EKS "QARABAĞ"LINİN MİLLİ HAQDA FİKİRLƏRİ...
EKS "QARABAĞ"LINİN MİLLİ HAQDA FİKİRLƏRİ...
“APA-Sport” agentliyinin məlumatına görə 23 yaşlı eks "Qarabağ"lı Romal Hüseynov bildirib ki, milli komandanın da sükanı arxasında olan baş məşqçi Qyoko Hacievski onu Finlandiya və Belçika ilə oyunlara çağırıb: “Hacievski məni heyətdə görmək istəsə də, zədəli olduğumdan təklifi qəbul etmədim”. Növbəti oyunlarda milli komandadan dəvət alacağına inanan yarımmüdafiəçi təcrübəli futbolçuların qaytarılmasını dəstəkləyib. R.Hüseynov yeni komandadan qələbə gözləməyin düzgün olmadığını bildirib: “Təcrübəsiz yeni heyətdən qələbə gözləmək olmaz. İnanıram ki, bu komandanın oyun təcrübəsi artsa, istənilən yığmanı cəzalandırmaq olar. Bizim üçün Almaniya kimi dünya səviyyəli milli komanda ilə oynamaq fəxrdir. Biz onlardan xal götürə bilsək, təsəvvür edirsiniz, Azərbaycan dünyada necə reklam olunacaq. Finlandiyanı Bakıda məğlub etmişik, Uels millisi ilə heç-heçə etmişik. Lixtenşteyni isə udmağa borcluyuq. Fikrimcə, ən maraqlı oyunumuz Bakıda çoxlu azarkeşi olan Rusiya millisi ilə olacaq ki, onları da cəzalandıra bilərik. Bir sözlə, bu dəfə elə də çətin qrupa düşməmişik və şəxsən mən də 2010-cu il dünya çempionatının final mərhələsinə çıxacağımıza inanıram”. /APA-Sport/