ELXAN ABDULLAYEV: "BÖYÜK QÜRUR HİSSİ KEÇİRİRƏM Kİ, "QARABAĞ”IN BAŞ MƏŞQÇİSİYƏM ! "
14 İyl 2005
ELXAN ABDULLAYEV: "BÖYÜK QÜRUR HİSSİ KEÇİRİRƏM Kİ, "QARABAĞ”IN BAŞ MƏŞQÇİSİYƏM ! "
"Qarabağ" Futbol Klubu yeni baş məşqçi ilə artıq hazırlıqlarına başlayıb. Böyük marağı nəzərə alıb, yeni baş məqçinin "Qarabağ" haqda düşüncələrini öyrənib və klubun gələcək perespektivləri haqda fikirlərini diqqətinizə çatdırırıq.
- “Qarabağ” tarıxı olan klubdur. Azərbaycan futbolu dedikdə, “Neftçi”, “Kəpəz”lə (indiki “Gəncə”) yanaşı “Qarabağ” da yada düşür. Bu klublar hələ sovet dönəmində öz sözlərini demişlər. Mən sevinirəm ki, rəhbərliyin sonda seçimi mən oldum. Böyük qürur hissi keçirirəm ki, “Qarabağ”ın baş məşqçisiyəm. Bu vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışacağıam.
- Siz bu təyinatı necə qarşıladınız?
- Bu mənim üçün bir qədər gözlənilməz oldu. Yuxarıda da dediyim kimi, “Qarabağ” prestij klubdur və bu klubun baş məşqçisi təyin olunmaq mənim üçün əhəmiyyətlidir. Mən məşqçiliklə 8 ildir məşğul oluram, lakin cavan olmağıma baxmayaraq, hiss edirəm ki, bu vəzifənin öhdəsindən layiqincə gələcəm.
- Bəs klubdakı işiniz milli komandaya mane olmayacaq ki?
- Heç də yox. Artıq bu barədə rəhbərliklə söhbətim olub. Onlar yığmada işləməyimə narazı deyillər. Bəribaşdan onu da qeyd edim ki, iş planını elə quracağam, hər iki tərəfə lazımi köməklik göstərə bilim.
- Müqaviləsi bitən futbolçular digər klublara keçiblər. Onlarin yerini necə dolduracaqsınız?
- Bizim bir neçə aparıcı futbolçumuzla müqaviləmiz bitdiyindən, onlar digər klublara keçiblər və bunu da təbii qarşılamaq lazımdır.Müqaviləsi olan futbolçularımız isə komanda ilə məşqlərə başlayıblar və gələn mövsümdə də kluba öz köməklərimi göstərəcəklər. Gedən futbolçuların mövqelərinə isə təbii ki başqa futbolçular cəlb edəcəyik. U-19 və U-21 –dən bəzi futbolçuları baxışa dəvət etmişik. Yeni legionerlər də, əlbətdə ki onların səviyyələri öz futbolçularımızdan üstün olduğu təqdirdə, kluba cəlb edəcəyik. Ümumiyyətlə qeyd etmək istəyirəm ki, biz çalışacağıq ki, gənclər klubumuzda üstünlük təşkil etsin. Biz gələcəyin klubunu yaratmaq fikrindəyik.
- Rəhbərlik növbəti çempionatda sizin qarşınıza hansı məqsədlər qoyub?
- Təbii ki, məqsədimiz var. Lakin bu məqsəd bir çoxlarının fikirləşdiyi kimi, hər hansı bir yeri tutmaq üçün mübarizə aparmaq yox, nizam-intizamlı, səviyyəli komanda qurmaqdır. Buna nail olsaq, nəticə əldə etmək o qədər də çətin olmayacaq. Başqa sözlə nəticə dediklərimin əməl olunması ilə əldə olunacaq. Bu dediklərimizə isə cavan və perespektivli futbolçularla nail olmaq istəyirik.
- Sizcə bir il ərzində bunlara nail olmaq olarmı?
- Bir il kifayət qədər böyük zaman kəsiyidir. Bu müddət ərzində çox şeylərə nail olmaq olar. Təki istək və şərait olsun.
Elxan müəllim sizə bu çətin, ancaq şərəfli işdən üzü ağ çıxmaq, “Qarabağ” sevərlərə sevinc bəxş etmək arzulayiriq.