Elmir Xankişiyev “Qarabağ”a qələbə qazandırdı (ÇEMPİON, 17.04.2006)

single-news
17 Apr 2006

Elmir Xankişiyev “Qarabağ”a qələbə qazandırdı (ÇEMPİON, 17.04.2006)



Çempionluq uğrunda mübarizə aparan “İnter” bu turda “Qarabağ”ın qonağı oldu. “İnter”in heyətində yeganə sürpriz Elnur Məmmədovun start heyətində meydançaya çıxması idi. Cari mövsümdə ilk dəfədir ki, əsas heyətə düşən Məmmədovun kapitan sarğısını daşıması bu təəccübü artırırdı. Görüşün gərgin və maraqlı keçəcəyi gözlənilsə də, bu baş vermədi. Qarşılaşmada ilk təhlükəli vəziyyətin 37-ci dəqiqədə yaranması dediklərimizə sübutdur. Bu epizodda Qoqa Berayanın zərbəsi çərçivənin üstündən keçdi. Bu anlarda oyun o qədər maraqsız keçirdi ki, azarkeşlər “heç olmasa oyun 1:1 qurtaraydı” deməkdən özlərini saxlaya bilmirdilər. Hətta stadionu tərk edənlər də tapılırdı. İkinci yarıda ilk real qol vəziyyəti 60-cı dəqiqədə yarandı. Vladimir Makovskinin cərimə zərbəsindən vurduğu topu Həsənzadə çətinliklə tutdu. Az sonra Romalın qüvvətli zərbəsi yadda qaldı. 66-cı dəqiqədə isə hesab açıldı. Elmir Xankişiyevin yerinə yetirdiyi cərimə zərbəsindən sonra top heç kimə toxunmayaraq qapıya daxil oldu. “İnter”in yalnız bir dəfə cavab topu vurmaq imkanı oldu. Çernyakın cərimə zərbəsindən vurduğu zərbə zamanı Həsənzadə topu əlindən buraxdı, lakin İdahor real imkandan yararlana bilmədi. Beləliklə, 0:1 hesabı ilə məğlub olan “İnter” çempionluq yolunda ağır zərbə almış oldu. Oleq Smolyaninov (”İnter”in baş məşqçisi): “Rəqibin müdafiəsini yara bilmədik. Əvəzetməyə ehtiyac görmədim. Elmar Baxşıyev isə zədəli olduğundan matçda iştirak etmirdi“. Böyükağa Ağayev (”Qarabağ”ın baş məşqçisi): “Dörd il bu komandada baş məşqçi işlədiyimdən “İnter”i yaxşı tanıyıram. Qələbə qazanmağımız qanunauyğun oldu”.

Paylaş