Emin “Bakı”nı “Ankaragücü”dən üstün tutdu (ÇEMPİON, 17.06.2005)

single-news
17 İyn 2005

Emin “Bakı”nı “Ankaragücü”dən üstün tutdu (ÇEMPİON, 17.06.2005)



Ötən saylarımızın birində “Qarabağ”ın yarımmüdafiəçisi Emin İmaməliyevin Türkiyənin “Ankaragücü” klubuna keçə biləcəyi ilə bağlı xəbər dərc edilmişdi. Onda futbolçu özü bu məsələyə bir neçə gündən sonra aydınlıq gələcəyini açıqlamışdı. Bu bir neçə gün keçdi və biz də öz növbəmizdə keçidin baş tutub-tutmadığını dəqiqləşdirmək üçün futbolçu ilə əlaqə saxladıq. Emin isə Türkiyəyə getməkdən imtina etdiyini bildirdi: “İki gün öncə “Ankaragücü” rəsmiləri zəng vurub, baxışa çağırdılar. Amma özüm oraya yollanmaqdan imtina etdim. Gücümü ölkədə sınamaq istəyirəm”. Yığmamızın yarımmüdafiəçisi ilə bir neçə yerli klub da maraqlanır. Lakin İmaməliyev hələ də hansı kluba keçəcəyini dəqiqləşdirmədiyini bildirdi: “Təxminən 2 həftə öncə “Gəncə” klubunun rəsmiləri zəng vurmuşdular. Onlara müqavilə şərtlərimi açıqladım. Ancaq görünür, bu onları qane etməyib. Belə ki, o vaxtdan daha əlaqə saxlamayıblar”. Buna baxmayaraq, Emin həftəsonuna qədər Bakı klublarından biri ilə anlaşacağını da bildirdi. Futbolçu klubun adını əvvəlcə gizli saxlasa da, sonda ondan bir neçə kəlmə qopara bildik: “Bu, “Bakı” klubudur. Ancaq müqavilə bağlamamışam və ona görə də nəsə demək düzgün olmazdı. Buna baxmayaraq, həftəsonuna qədər transferə aydınlıq gələcək”.

Paylaş