Əfran İsmayılov:`Neftçi` ilə oyunda...`

Əfran İsmayılov:`Neftçi` ilə oyunda...`
Bazar günü premyerliqada ilk iki pillənin sahibi olmala yanaşı Azərbaycan futbolunun ən köklü 2 klubu qarşılaşacaq. Son zamanlar əla sürət yığan `Qarabağ`ımız `Neftçi`nin qonağı olacaq. Komandamız bakılılara qarşı milli oyunlar səbəbindən tam heyətlə çalışa bilməsə də, komandamız əzmlə final mərhələsinin 3-cü turuna hazırlaşır. Yaranmış fasilə zamanı `Simurq`la baş tutan yoxlama oyununda komandamızda ən yaxşılardan biri Əfran İsmayılov idi. Zaqatalıların qapısına möhtəşəm qol vuran 22 yaşlı yarımmüdafiəçi `Neftçi`ylə oyun haqqında saytımıza danışıb:`Neftçi`ylə oyuna digər komandalara qarşı olduğu kimi yanaşırıq. Düzdü, tam heyətlə məşq edə bilmirik. Amma demək olar ki, belə duruma alışmışıq. `Neftçi` cari mövsüm olduqca uğurlu çıxış edir. Çətin oyun olacaq.`
Əfran cari birinciliyin ilk oyununda `Neftçi`ylə oyunda zədələnərək sıradan çıxmışdı:`Artıq bu hadisəni unutmuşam. Zədə futbolun ayrılmaz hissəsidi. Belə baxanda zədələndiyim epizodda `Neftçi`nin oyunçusunun günahı yox idi. Artıq bazar günü baş tutacaq qarşılaşmanı fikirləşirəm.`
Əfran `Qarabağ`ımızın 9 oyunluq qələbə seriyası haqqında isə:`Artıq təsnifat mərhələsini unutmuşuq. Final mərhələsinin ilk 2 turunda qələbə qazanmağımızı daha çox qiymətləndirirəm. Bu bir psixoloji üstünlükdür. `Neftçi`nin də oyuna qələbə üçün çıxacağını fikirləşirəm. Amma bizim daha istəkli olduğumuzu düşünürəm. Çünki, biz çempionluğu daha çox istəyirik. Hər halda mən öz komandamızın yanğısını bilirəm. Amma `Neftçi`ylə oyun heç də həlledici deyil.Qələbə qazanmasaq dünyanın sonu olmayacaq.`
Premyerliqada cari mövsüm 1 dəfə fərqlənən Əfran bakılılarla oyunda qol vurmaqda barəsində nə fikirləşir:`Təbii ki, qol vurmaq istərdim. Amma komandamın qələbəsinə üstünlük verirəm. Kimin qol vurmasından asılı olmayaraq qələbə mənim qol vurmağımdan daha vacibdir. `Neftçi` ilə oyun elə olacaq ki, bir qol həlledici ola bilər. `Neftçi` lider olaraq hücuma üstünlük verəcək, qələbə qazanmağa çalışacaq. Ona görə yüksək zövqlü oyun olacaq.`
Əfran prinsipial oyun öncəsi azarkeşlərə də səsləndi:` Azarkeşlərimiz hər yerdə bizə dəstək verir. Amma istəyirəm ki, stadiona da gəlib bizi dəstəkləsinlər. Oyunumuza nə qədər çox azarkeş gəlsə bir o qədər yaxşı oynayacağıq. Ona görə də bütün `Qarabağ` azarkeşlərini bazar günü Respublika stadionuna çağırıram. `