Elxan Abdullayev “Qarabağ"la vidalaşdı: "MƏN BƏXTSİZ MƏŞQÇİYƏM" (HET-TRIK, 23.12.2005)
23 Dek 2005
Elxan Abdullayev “Qarabağ"la vidalaşdı: "MƏN BƏXTSİZ MƏŞQÇİYƏM" (HET-TRIK, 23.12.2005)
Klublari yeni istefa dalğası bürüyüb. Birinci dövrə bitər-bitməz bəzi komandalar bu istiqamətdə fəal işə başlayıblar. "Siftə" isə dünən "Qarabağ"dan gəldi. Ağdam təmsilçisi Elxan Abdullayevlə yollarını ayırmaq qərarına gəlib. "Qarabağ"ın rəsmi İnternet saytında bu barədə məlumat verilsə də, konkret səbəb açıqlanmır. Maraqlıdır ki, komanda başbilənləri ondan savayı, daha 9 futbolçuyla vidalaşmaq qərarına gəlib.
Dmitri Spirin, Fəqan Şahbazov, Rəşad Muradov, Dmitri Yeremeyev, Tərlan Mahmudov və Eltay Aslanov düşərgədən kənarlaşdırılıb. Yerli futbolçularla yanaşı, legionerlərdən Blajenko Bekovaç, Sergey Kravçenko və Denis Sokolovski də "Qarabağ"ı tərk edənlər arasındadır. Elxan bəy isə gedişinin səbəbini heç özü də bilmir. Dünənki söhbətimiz zamanı çox qəmgin və incik görünürdü. Bunu açıq deməsə də, səsinin tonundan narazılığını hiss etmək çətin deyildi.
- Bu gün rəhbərliklə bir xeyli söhbətimiz oldu. Vəziyyəti dəyərləndirdik, oyunları təhlil etdik. Çox şey barəsində danışdıq və belə qərara gəldik ki, ayrılsaq yaxşıdır.
- Konkret kiminlə danışıq apardız?
- Tahir Gözəllə. Bilirsiz də, o, klubun vitse-prezidenti olaraq qalır.
- Bəs əvvəl deyirdiz ki, prezident Abdulbarı Gözəllə görüşəcəksiz? Nə oldu?
- İşə elə alındı ki, oğluyla görüşmək lazım gəldi.
- Söhbətiniz niyə alınmadı? Bilmək olar?
- Fikirlərimiz üst-üstə düşmədi. Komandanın sabahını hərəmiz müxtəlif cür görürük. Yollarımız tam fərqlidir. Odur ki, mövqelərimiz bir-birini tamamlamadı. Mən Tahir bəyə şərtlərimi dedim, o da özünkünü.
- Siz nə istəyirdiniz, onlar nə?
- Bu klubdaxili məsələdir. Onu çölə çıxarmasaq yaxşıdır. Nə danışdığımız qoy gizlində qalsın.
- Komandadan bu formada ayrılacağınızı gözləyirdizmi?
- Düzünü desəm, yox. Özüm üçün də gözlənilməz oldu. Amma neyləyək, məşqçi həyatıdır, yaşayırıq.
- "Qarabağ"dan incik ayrıldığınızı söyləyə bilərikmi?
- Nə deyim, vallah. Oradakılar yaxşı insanlardır. Yüksək mədəniyyətli, səviyyəli, savadlı insanlardır. Hər halda mən onları belə tanıyıram. Bircə dəfə də işimə qarışmayıblar. Təzyiq görməmişəm. Nə danışılıbsa, onu da ediblər.
- Burada işlədiyiniz dönəmdə dəfələrlə klubdan gedəcəyiniz barədə mətbuatda məlumatlar gedirdi. Amma bircə dəfə də olsun klub rəhbərliyi buna reaksiya vermirdi. Sizcə, bu, "Qarabağ"dan ayrılacağına işlarə deyildimi?
- Sualınıza cavab verməyə çətinlik çəkirəm. Bilmirəm, bəlkə də siz deyəndir. Mənim əlimdə fakt yoxdur. Lakin təbii ki, belə şeyləri mən də oxuyurdum və təəccüblənirdim. Elə götürək sizin qəzeti. Dəfələrlə yazırdız ki, Elxan Abdulayyev gedəcək, filankəs gələcək. Həmçinin o biri qəzetlər. Mənə də qəribə gəlirdi ki, rəhbərlik həmin xəbərlərə niyə münasibətini bildirmir. Axı belə olmaz. Baş məşqçini qorumaq lazımdır. Necə ki, "İnter" və "Turan"da bu cürdür. Niyə demirdilər ki, Konkov gedəcək, Şensoy yola salınacaq. Çünki rəhbərlik buna şərait yaratmırdı. Onlar da bizim kimi məşqçidir də. Demək, hər şey rəhbərliyin özündən asılıdır.
- 6 ay "Qarabağ"ı çalışdırdınız. İşinizdən razı qaldızmı?
- Hə. Bunu tək mən demirəm. Hansı şəraitdə işlədiyimi görənlər də mənim sözü təsdiqləyə bilər. Komandanı götürəndə kollektiv artıq dağılmışdı. Əvvəlki aparıcı oyunçuların böyük əksəriyyəti çıxıb getmişdi. Qalmışdı o birilər. Mən də çempionata az bir vaxt qalmış futbolçu axtarırdım. İstədiyim oyunçuların çoxu digər klublarla müqavilə bağlamışdı. Odur ki, məcburiyyət qarşısında qalıb komanda tapmayanlarla anlaşdıq. Başqa çıxış yolu da yox idi. Belə bir vəziyyətdə "Qarabağ"la işləməyə başladım. Qısa bir vaxtda təlim-məşq toplanışı keçdik. Bununla da müəyyən qədər özümüzə gəldik. Rəhbərlik də ilk vaxtlar qarşıma ciddi məqsədlər qoymamışdı. Sadəcə, iki şeyi istəyirdilər: "Qarabağ" güclülər dəstəsində qalmalı, eyni zamanda mehriban kollektiv yaratmalıydım. Məncə, hər ikisini də bacardım. İkinci dövrə qabaqda olsa da, fikirləşirəm ki, komandanı daha aşağı "yuvarlanmaq" təhlükəsi gözləmir. Birinci dövrədə 15 xal toplamışıq, bu da elitada qalmaq üçün kifayətdir. Demək, əsas təhlükə aradan qalxıb. Qalıb gözəl kollektiv, buna da nail olmuşdum. Özünüz görürdüz də, "Qarabağ" hansı futbolçularla iddialı komandalara qarşı necə vuruşurdu. Hər bir oyuna qələbə dalınca çıxırdıq. Uşaqlar heç kimdən çəkinmirdi. Bir sözlə, nə lazımıydısa, etmişdim.
- Hələ irəlidə kubok mübarizəsi var…
- Hə, doğrudur. Çempionatda medallara iddiamız qalmasa da, kubokda irəli gedə bilərdik. Hər şey öz əlimizdəydi. Dörddə öir finalda "Bakı"nı keçsək, avrokuboklara vəsiqə qazana bilərdik.
- Maraqlıdır, rəhbərlik daha nə istəyirdi?
- Bilmirəm. İştah diş altındadır da. Yəqin, fikirləşiblər ki, bu şəraitlə daha irəli getmək olar. Onların işinə qarışası deyiləm ki? Klub özlərinindi, nə cür istəyirlər, elə də hərəkət edirlər.
- Sizi bəxtsiz məşqçi adlandırsaq, bizdən inciməzsiz ki?
- Nə mənada deyirsiz bu sözü?
- Məsələn, əvvəllər də hansı klublarda işləmisizsə, rəhbərliklə yollarınız mövsüm başa çatmamış ayrılıb. Komanda yaratmısız, formalaşdırmısız, sonra da deyiblər ki, yaxşı yol. Bəlkə düz demirəm?
- Razıyam. Yenə yaxşı ki, siz bunu başa düşürsüz. Neyləyim, mən bəxtsiz məşqçiyəm. Heç yerdə bəxtim gətirmir. Hər dəfə nəsə ortaya problem çıxır. "Bakı"da vəziyyət başqa cür idi. Rəhbərlik bütün oyunlarda qələbə qazanmağımızı istəyirdi. Düzdür, bizə əla şərait yaratmışdılar, münasibətlərimiz də əla idi. Elə indi də. Sadəcə, həmin vaxt iki yerdə işləmək çətin idi. Eyni vaxtda millildə və "Bakı"da - bu, çətin idi. Odur ki, vaxt problemi yaranırdı. Belədə getməli oldum. "Qarabağ"da isə rəhbərliklə fikirlərimiz üst-üstə düşmədi. Bu da olmadısa, deməli, hansısa sonrakı uğurdan danışmağa dəyməz.
- Fikrinizcə, "Qarabağ" rəhbərliyi yerinizə kimi gətirə bilər?
- Özləri bilən məsləhətdir. Mən işlədiyim dövrdə də qəzetlər yazırdı ki, Elbrus Abbasov gələcək. Sonra da Vaşif Sadıqovla Kazbek Tuayevin adı hallanmağa başladı. İndi görək nə olur.
- Xəbəriniz varmı ki, sizdən sonra gətirdiyiniz 9 futbolçunu da komandadan kənarlaşdırıblar?
- Məlumatım var. Bu gün "Qarabağ"ın saytından oxumuşam.
- Nə fikirləşdiz bu barədə?
- Düzü, çox təəccübləndim. Belə olmayaydı gərək. Rəhbərlik gərək bir qədər də gözləmə mövqeyi tutaydı. Ən azı yeni baş məşqçi gələnədək səbr etməliydilər. Peşəkar klublarda belədir. Bəlkə gələcək məşqçi həmin futbolçuları bəyənəcəkdi? Bəlkə Spirin onun xoşuna gələcəkdi? Bəlkə Eltayı heyətdə saxlayacaqdı? Bilmək olmazdı.
- Ola bilərmi ki, onları məhz sizə görə "Qarabağ"dan uzaqlaşdırıblar?
- Belə şeyi iddia etmək çətindir.
- Siz olsaydınız, həmin oyunçulardan kimi heyətdə saxlayardınız?
- Fəqan Şahbazovla Rəşad Muradovu saxlayardım. Hər ikisi gənc və istedadlıdır. Onlara şans verməyi düşünürdüm. Digərləri barədə də pis fikirləşmirdim.
- Kravçenko, Bekovaç və Sokolovskinin transferə çıxarıldığını eşidəndə nə düşündüz?
- Kravçenko və Sokolovski səviyyəli futbolçular idi. Hər ikisi etimadı doğruldurdu. Onların müqaviləsi bitmişdi. Uzatmaq olardı. Hər halda komandaya xeyir verirdilər. Bekovaç da pis deyildi. Sadəcə, son vaxtlar zədədən bir qədər əziyyət çəkirdi.
- Əgər bu cür futbolçuları çıxarıblarsa, deməli, daha səviyyəli legionerlərlə anlaşacaqlar?
- Bəlkə də. Bunu yaxın vaxtlarda görəcəyik.