Elmar Elmirin Məktubları (futbol+, 19.11.2006)

single-news
19 Noy 2006

Elmar Elmirin Məktubları (futbol+, 19.11.2006)



"Xəzər-Lənkəran"a qarşı və lehinə! "Qarabağ" "Karvan"la oyunda iki xal itirməsinə baxmayaraq, rəqibini potensial liderlikdən məhrum etdi. Cari mövsümdə ilk dəfə turnir cədvəlində müəyyən dərəcədə oyun sayında bərabərlik yarandı və bu tarazlıq "Xəzər-Lənkəran"ı çempionatın vahid lideri elan edir. Lənkəranlılar dövrəni hamıdan öndə bitirməyin biraddımlığındadı və artıq çempionluq planları ciddi götür-qoy obyektinə çevrilib. Cənub təmsilçisi futbolu olmayan Azərbaycanın ən yaxşısı ola bilərmi? Amma bu sualı başqa formada səsləndirmək daha düzgün olardı - "Xəzər-Lənkəran" "Neftçi"ni 70 illik yubileyində titulsuz qoymaq iqtidarındadırmı? AFFA dövrələrarası fasilədə növbəti islahatlar dalğasıyla yadda qalmasa, "qızıl" uğrunda məhz "Xəzər-Lənkəran"la "Neftçi" mübarizə aparacaq. Startakı uğursuzluqdan sonra paytaxt klubu hesabdan silinməyə başlasa da, hazırda liderdən cəmi beş xal geri qalır. Ona görə "cəmi" ki, çempionatın sonuna hələ 14 oyun var. Ona görə "cəmi" ki, bu xalların yarısından çoxunun əvəzini elə lider "Xəzər-Lənkəran"la ev oyununda çıxmaq olar. Düzü, mən "Neftçi"ni yubileyində "qızıl"sız təsəvvür etmirəm. Amma əminəm ki, cənublular iki il öncə Gəncədə itirdiyinin qisasını almaq üçün hər şey edəcək. Hər şey etməyə naməlum səbəblərdən dünya futbol ensiklopediyasında rast gəlinməyən "flaqman" adını daşıyan "Neftçi" də hazırdı... Bizi əsl döyüş gözləyir! ...Mövsümün taleyini klublararası münasibətlər də həll edə bilər. "Bakı" son illər qan uddurduğu "Neftçi"ylə önəmli derbini uduzsa da, matç qalmaqalsız ötüşdü. Vaxtilə "zolaqlılar" hər xal itkisinə pərdəarxası ssenari düzüb-qoşurdu. Ölkənin ən titullu klubuna məğlubiyyət isə rahat həzm olundu. Oyundan sonra keçirilən mətbuat konfransında öz təbirincə desək, ölkənin məşqçi sexində yeni eraya start verən Böyükağa Hacıyev məni yaman təəəccübləndirdi, səbəbkarlardan - "Bakı"yla "Neftçi"dən çox - "Xəzər-Lənkəran"dan danışdı: "... İkinci dövrədə onların Bakıda dörd oyunu var..." Bu və bir növbəti sitat çoxmənalıdı. Görün, "Neftçi"nin vitse-prezidenti Ramin Musayev nə deyir: "Keçən il, gələn il olmasa da, bu il çempion olmalıyıq". Şübhə doğurmur ki, ölkənin ən titullu klubu yubileyini "qızıllaşdırmaq" üçün hər şey edəcək! Amma paytaxt klubu son iki ciddi matçında hakim Fariz Yusifovun səhvi və rəqib futbolçunun hədiyyəsi hesabına qələbə qazanıb. Ardıcıl dörd qələbədən sonra "Neftçi"ni ölkə kubokunda turnirin son qalibi "Qarabağ"la oyun, çempionatda isə növbəti Bakı derbisi gözləyir. Şəxsən mən "Qarabağ"ın əzəli rəqibinə yubiley ilində belə güzəştə getməyəcəyinə arxayınam. Düzdü, bu cüt bəribaşdan ikinci dövrədəki oyunun taleyini həll etmək niyyətinə də düşə bilər. Hər halda, Azərbaycan reallığında klub rəhbərliyində təmsil olunan şəxslərin komandalarının tarixi münasibətlərini kölgədə qoyacağını istisna etməmək də olar. "Olimpik" isə daha incə məsələdi. Bilməyənlər də bilsin ki, bu klubun rəhbərliyində cənub bölgəsindən olan şəxslər təmsil olunur. Odur ki, "təyyarəçilər"in "Neftçi"yə üç xal "bağışlayacağı" inandırıcı deyil. Bu isə o deməkdi ki, Fariz Yusifov qalmaqalı təkrarlanmasa, Bakı derbisində döyüş gözlənilir. "Bakı"da əkdiyi ağacın barını ədalətsiz şəkildə görə bilməyən Əsgər Abdullayev derbidən üç xalla ayrılacağı təqdirdə yeni komandası "Olimpik"i fasiləyə turnir cədvəlində sabiq klubunun üstündə apara bilər. "Xəzər-Lənkəran"ın düşərgəsində də bu görüşə böyük önəm verilməlidi. Bəlkə də cənublular "Olimpik"ə mükafat vəd edəcək, bəlkə də sadə azarkeş rolunu oynayacaq. Amma istənilən halda bu oyun çox mətləblərə aydınlıq gətirəcək. Bu oyun mənim bu dəfə təxirə saldığım məktubun üslubuna da ciddi təsir edəcək... "Quru çempionat" Mövsümün "Avropa dili" ilə desək, daha bir həftəsi keçdi. Yetərincə maraqlı alınan tur turnir cədvəlində diqqətçəkən dəyişikliklər etdi. "Qarabağ"a mövsüm ərzində yeganə məğlubiyyətini yaşadan "Xəzər-Lənkəran" artıq vahid liderdi. "İnter" və "Bakı"nın minimal hesabla uduzması isə yenidən "Neftçi"ni liderin əsas rəqibi etdi. Baxmayaraq ki, yalnız "Karvan" itirilməyən xallara görə lənkəranlılardan geri qalmır. Amma "Simurq"la heç-heçə bir daha təsdiqlədi ki, legioner limiti Yevlax təmsilçisi üçün "Domokl qılıncı" funksiyasını yerinə yetirməkdədi. Turnir cədvəlində müntəzəm dəyişikliklərin baş verməsi xoş hal sayılmalıdı. Amma bu fakt ilk növbədə çempionatın səviyyəsindən xəbər verirsə... Bizdə adətən medallar uğrunda bir neçə komanda mübarizə aparırsa, tərəqqidən danışmağa başlayırlar. Və bir papağını önünə qoyub fikirləşən yoxdu ki, səviyyəsizliyinə şübhə yeri olmayan birinci dəstəmizdə də qəşəng-qəşəng komandalar var və mövsümün sonunda onlardan hər hansı biri, ya da ikisi qalib ünvanını qazanacaq. Başqa sözlə, qələbə, titul uğrunda mübarizə aparanların kəmiyyəti birmənalı olaraq keyfiyyət göstəricisi sayıla bilməz! Bu sadəcə, rəqabət səviyyəsidir. Başqa sözlə, çempionatımızda səviyyəsi aşağı, lakin bir-birinə təxminən bərabər bir neçə komanda var: "Xəzər-Lənkəran", "Karvan", "Neftçi", "İnter" və "Bakı". Çempionatımız haqda belə bədbin fikirdə olmağım əsassız deyil. Son turda qapılara 6 oyunda cəmi 8 top vuruldu və heç bir oyunda rəqiblər birlikdə üç qol həddinə çata bilmədi. Qolsuz futbolun baxımsız olması isə mübahisəyə ehtiyac saxlamayan faktdı. Çempionatımız baxımsız keçirsə, deməli, iştirakçıların səviyyəsi aşağıdı. Əlbəttə, böyük çempionatların böyük komandaları da bəzən qol və ya qolçu problemi yaşayır. Amma hazırda söhbət ümumi göstəricidən gedir. Məsələn, az qollu olmasıyla ad çıxaran İtaliyanın A seriyası məhsuldarlığına görə qolluluğuyla seçilən İngiltərə premyer-liqasından azca geri qalır. Son illərin statistikası isə göstərir ki, aparıcı qitə ölkələrinin hamısında məhsuldarlıq göstəricisi təxminən bərabərdi və ən pis halda belə "2"-dən bir qədər aşağı düşə bilər. İndi, buyurun, bir fakta diqqət yetirin: 11 turdan sonra milli çempionatımızın orta məhsuldarlığı cəmi 1,126 topdu! İnandırıcı görünməsə də komandalarımız indiyədək 119 oyunda cəmi 134 qol vura bilib. Bu fakt futbolumuzun səviyyəsi haqda doğru rəy formalaşdırmağa imkan yaradır. Amma kimə şikayətlənəsən? Bəlkə futbolçuların özlərinə bir iki söz demək yerinə düşərdi. Azərbaycanda top qovan bütün peşəkar futbolçuların nəzərinə! Siz hər oyuna çıxarkən qələbə, yəni qol vurmaq haqda düşünürsüz. Bu iş sizin peşəniz sayılır. Öz aramızdı, gəlirli sahədə çalışırsız. Amma deyəsən, yaxşı işə sahib olmağınızın ən başlıca səbəbi inhisarçılıqdı. Bu ölkədə daha futbolçu yetişmir, burda legionerlərə oynamağa icazə verilmir. Ancaq siz qalmısız! Oynamasaz da qazanırsız. Siz hamınız birlikdə 90 dəqiqə ərzində 1,126 qol vurmağa qadirsizsə, buna nə ad vermək olar? Əlbəttə, futbolda qaçmaq da lazımdı, tullanmaq da, döyüşmək də, lap elə vuruşmaq da. Amma futbol yalnız bunlardan ibarət deyil axı! Biz həmişə texnikamızla öyünmüşük. İndi isə qol vurmaqda acizik. Siz heç anlayırsız, hər oyunda cəmi 1,126 qol vurmaq nə deməkdi?.. Bu o deməkdi ki, bu ölkədə futbol oynamırlar! Sayası olsaq, komandalarımızın heyətində özünü ulduz sayan onlarla futbolçu ortaya çıxar. Amma fakt faktlığında qalır. Məhz bu fakt qitə və dünya çempionatlarının seçmə mərhələsində qol vurmamaq bəlamızın təsadüf və bəxtsizliklə bağlı olmadığını üzə çıxarır. Belə statistik göstəricilərə məşqçilər və federasiya məmurları da biganə qala bilməz. "Quru çempionat" futbola olan-qalan marağımızı da "dəfn edəcək". İnanın ki, qitə miqyasında bu, sözün əsl mənasında utancverici göstəricidir... Əlac tapmaq lazımdı!!!

Paylaş