkəran`la son oyunda qapısında qol görmüşdü. Maraqlıdı ki, komandamız bu il də ilk 3 görüşdə qapısında qol görməsə də, məhz `X-L`-lə Lənkəranda baş tutan oyunda qələbə qazana bilməsə də qol buraxmayıb.
`Qarabağ` Fk məbuat xidməti