Eks-“Gəncə”lilər “Qarabağ”a qələbə qazandırdılar (ÇEMPİON, 13.02.2006)

single-news
13 Fev 2006

Eks-“Gəncə”lilər “Qarabağ”a qələbə qazandırdılar (ÇEMPİON, 13.02.2006)



“Qarabağ”a yeni baş məşqçi təyin edilən Böyükağa Ağayevi oyun öncəsi yalnız bir şey narahat edirdi. Qapıçı Cahangir Həsənzadə zədə səbəbindən matçı buraxmalı idi. Onun çərçivədəki yerini isə Vitali Kovayov tutmuşdu. Oyuna sürətli hücumlarla başlayan ağdamlılar Samir Musayevlə iki dəfə qola yaxın oldular. Az sonra “Turan”da oynayan azsaylı təcrübəli oyunçulardan olan Rüfət Quliyevin cərimə zərbəsindən vurduğu topu Kovalyov çıxara bildi. Cavab hücumunda Aslan Kərimov üç metrdən topu qapıdan keçirə bilmədi. Sonra Samirin zərbəsini Kamran Ağayev dəf etdi. Hücumlarını davam etdirən “Qarabağ” rəqib müdafiəsini asanlıqla keçirdi. Belə hücumların birində Aslan sağ cinahdan iki oyunçunu keçib Qoqa Berayaya ötürmə etdi. Onun zərbəsini isə Kamal Ələkbərov boş qapıdan çıxardı. Komandalar fasiləyə qolsuz bərabərliklə getsələr də, ikinci hissədə təşkil edilən ilk ciddi hücumda hesab açıldı. Eks-”Gəncə”lilərin təşkil etdiyi hücumda Sergey Sokolovun ötürməsini İrakli Beraya qapıdan keçirdi. Bundan sonra görüşün sonuna qədər Samir üç, İrakli isə bir vəziyyəti boşa verdilər. “Turan”ın matçda yaratdığı yeganə epizoddan isə Vüsal Qarayev yararlana bilmədi. Görüş ərzində daha bir maraqlı hadisə baş verdi. 73-cü dəqiqədə Romal Hüseynov rəqibə arxadan zərbə vurdu. Bu vəziyyətdə ikinci sarı vərəqə almalı olan oyunçunu isə referi İmanxan Sultani bağışladı. Onun final fiti isə “Qarabağ”ın ikinci dövrədəki ilk qələbəsini rəsmiləşdirdi. Sakit Alıyev: (”Turan”ın baş məşqçisi): “Pis oynamadıq. Heyətin gənc olması məğlubiyyətimizin əsas səbəbi oldu”. Böyükağa Ağayev (”Qarabağ”ın baş məşqçisi): “Bir neçə oyunçunun komandaya yeni qoşulması sözünü dedi. Buna görə də istədiyimiz oyunu göstərə bilmədik”.

Paylaş