Elçin Rəhmanov: “Hər matça üç xal üçün çıxırıq”
Elçin Rəhmanov: “Hər matça üç xal üçün çıxırıq”
Misli Premyer Liqasının VIII turunun “Qarabağ” – “Sumqayıt” oyunundan (5:0) sonra komandamızın məşqçisi Elçin Rəhmanovun mətbuat konfransı keçirilib. 44 yaşlı mütəxəssis qarşılaşma barədə fikirlərini açıqlayıb:
“Komanda çempionatda ən yaxşı oyunlarından birini keçirdi. Verilən tapşırıqların hamısı 90 dəqiqə ərzində yerinə yetirildi. Futbolçular həm müdafiədə, həm hücumda məzmunlu futbol nümayiş etdirdilər. Oyunçuları, azarkeşləri təbrik edirəm. Vacib üç xal qazandıq. Fasilədə Qurban Qurbanovla oyundan qopmamaq, tempi qorumaq barədə danışdıq. Onun texniki zonada yoxluğu hiss olunurdu. Biz öz oyunumuzu yaxşılaşdırmaq barədə düşünürük. Hər matça üç xal üçün çıxırıq”.
Rəhmanov UEFA Avropa Liqasının “Hakken”lə səfər matçı və ayrı-ayrı futbolçuların durumuna da toxunub: “Hakken”lə qarşılaşmaya ayrı hazırlaşırıq. Son vaxtlar sıx qrafikdə oynayırıq. Görüşə qədər vaxtımız olacaq. Matçdan iki gün əvvəl səfərə yollanacağıq. Bədavi Hüseynov zədədən sonra heyətə dönüb. Bu gün onu çox riskə atmadıq. Bədavi İsveçdəki görüşdə daha yaxşı fiziki durumda olacaq. Maksim Medvedev 90 dəqiqə oynamağa hazırdır. O, təcrübəli futbolçudur. Andrey Lunyov təxminən uzun müddət oyun praktikasız qalmışdı. Ona görə daha çox şans veririk. Qapıçı keçirdiyi matçlarda özünü yaxşı tərəfdən göstərir”.