ELXAN ABDULLAYEV: "QARABAĞ" YÜKSƏK YERLƏR UĞRUNDA MÜBARİZƏ APARMAYACAQ" (AYNA, 13.07.2005)
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
13 İyl 2005
ELXAN ABDULLAYEV: "QARABAĞ" YÜKSƏK YERLƏR UĞRUNDA MÜBARİZƏ APARMAYACAQ" (AYNA, 13.07.2005)
Mövsümlərarası fasilədə İqor Ponomaryovla yollarını ayıran Ağdamın "Qarabağ"ı bir müddətdi məşqçi axtarışında idi. İstəyinə nail olmayan əyalət klubunun hətta elitanı tərk etmək təhlükəsini yaşayaraq birinci dəstədə mübarizə aparacağı barədə məlumat dolaşırdı. Əsas üzvlərini itirən komandanın güclülər dəstəsində iştirakı son anda məlum oldu. Klub rəsmiləri uzun müddət boş qalmış baş məşqçi postuna Elxan Abdullayevi təyin etməklə problemləri qismən də olsa həll etdi. Eyni zamanda milli komandada köməkçi vəzifəsini icra edən mütəxəssislə əlaqə saxlayaraq bizi maraqlandıran suallara cavab axtardıq.
- Komanda toplamaq üçün hansı işləri görəcəksiniz?
- Komanda əsas üzvlərini itirsə də, heyəti qısa zaman ərzində yenidən yığmağa çalışacağıq. Əsasən də müqaviləsi olan futbolçular və legionerlər yaxın günlərdə təlim-məşq toplanışlara qatılacaqlar. Əsas məqsədimiz heyətdə gənc perspektivli oyunçulara yer verməklə elitada təmsil olunmaqdır.
- Növbəti çempionatda qarşınıza hansı məqsəd qoyulub?
- "Qarabağ" klub olaraq bu mövsüm yüksək yerlərə iddialı olmayacaq. Yalnız elitadakı yerimizi qorumaqla gələcəyin komandasını qurmağı qarşımıza məqsəd qoymuşuq.
- Heyətə cəlb olunacaq yerli futbolçular barədə nə deyə bilərsiniz?
- Komandaya bir neçə yerli futbolçunu qatmaq istəyirəm. Ancaq ortada konkret bir şey olmadığından onların adlarını açıqlaya bilmərəm.
- Klubdakı işiniz milli komandaya mane olmayacaq?
- Heç də yox. Artıq bu barədə rəhbərliklə söhbətim olub. Onlar yığmada işləməyimə narazı deyillər. Bəribaşdan onu da qeyd edim ki, iş planını elə quracağam, hər iki tərəfə lazımi köməklik göstərə bilim.