Elxan Abdullayev: “İntizamlı komanda yaratmaq istəyirəm” (ÇEMPİON,15.07.2005)

single-news
15 İyl 2005

Elxan Abdullayev: “İntizamlı komanda yaratmaq istəyirəm” (ÇEMPİON,15.07.2005)



- Hazırlıq nə yerdədir? - Hələlik komandada baxışda olan futbolçuları sınaqdan keçirirəm. Amma oyunçuların hamısı gəlib çıxmayıb. Yalnız fiziki məşqlər keçirik. İndi heç nə aydın deyil. - Baxışda yeni futbolçular varmı? - Açığını desəm, düşərgədə bir neçə yeni oyunçu var. Onların heç biri ilə müqavilə bağlanmayıb. Bu həftənin sonunda kimlərlə anlaşacağımıza aydınlıq gələcək. Son mövsümü hərbi xidmətlə əlaqədar MOİK-də keçirən Hüseyn İsgəndərov və Elçin Cəfərovdan başqa, Fəqan Şahbazov, Rəşad Muradovu da baxışdan keçiririk. Onlardan başqa, “Bakı”dan üç oyunçu, Dmitri Yeremeyev, Dmitri Spirin və Tərlan Mahmudov düşərgəmizdədir. Baxışa gələn futbolçuların sayı get-gedə çoxalır. Amma bayaq dediyim kimi, kimlərlə müqavilə bağlayacağımıza, həftəsonu aydınlıq gələcək. - Bəs “Turan”la anlaşdığı söylənilən Samir Musayevin məsələsi necə olacaq? - Onun “Qarabağ”la müqaviləsi bitməyib. Rəhbərlikdən icazə almamış heç bir kluba gedə bilməz. Bu günlərdə ğeri qayıtmalıdır. - Kluba yeni legionerlər gələcəkmi? - Bizim beş legionerimiz var: Denis Sokolovski, Vladimir Boqaç, Andrey Kolinenko, Mustafa Engin və İvan Karamanov. Əgər ehtiyac olsa, daha bir neçə legioner də gətirəcəyik. - Hazırlıq planı barədə məlumat verərdiniz? - Həftəsonu hansı oyunçularla müqavilə məsələsinə aydınlıq gəldikdən sonra gündə iki dəfə məşqə çıxacağıq. Onu da deyim ki, vaxtımız az olduğundan ölkə xaricində təlim-məşq toplanışı keçirmək fikrimiz yoxdur. Bilirsiniz ki, təxminən bir aydan sonra çempionat başlayır. O vaxtacan isə komandanı komplektləşdirmək lazımdır. - Keçən il “Bakı” ilə eyni vaxtda yığmada da işləyirdiniz. Nəticədə “Bakı”dan ayrılmalı oldunuz. Bu dəfə də eyni aqibəti yaşayacağınızdan qorxmursunuz ki? - O vaxt “Bakı”nın qarşısına çempionluq və kuboku qazanmaq vəzifəsi qoyulmuşdu. Özü də Karlos Alberto Torresin dövründə yığma uzunmüddətli toplanışlar keçdiyindən klubda az olurdum. Ona görə də rəhbərliklə danışıb onlarla yollarımı ayırdım. Hazırda vəziyyət fərqlidir. İndi yığmada bütün toplanışlar qısamüddətli olacaq. Həm də “Qarabağ”ın qarşısında o qədər böyük vəzifə qoyulmayıb. Ona görə də bu dəfə eyni aqibətlə üzləşəcəyimi gözləmirəm. - “Qarabağ”ın builki hədəfi nə olacaq? - Qarşımıza bircə vəzifə qoyulub. Yaxşı, saf, intizamlı bir komanda yaratmaq. Rəhbərlik bizə hər cür şərait yaradıb və biz də bunu doğrultmağa çalışacağıq.

Paylaş

// pop up