Elşən Məmmədov: “Olimpik”in futbolçularına yazığım gəldi” ( "Champion" 06.06.08 )

single-news
6 İyn 2008

Elşən Məmmədov: “Olimpik”in futbolçularına yazığım gəldi” ( "Champion" 06.06.08 )



Çempionluğun bir addımlığında olan “Olimpik”ə qalib gələn Ağdam təmsilçisi “İnter”in çempion olmasına şərait yaratdı. “Qarabağ”ın bu uğurunda “İnter”in keçmiş oyunçuları Zaur Həşimov, Ayxan Abbasov və Elşən Məmmədov köhnə komandalarının uğuru üçün çox çalışdılar. Elşən Məmmədovla söhbətimizə də sonuncu oyundan başladıq.
- “Olimpik”lə görüş barədə nə deyə bilərsən?
- Oyunqabağı istər rəhbərlik, istərsə də futbolçular arasında çox müzakirələr gedirdi. Bildiyiniz kimi, çempionluğun taleyi də məhz bizdən asılı idi. “Olimpik” uduzmayacağı təqdirdə, çempion olacaqdı. Düzdür, bizim üçün kimin çempion olması elə bir önəm kəsb etmirdi. Buna baxmayaraq, yersiz söz-söhbətin yaranmasını istəmirdik. Oyun çətin keçdi. Rəqib ilk hissədə yaxşı oynadı. çox qol vəziyyəti yaratsalar da, bunlardan istifadə edə bilmədilər. İlk yarıda qol buraxmadıqdan sonra özümüzə inam yarandı. İkinci yarıda da qol vurub qələbə qazandıq.
- “Olimpik”in liderləri Junivanla Ramimin meydançada olmaması sizə, yəqin ki, kömək etdi...
- Bu, bizim yox, onların problemi idi. Amma sizinlə də razıyam. Onlar olsaydı, vəziyyət bir qədər də çətin ola bilərdi. Onlar sürətli oyunçulardır və qol şanslarından lazımınca istifadə etməyi bacarırlar.
- Qələbə qazanmaq çox çətin oldu. Elə deyilmi?
- Bəli, “Olimpik” sona qədər mübarizə apardı, “vuruşdu”. Bir neçə epizodda bizim bəxtimiz də gətirdi. Açığını desək, bizim bir xala ehtiyacımız var idi ki, 5-ci yeri tutaq. Lakin oyunun sonunda Zaur Həşimovun vurduğu möhtəşəm qol bizə qələbə qazandırdı.
- öz oyunundan razı qaldınmı?
- Mən son yarım saatda meydançada oldum. Qol vura bilməsəm də, əlimdən gələni əsirgəmədim. Sevinirəm ki, qələbədə mənim az da olsa payım oldu.
- “İnter”in sabiq oyunçuları olaraq, sənin, Zaur Həşimov və Ayxan Abbasovun daha yaxşı oynadığını qeyd etmək olar. Bəlkə keçmiş komandanızın çempion olmasında maraqlı idiniz?
- Sözün düzü, bu barədə düşünmürdüm. Mənim işim bacardığımı meydançada nümayiş etdirməkdir. Ancaq oyundan sonra “Olimpik”in futbolçularına baxanda pis oldum. Usim Ndukanın, Yaşar Abuzərovun ağlamağını görəndə rəqibə yazığım gəldi. Açığını desəm, onların yerində olmaq istəməzdim. O ki qaldı “İnter”ə, onlardan zəng edib bizə təşəkkür edənlər çox oldu.
- Bəs “Qarabağ” üçün mövsümü necə dəyərləndirirsən?
- Bizim çox yaxşı komandamız var. Düzdür, biz mükafatçılar sırasına düşmək üçün oynamırdıq. üstəlik, ilk dövrədə qeyri-sabit çıxış etdik. Lakin ikinci dövrədə yaxşı oyun nümayiş etdirdik. Cəmi bir dəfə “İnter”ə məğlub olduq. “Olimpik”, “Xəzər-Lənkəran” və “Neftçi” kimi iddialılar belə bizə qalib gələ bilmədilər. Lakin “Masallı” və “Turan”la oyunlarda yersiz xallar itirdik. İstənilən halda 5-ci pillədən yüksək yer tutmaq mümkün deyildi.
- ümumiyyətlə, “Qarabağ”ın əksər oyunçuları təcrübəli futbolçulardır...
- Məncə, “gəncləşdirmə” siyasəti aparılırsa, əsas heyətdə 5-6 gənc futbolçu oynamalıdır. Düzdür, bizdə cavan oyunçular çoxdur. Lakin onların əksəriyyəti ehtiyatda otururlar. Nə bilim, bəlkə də gələn mövsüm məhz gənclər oynadılar...
- “Qarabağ” müdafiədə yaxşı təsir bağışlasa da, hücum xətti barədə bunu söyləmək olmur. Komandanız cəmi 25 qol vurub ki, bu da 10-cu göstəricidir. Bu nə ilə bağlıdır?
- Əsasən, komandamızın seçdiyi taktiki sxemlə. Bilirsiniz ki, biz əksər oyunlarda bir hücumçu ilə oynayırıq. Daha çox sürətli əks-hücumlarla qol vurmağa çalışırıq. Belə olan halda nə çox qol vəziyyəti yaratmaq, nə də çox qol vurmaq mümkündür. Misal üçün, “Olimpik” də eyni sistemə üstünlük verir. Elə onlar da az qol vururlar. Bizim də az fərqlənməyimizin səbəbini məhz əks-hücumda oynamağımızda axtarmaq lazımdır.
- Elə sənin özün də mövsüm ərzində cəmi iki qol vurmusan…...
- Mən mövsümün əksər hissəsini zədəli olmuşam. “Qarabağ”a çox gec keçdim. İlk üç turda heç 18-likdə də yer almırdım. Bir çox oyunlarda, “ABN-Bərdə”, “Turan”la qarşılaşmalarda çıxış etsəydim, qollarımın sayı daha çox olardı. üstəlik, “İnter”lə ilk kubok oyununda yenidən zədələndim. Bu kimi amillər oyunuma da mənfi təsir etdi.
- Mövsümü sənin üçün itirilmiş saymaq olarmı?
- Bəli. Bu il heç nə edə bilmədim. Cəmi iki qol vurmaq çox azdır.
- ümumiyyətlə, səni daha çox “sönmüş ulduz” kimi xarakterizə edirlər...
- Gələn mövsümdə çalışacağam sübut edim ki, bu, belə deyil. Vurduğum qollarla və nümayiş etdirdiyim oyunla Elşən Məmmədovun hələ “sönmədiyini” göstərəcəyəm.
- “Qarabağ”la müqavilən başa çatır. Klubda qalacaqsanmı?
- Düzünü desəm, rəhbərliklə bu barədə hələ söhbətim olmayıb. Əgər istəsələr qalacağam. Əks təqdirdə, özümə yeni klub axtarmağa məcburam.
- Sənə təkliflər varmı?
- Xeyr, heç bir təklif almamışam.

 

Paylaş

// pop up