ELXAN ABDULLAYEV: "RÖVŞƏN ƏHMƏDOV HAKİMLİKDƏN GETMƏLİDİR" (AYNA, 30.08.2005)
30 Avq 2005
ELXAN ABDULLAYEV: "RÖVŞƏN ƏHMƏDOV HAKİMLİKDƏN GETMƏLİDİR" (AYNA, 30.08.2005)
Həftə sonu futbol çempionatımızda üçüncü turun oyunları gerçəkləşib. Turun mərkəzi görüşü Yevlax şəhər stadionunda baş tutub.
Burada ötən mövsümün gümüş və bürünc mükafatçıları - "Xəzər-Lənkəran"la "Karvan" qüvvələr nisbətinə aydınlıq gətirib. Bu matç meydan sahibləri üçün böyük əhəmiyyət daşıyırdı. Çünki "Karvan" çempionatın ilk iki turunda xala həsrət qalmış və turnir cədvəlinin son pillələrində qərarlaşmışdı. Buna görə də Yevlax komandası yarışda aktivinə xal yazdırmağa çalışacaqdı. Oyun gərgin keçib və meydan sahibləri 1:0 hesabı ilə qalib gəliblər. Yeganə qolun müəllifi Yakuba Bamba olub.
Ötən tur öz meydanında "Bakı"ya məğlub olan "Xəzər-Lənkəran"ın baş məşqçisi Rasim Karaya rəhbərlik tərəfindən uğursuzluqdan nəticə çıxarmaq tövsiyə olunduğu bildirilirdi. Lənkəran klubunun növbəti dəfə uduzacağı təqdirdə türk çalışdırıcı ilə yolların ayrıla biləcəyi ehtimalı vardı. Məlumata görə, artıq R.Kara Türkiyəyə yollanıb. Mötəbər mənbə əməkdaşımızla söhbətində bildirib ki, adı çəkilən məşqçi səfərdən əvvəl klub prezidenti Mübariz Mənsimova postundan ayrılmaq niyyətində olduğunu açıqlayıb. Lakin uzun müddət aralarında dostluq münasibətləri olan M.Mənsimov R.Karaya qalıb işləməyi məsləhət görüb. Əgər çalışdırıcı gedərsə, onu təcrübəli mütəxəssis Ağasəlim Mircavadov və ya Kazbek Tuayevin əvəzləyəcəyi söylənilir.
"Şəfa" stadionunda Ağdamın "Qarabağ" klubu çempionatın debütantı Bakının "Olimpik" komandasının qonağı olub. İlk dəqiqələrdən birincilər təşəbbüsü ələ alsalar da, fərqlənə bilməyiblər. "Olimpik" də rəqibinə qarşı müqavimət göstərməklə yanaşı, hücuma keçib. Lakin komandanın oyunçuları daha çox uzaq məsafələrdən zərbələr vurmağa üstünlük veriblər. Epizodlardan birində Tomislav Vişeviçin qapıya ünvanladığı top "Qarabağ"lı qolkiper Vitali Kovalyovu narahat edib. Az sonra Elşən Qəmbərov qeyri-dəqiq zərbə ilə yadda qalıb. Ardından Vüqar Quliyevin baş zərbəsini Ağdam klubunun müdafiəçiləri boş qapıdan çıxarıblar. Birinci hissənin sonlarında "Olimpik" istəyini reallaşdırıb. Cərimə meydançasında top "Qarabağ"lı futbolçunun əlinə dəydiyi üçün mingəçevirli hakim Rövşən Əhmədov dərhal penalti nöqtəsini göstərib. Lakin qarşı tərəfin oyunçuları referiyə kəskin etirazlarını bildiriblər. Bununla belə, Vidadi Rzayev "Olimpik"in milli çempionatdakı tarixi qoluna imza atıb.
Oyun ərzində hakim bir sıra səhvlərə yol verib. Futbolçular çox vaxt kobud oynasalar da, fit sahibi əlini cibinə az atıb. Hətta sarı vərəqə çıxararkən bir dəfə onu yerə salıb. İkinci hissədə Ağdam təmsilçisinin baş məşqçisi Elxan Abdullayevin meydana yeni oyunçular buraxması nəticəsində "Qarabağ" ilk olaraq hesabı bərabərləşdirib. Hissənin əvvəlində üstün oyun nümayiş etdirən qonaqların oyunçusu Denis Sokolovskidən ötürmə alan Müşfiq Hüseynov sərrast zərbə ilə topu tora qovuşdurub. Ardından Şəhruz Mustafayev "Olimpik"i hesabda irəli çıxara bilərdi. Lakin o, imkanı əldən qaçırıb. Tezliklə Vidadi Rzayev fərqlənməyə çox yaxın olsa da, onun qüvvətlə vurduğu topu qolkiper Vitali Kovalyov çətinliklə tirin üstündən aşıra bilib.
Oyunun son dəqiqələrində "Qarabağ" rəqibindən güclü olduğunu sübut edib. "Olimpik"in oyunçusunun kobudluğuna görə bu dəfə Rövşən Əhmədov ağdamlıların lehinə penalti qərarı verib. Denis Sokolovskinin zərbəsi dəqiq alınıb - 2:1. Bununla "Qarabağ" XIV milli çempionatda ilk qələbəsini rəsmiləşdirsə də, "Olimpik" qalibiyyətə hələ də həsrətdir.
Matçdan sonra "Qarabağ"ın əsas çalışdırıcısı Elxan Abdullayev bildirib ki, rəqibin belə müqavimət göstərəcəyini gözləmirmiş: "Oyun çətin keçdi. "Olimpik" debütant olmasına baxmayaraq, pis təsir bağışlamadı. Görüş ərzində müdafiəçilərimiz ciddi səhvlərə yol versələr də, fərəhli haldır ki, çox top buraxmadıq. İkinci hissədə daha yaxşı oyun göstərərək vəziyyəti xeyrimizə dəyişə bildik. Oyunun idarəçiliyinə gəlincə, hakim Rövşən Əhmədov yenə bağışlanmaz nöqsanlara yol verdi. Bir neçə epizodda kobud oyuna görə rəqib futbolçusuna sarı və qırmızı vərəqə göstərmədi. Ümumiyyətlə, adı çəkilən hakim bizim "Turan"la görüşümüzdə də belə səhvlər etmişdi. O, oyun zamanı meydanda düzgün mövqe seçmədiyindən mübarizə gedən yerdən uzaq olur və bu səbəbdən çox xətalar edir. Fikrimcə, Rövşən Əhmədov da hakimlikdən uzaqlaşdırılmalıdır".
Onun "Olimpik"li həmkarı Stepan Çordaş əvvəlcə hesabda irəli olmalarına baxmayaraq, müdafiəçilərin bağışlanmaz səhvinə görə uduzduqlarını deyib: "İlk öncə "Qarabağ"ı təbrik edirəm. Bilirsiniz ki, komandam debütantdır. Bundan başqa, çempionata hazırlığa gec başlamışdıq. Bir xalımız olmasına rəğmən, hələ heç nə itirməmişik. Hesab edirəm ki, tədricən komandamız öz oyununu tapacaq".
Tofiq Bəhramov adına Respublika stadionunda hazırkı çempion "Neftçi" "Göyəzən"i darmadağın edib. Bütün keyfiyyətlərdə rəqibini geridə qoyan "flaqman" Qazax klubunu 6:0 hesabı ilə ağır məğlubiyyətə uğradıb.
"MKT-Araz" - "İnter" qarşılaşması isə gərginliyi ilə yadda qalıb. Qapılara vurulan 4 qol buna sübutdur. Amma maraqlı keçən oyunda qalib müəyyənləşməyib. Matç heç-heçə (2:2) başa çatıb.
Bazar günü Respublika stadionunda keçirilən "Bakı" - "Şahdağ-Samur" matçında gözlənilməz nəticə qeydə alınıb. Birinci hissədə meydan sahibləri daha yaxşı təsir bağışlayıblar. Andre Ladaqa, Leandro Qomeş və Vadim Vasilyev real imkanlardan faydalana bilməyiblər. Qonaqlardan Kamran Əlibabayevin vurduğu top qapı dirəyinə dəyib. İkinci hissəyə "Şahdağ-Samur" hücumla başlayıb və bu, bəhrəsini verib. Müdafiədəki boşluqdan istifadə edən Həbib Ağayev cərimə meydançasına daxil olaraq hesabı açıb. Nəticəni sona qədər qoruyan qusarlılar bu arenada bakılıların 1 ildən çox sürən məğlubiyyətsizlik seriyasına son qoyublar.
"Turan" MOİK-ə böyük hesabla (5:1) qalib gələrək vahid liderə çevrilib. Sumqayıtda "Gənclərbirliyi" - "Gəncə" matçı maraqlı keçib. Oyun heç-heçə nəticələnib - 2:2.